Gələcəyi rəqəmsal texnologiyalar idarə edəcək - TƏHSİL EKSPERTİ AÇIQLADI

13 Yanvar 2022 16:36 (UTC+04:00)

"Gələcəkdəki peşələrlə bağlı bir çox proqnozlar var. Gələcəyi rəqəmsal texnologiyalar idarə edəcək". Bunu SİA-ya açıqlamasında təhsil eksperti Asif Cahangirov deyib.

Ekspert qeyd edib ki, buna görə də alimlərin proqnozlarına əsasən robotlar sahəsində çalışacaq mütəxəssislərə çox ciddi ehtiyac olacağını demək olar. İnsanların və heyvanların kiber orqanizmlərin layihələndirilməsi və istehsalı üzrə mütəxəssislərə yəqin ki, ehtiyacı olacaq. 3D formatında ərzaq məhsullarının istehsalı sahəsində mürəxəssislərə ehtiyac olacaq. Sözsüz ki, nə qədər robot texnologiyası inkişaf etsə, insan amili həmişə qalacaq və öz mövcudluğunu saxlayacaq. Robotizasiya nə qədər güclü inkişaf etsə də, insanların öz həyatını qurması, öz həyatını idarə etməsi, cəmiyyətdə fəaliyyəti həmişə aktual məsələ kimi qalacaq.

Asif Cahangirov bu barədə fikirlərini belə izah edib: "Bu mənada biz əgər məktəbdən danışsaq, hər bir fərdi inkişaf proyektoriyalarının düzgün müəyyənləşdirilməsi sahəsində mütəxəssislərə ehtiyac olacaq. Bəlkə də, fənn müəllimlərinə ehtiyac olmayacaq, amma ümumiiyyətlə, moderator müəllimlərə istiqamət verən, məsləhət verməyə qadir olan müəllimlərə böyük ehtiyac olacaq.

Koqnitiv səriştələrin inkişafı üzrə bu robot texnologiyaları, rəqəmsal texnologiyalar mühitində mütəxəssislərə ehtiyac olacaq. Hər bir insanın istedadının üzə çıxarılması və inkişafı sahəsində ekspertlərə ehtiyac olacaq. Eyni zamanda kənd təsərrüfatında aqrokibernetiklərə ehtiyac olacaq. Ekologiya sahəsində mütəxəssislərə ehtiyac olacaq. Həkimlərin, şübhəsiz ki, fəaliyyəti dəyişəcək. Bununla belə dəqiq diaqnostikanı idarə edən, çünki mən düşünürəm ki, diaqnostikanı robotlar dəqiq müəyyən etməyə qadir olacaqlar. Amma bunun üçün kompüterə dəqiq məlumat daxil olmalıdır. Bunun üçün də insan olmalıdır ki, xəstəni dinləsin, onun bütün problemlərini ortaya çıxara bilsin. Hazırda implantlar sahəsində istər insan, istərsə də heyvanlar üçün implantların hazırlanmasında tibbi mühəndislərə, sözsüz ki, ehtiyac olacaq. Həmçinin mühəndis genetiklərə böyük ehtiyac olacaq.

Ümumiyyətlə, bugünkü ixtisasların çoxuna heç bir ehtiyac qalmayacaq. Onların hamısını robot texnologiyaları əvəz edəcək. İnsan faktoru bu robot texnologiyalarından məhsuldar, səmərəli istifadəyə yönəliş tələb edəcək ona görə də, mütəxəssis bu sahələr üzrə hazırlanacaq. İnsanın bu rəqəmsal və robotlar mühitində səmərəli fəaliyyət göstərməsi üçün onun səriştəliliyini inkişaf etdirən mütəxəssislərə sözsüz ki, ehtiyac olacaq".