Azərbaycanda quş qripi yayılıb? - DİQQƏT! - HƏKİM AÇIQLADI

13 Yanvar 2022 11:06 (UTC+04:00)

"Quş qripi müxtəlif növ quşların və heyvanların kəskin gedişli kontagöz xəstəliyidir. Xəstəlik resperator orqanları və mədə-bağırsaq sistemini zədələyir. Eləcə də quşlar arasında yüksək tələfata səbəb olur". Bu sözləri SİA-ya açıqlamasında həkim infeksionist Xatirə Əliyeva deyib.

Onun sözlərinə görə, bu virus RNT tərkibli mutagen virusdur və müxtəlif serotipləri var: "Serotiplər yüksək və aşağı patogenli olmaqla iki yerə bölünür. Yüksək patogenli H5 N1 virusu həm quşlar, həm də insanlar üçün təhlükəlidir. Bu virusa insan və heyvanlar hava, yəni, aerogen və ya alimentar yolla yoluxur".

Həkim sözlərinə belə davam edib: "Qripin bu növü quşlar arasında daha çox yayılmışdır və ilk dəfə 100 il əvvəl İtaliyada qeydə alınıb. Xəstəliyin 135 növü, 46 variantı var. İnsanlara yoluxan quş qripi virusu bu H5 N1 adı altında 1997-ci ildən yer kürəsinin bir çox ölkələrində insan ölümünə səbəb olmuşdur. Xəstəlik quşlardan insana keçməklə yanaşı insandan insana da keçə bilər. Virusun yayılmasının qarşısını heç cürə almaq mümkün olmur, günü-gündən artır".

"Quş qripinin inkubasiya dövrü 2-3 gündür. Xəstəlik əsasən kəskin əlamətlərlə başlayır. Xəstədə yüksək qızdırma, əzələ ağrıları, zökəm əlamətləri, kataral əlamətlər özünü göstərir. Xəstənin ilk anda boğazında ağrı olur, udqunma aktı çətinləşir. Əlli faiz xəstələrdə diareya, ponos da müşahidə olunur. Xəstələrdə quru öskürək, səsdə xırıltılar, aşağı arterial təzyiq, dəridə göyərmələr sianoz, baş ağrıları, ürəkbulanma, qusma əlamətləri də meydana çıxır".

"Quş qripi zamanı xəstələrdə bir sıra ağırlaşmalar meydana çıxır. İlk öncə böyrəklərin zədələnməsi, qaraciyərin zədələnməsi, hemorragik sindromlar, pnevmaniya, stress sindromları müşahidə olunur. Xəstəliyin əsasən gedişi bədxassəli olur".

"Yüksək patogenli quş qripi bir çox ev və vəhşi quş növləri arasında toyuq, ördək, hinduşka, çöl ördəyi, qırqovul, kəklik qeydə alındığı üçün xəstə quşların sənaye və ev şəraitində kəsimi, eləcə də vəhşi quşların ovlanması zamanı insanların bu virusa yoluxma təhlükəsi böyük olur".

"Quş qripinin yayılmasında təhlükəli mənbələrdən biri də su hesab olunur. Belə ki, xəstə quşların ifrazatı ilə çirklənmiş suyun Ph göstəricisi temperaturu və duzluluq dərəcəsindən asılı olaraq quş qripi virusları suda 10 günə qədər sağ qalır ki, bu da su ilə suvarma quşların yoluxması ilə nəticələnir".

"Ölkəmizdə yüksək patogen quş qripi xəstəliyindən qorunmaq məqsədilə mütəmadi olaraq aidiyyəti qurumlar tərəfindən monitorinqlər aparılır. Epizodik sabitliyin təmin olunması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Monitorinqlər zamanı çöl quşlarından götürülmüş patoloji materiallar və ev quşlarından alınan diaqnostik nümunələr mərkəzi baytarlıq laboratoriyasında beynəlxalq standartlara uyğun metodlarla müayinə olunur. Bununla yanaşı quş qripi xəstəliyindən qorunmaq üçün profilaktik məqsədlə bir sıra zəruri tələblərə əməl edilməlidir".

"Bu tələblərdən birincisi vəhşi köçəri quşların miqrasiyası dövründə fərdi quşçuluq təsərrüfatlarında quşların qapalı şəraitdə saxlanması təmin olunmalıdır. İkincisi ölmüş çöl və ev quşlarına toxunmadan dərhal aidiyyəti qurumlara xəbər vermək lazımdır. Üçüncü, quşlarla təmas zamanı qulluq edənləri nəzərdə tuturuq. Sanitariya-gigiyena qaydalarına əməl edilməli, dördüncü, quşlar nəqliyyat vasitələrinə açıq şəkildə və müşayiət edici baytarlıq sənədləri olmadan daşınmamalıdır və sonuncu olaraq quşçuluq təsərrüfatlarına bu xəstəliyə görə şübhəli təsərrüfatlardan quş, yem və digər ləvazimatlar gətirilməməlidir".

"Beynəlxalq tələblərə görə quş qripinin yüksək aşağı patogenli tipləri ilə yoluxma aşkar edildiyi halda bütün quşlar tələf edilməlidir. Qida təhlükəsizliyi tədbirləri çərçivəsində isə diri quş, quş əti, quşçuluq məhsulları və yemlərin idxalı zamanı ixracatlı ölkənin quş qripi xəstəliyinə görə sağlamlıq statusu nəzərə alınmaqla zəruri qabaqlayıcı tədbirlər görülməlidir".

Ayşən Vəli