Hibrid avtomobillərə tələbatın artmasının SİRLİ TƏRƏFLƏRİ NƏDİR? - EKSPERT AYDINLIQ GƏTİRDİ

12 Yanvar 2022 16:35 (UTC+04:00)

"Hibrid avtomobillər artıq ətraf mühitin qorunması üçün bir vasitə kimi tətbiq edilir. Bunlar elektromobillərə keçidin bir mərhələsidir. Birinci növbədə tam elektrik mühərriki yaratmaq çətin idi. O zaman benzin və elektrikin qarışığından bir avtomobil növü yaratdılar. Bu hibrid avtomobili adlandı". Bunu SİA-ya açıqlamasında yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı deyib.

Ekspert qeyd edib ki, bu gün artıq dünyada belə tip avtomobillər geniş yayılır. Azərbaycanda da artıq kütləvi şəkildə hibrid avtomobilə keçid mərhələsi başlayıb. 2 ildən çoxdur ki, belə avtomobillər alınır və istifadə olunur. Düzdür, çox təəssüflə qeyd etməliyəm ki, daha çox köhnə 2010-cu ildən əvvəlki illərə aid hibrid avtomobillər alınır. Bu da insanların imkanları ilə bağlı olan məsələdir. Daha çox da bu avtomobillər taksi xidmətinə yönəlir. Bunlar ola bilsin gələcəkdə mənfi təsirlər göstərə bilər. Çünki köhnədirlər və istismar dövrləri keçib. Bunun da müəyyən fəsadları ortaya çıxır. Çünki hansı ölkədən gətirildiyi və s. məsələlər önəm daşımalıdır.

Bu barədə Elməddin Muradlı fikirlərini belə izah edib: "Mən düşünürəm ki, artıq bu ildən dövlət tərəfindən verilən qərarlar yeni hibrid avtomobilərə keçidi daha da sürətləndirəcək. Çünki bu ildən hibrid avtomobillər əlavə dəyər vergisindən azad olunub. Bu da yeni hibrid avtomobillərdə 5-10 min manatədək fərq deməkdir. Bu olduqca böyük göstəricidir. Düşünürəm ki, artıq bu ildən insanlarımız imkan tapıb yeni hibrid avtomobillərə keçəcəklər. Yeni hibrid avtomobillər ekoloji baxımdan daha təmizdir, daha komfortludur və təhlükəsizlik elementləri daha çoxdur. Bu anlamda hibrid avtomobillərin üstünlüyünü insanlar görmüş olacaqlar. Hibrid insanların cibinə, büdcəsinə ən az 50 faiz qənaət deməkdir. Hibrid avtomobil bir müddətdən sonra elektromobillə əvəzlənəcək. İnsanlar tam elekrikli mühərrikin ləzzətini tam hiss edəcəklər. İndi isə mən görürəm ki, çoxları hələ ki risk edib elektromobilə keçə bilmir. Bunun da səbəbi müəyyən məslələrlə bağlıdır. Onlardan biri də elektromobillər üçün hazırda ölkəmizdə yaxşı şəraitin yaradılmamasıdır. Elektrik doldurma məntəqələri yoxdur. Onlar üçün usta servis, ehtiyyat hissələri kimi xidmətlər yoxdur. Ancaq hibridlərə maraq var və bu da ildən ilə artmaqdadır".