Universal poçt rabitəsi xidmətləri üzrə tariflər DƏYİŞDİ

14 Yanvar 2022 13:04 (UTC+04:00)

Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib Şuradan SİA-ya verilən məlumata görə, Tarif (qiymət) Şurasının 13 yanvar 2022-ci il tarixində keçirilən növbəti iclasında aidiyyəti qurumların müraciətlərinə baxılmış və müvafiq qərarlar qəbul edilmişdir.

Belə ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Şuraya müraciət edərək universal poçt rabitəsi xidmətləri üzrə mövcud tariflərin 2011-ci ilin yanvar ayında təsdiq edildiyini, tariflərin təsdiqindən ötən müddət ərzində “Azərpoçt” MMC-nin ümumi istismar xərclərinin, о cümlədən poçtun daşınma xərclərinin (yanacağın qiymətinin, beynəlxalq daşımalarda valyuta ilə ödənilən xərclərin) artması nəticəsində xidmətlərin maya dəyərinin yüksəldiyini və fəaliyyətin iqtisadi baxımdan səmərəsiz olduğunu bildirmişdir. Müraciətdə həmçinin, qeyd edilir ki, universal poçt rabitəsi xidmətləri üzrə yaranan zərərin bağlanması, göndərişlərin çəki və formatının Ümumdünya Poçt İttifaqının tələblərinə uyğunlaşdırılması, xidmət səviyyəsinin yüksəldilməsi üçün tariflərin artırılmasına zərurət yaranmışdır.

Təklif olunan tariflər digər poçt operatorlarının tarifi ilə müqayisədə aşağı olmaqla yanaşı, xidmətlə bağlı xərcləri qarşılayacaqdır.

İclasda universal poçt rabitəsi xidmətləri üzrə təkliflər məqsədəuyğun hesab edilmiş və müvafiq qərar qəbul olunmuşdur.

Tarif (qiymət) Şurası üzvlərinin yekdil qərarı ilə universal poçt rabitəsi xidmətindən istifadə tarifləri təsdiq edilmişdir.

Universal poçt rabitəsi xidmətləri üzrə əvvəlki və yeni tariflərin müqayisəli cədvəli ilə (əlavə olunur) tanış olmaq olar.