Putin düyməni basdı...

12 Yanvar 2022 14:48 (UTC+04:00)

Kremlin çekist rəhbəri 2022-ci ilə möhkəm hədə-qorxu ilə başladı. Keçən ilin son dekabr günlərində necə demişdisə, eləcə də başladı təzə ilə. Dəqiq yadımdadır, Vladimir Putin NATO və qərbdəkiləri “ağıllı olmağa”, əks təqdirdə yeni ildə Ukraynaya görə onları möhkəm cəzalandıracağı ilə hədələmişdi. Ukraynanı göstərib Qazaxıstandan başladı. Arada Nursultan Abışoviçin heykəlləri yerlə-yeksan oldu...

İndi siyasətdən anlayışı olan da, olmayan da, yas yerlərindəki boş-bekar mollalar da eninə-boyuna V.Putinin Qazaxıstana “təşrif” buyurmasını, Qazaxıstandakı qiyamı müzakirə edirlər. Hələ mən getdikcə göbələk kimi artan “politoloqların” beş-üç manat verib ara saytlarında öz “ağıl məhsullarını” reklam etmələrini demirəm. Guya V.Putin Qazaxıstana qəfildən hücum edib, guya hansısa qərb qüvvələri Qazaxıstanda iğtişaşlar yaratmaqla “narıncı inqilab” hazırlayıbmışlar. Məgər Qazaxıstanda Corc Sorosun “uşaqları” bardaş qurub oturmuşdu?
Xeyr, Kremlin 30 illik sədaqətli dostu N.Nazarbayev və onun da iki-üç ildir öz yerinə təyin etdiyi Tokayev V.Putinin sözündən çıxacaq, Moskvanın maraqlarına zidd gedəcək biriləri deyildilər. Əks halda, bunun dəhşətli aqibətini hazırda ölüsü-dirisi bilinməyən qoca N.Nazarbayev hamıdan yaxşı bilirdi. Etirazçılar da xarici KİV-lərə açıqlamalarında deyirlər ki, qəflətən etirazın içinə əli silahlılar daxil olub və hökumət binalarına hücum ediblər, binaları oda veriblər. Bu, necə ola bilər? C.Sorosçular bir anda necə peyda ola bilərlər Almatıda? Ya da neçə müddət əvvəl təxribatçılar necə gözdən yayınıb giriblər qazax torpaqlarına? -müəmmalı məsələlərdir.
Baxın, artıq bütün Rusiya telekanallarında SSRİ-nin süqutunun 30 illiyi barədə verilişlər hazırlanır, üstəgəl hava haqqında proqnozda SSRİ dövründəki on beş respublikanın ab-havası barədə sujetlər yayır. V.Putinin duzsuz, daha çox hədə dolu “propaqandasına” ayna tutan Moskva televiziyaları bu cür addımı Kremldən gələn təlimat olmadan edə bilməzlər. Burası belədir. Moskva artıq rus çəkməsinin hər kəsi tapdaq edəcəyi ilə hədələyir. Hazırda MDB ərazisində V.Putinin “dobro”su olmadan heç kim heç kimə sillə belə vura bilməz. Bunu isbatlamağa misal axtarmaq artıq əsl siyasi axmaqlıq olar. İsbatlamağa ehtiyac yoxdur, boylan cənab Putinə bax...
Az qala bazarlarında belə Kremlin “göz və qulaqlarının” mövcud olduğu keçmiş sovet ərazilərində Kremlin xəbəri olmadan heç nə baş vermir. Hə, o başqa məsələ ki, V.Putinin ilk hakimiyyət illərində, hələ özünü tam formalaşdırmadığı illərdə Ukraynadakı Maydan şousunu çıxmaq şərti ilə. Onun da aqibəti göz qabağındadır: parçalanan, xaos və iqtisadi böhran içində çabalayan Ukrayna göz qabağındadır...

Bir çoxları V.Putinin təhdidlərini ənənəvi siyasi şou və gözə kül üfürmək kimi dəyərləndirdilər. Amma bir məsələni unutdular ki, artıq Moskvanın zarafat edəcək, ya da görüntü xatirinə “boş güllə” atacaq vaxtı deyil. Rusiya artıq keçmiş sovet sərhədlərində de yure yeni ittifaq yaratmaqa girişib və bunu heç gizlətmir də.
Daima ikili yanaşmalarla ad çıxaran qərb diplomatiyası bu gün Kreml sahibinin qarşısında acizdir. Uzaqbaşı hədələyici nağıla bənzər bəyanatlar səsləndirmək, daha sonra gedib öz yuvasına girmək, vəssalam. Bədbəxt Ukraynanın taleyi qərbin öz sözünə və xislətinə olan münasibətinin “siyasi pasportudur”.

Artıq yaxın günlərdə KTMT ordusu Qazaxıstandan çıxacaq. Artıq bu dəqiqdir. Bir çoxları Moskvanın bu addımını qərbdən çəkinərək atdığını deyirlər. Guya V.Putin qərblə açıq müharibə mərhələsinə girməmək üçün bunu atır. Onsuz da Qazaxıstan və Orta Asiya respublikaları tamamilə Moskvanın nəzarəti altındadır, KTMT ordusu burda qalsa nə mənası var?. Moskva həm də bütün qərbə, anidən istənilən addımı ata biləcəyinin anonsunu verdi. Qərbdə V.Putindən "üyüdənlərin" sayı daha da çoxaldı bu addımla.
Bəs V.Putin KTMT-nin ordusunu Qazaxıstana yeritməklə nəyə nail oldu, hansı ismarıcları verdi?-müəmmalar və qaranlıq qalan həqiqətlər. Görünən tək həqiqət odur ki, “Qazax əməliyyatından” qazanan tək V.Putinin özüdür, başqa heç kim. V.Putin kimi cəzalandırdı? Türkdilli ölkələrə meyil edən və yaxud Qazaxıstanda rus dilini ikinci dövlət dili statusundan məhrum edən N.Nazarbayevimi?.
Yoxsa Moskva bu Orta Asiya nəhəngində ikinci rus dövlətimi yaratmağa çalışır, burada da yeni Qarabağ, yeni Osetiya, yeni Donetsk yaratmağa qərar verib? - hər şeyi zaman göstərəcək. Amma görünən odur ki, V.Putin düyməni basıb. Planı nədir, - yəqin yaxın aylarda zaman göstərəcək hər şeyi.

Mətləb Salahov