MEDİA-mız son 1 ildə: problemlər, nəticələr, gözləntilər - ANALİZ

12 Yanvar 2022 14:27 (UTC+04:00)

Məlum olduğu kimi, 2021-ci ilin ilin yanvarında Prezident İlham Əliyevin fərmanı ilə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” (MEDİA) publik hüquqi şəxs yaradıldı. Bu gün MEDİA-nın 1 yaşı tamam olur. Keçən 1 ildə agentlik bu sahədə hansı işlər görüb, çox sayda problemlərin müşahidə olunduğu, informasiya çirkliliyinin geniş yayıldığı bir məkanda MEDİA-nın bundan sonrakı fəaliyyəti nədən ibarət ola bilər və Azərbaycan mediasının inkişafına hansı töhfələr verə bilər? Media haqda qanunun qəbulu nə vəd edir və media sahəsində hansı islahatlara ehtiyac var? Yazımızda bu məsələləri təhlil etməyə çalışacağıq.

MEDİA mediada nəyi və niyə dəyişmək istəyir?

Bu suala cavab vermək üçün əvvəlcə media sahəsindəki mövcud vəziyyəti və həll olunması vacib problemləri nəzərdən keçirməliyik. Onlar aşağıdakılardır;

- Hazırda medianın vəziyyətinin ürəkaçan olmaması, illərlə hökm sürmüş fəaliyyət prinsiplərinin artıq özünü doğrultmadığı və media sahəsində islahatlara ehtiyac olması;

- Medianın fəaliyyətinin şəffaflaşdırılmasına, azad rəqabət mühiti və reklam bazarının inkişafı üçün addımlar atılmasına, mediada hökm sürən mənfi tendensiyanın aradan qaldırılmasına ehtiyac olması;

- Azərbaycan mediasının xaotik vəziyyətdən strateji inkişaf yoluna qədəm qoyması üçün bu sahədə düşünülmüş, dərin islahatların aparılmasının labüdlüyü;

- Müasir, qabaqcıl fəaliyyət prinsiplərinə söykənən, güclü, siyasiləşməmiş, “hər şeyi bir rəngdə görməyən”, peşəkar, qərəzsiz medianın formalaşmasın vacibliyi;

- Medianın fəaliyyətini tənzimləyən yeni qanunun qəbulu və bu qanunun tələblərinin tətbiq edilməsi sahəsində işlər aparılmasına ehtiyacın olması;

- Media subyektlərinin vahid uçot-qeydiyyat sisteminin olmamasının jurnalistlərin fəaliyyətində yaratdığı çətinliklərin həll edilməsi, həmçinin bir çox ölkələrdə tətbiq olunan jurnalistlər üçün vahid vəsiqələrin tətbiqi, belə vəsiqə əldə etmiş jurnalistlərin peşəkarlığını artırmaq və onların sosial müdafiəsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi.

MEDİA bu məsələləri həll edə bilsə, Azərbaycanda sağlam media formalaşa bilər. Agentlik bu istiqamətdə çaışır, artıq keçən 1 ildə bəzi məsələlər həll olunub, lakin hələ həll olunası çox problemlər var və agentlik bunun öhdəsindən gəlmək əzmindədir.

Hazırda mediamızdakı vəziyyəti və mövcud tendensiyaları nəzərdən keçirməklə nəyin necə dəyişməli olduğunu görə bilərik.

Media nəyə deyilir?

İnternetin inkişafı media sistemini, formatını, peşə qayda və prinsiplərini tamam dəyişib. Elektron media sürətlə print medianı sıradan çıxarır. Azərbaycanda yazılı mətbuat yalnız dövlət dəstəyi ilə ayaqda qalır.

İnternet medianın, sosial şəbəkələrdə media kimi fəaliyyət göstərən şəxslərin “xidmətləri” sayəsində təkcə medianın formatı deyil, peşəkarlığı, obyektivliyi və etikası da dəyişir. Bu da cəmiyyət üçün təhlükəli tendensiyadır. Hamının əlində kamerası olan smartfon ola bilər. Amma hamı jurnalist ola bilməz və olmamalıdır. Hər kəs öz işi ilə məşğul olmalıdır. Çünki beş-on oxucu sayı və müvafiq olaraq beş-on manat qazanmaq üçün əhalini aldatmaq, yalan, şantaj, təxribat xarakterli məlumatlar yaymaq həm cəmiyyət, həm də dövlət üçün təhlükəlidir.

Bu məkanda, əksəriyyəti diletantlar, reketlər, dələduzlardan ibarət olmaqla minlərlə şəxs sayt, sosial şəbəkə profili açaraq xəbər yayır. İnternet mediada hər cür provakativ, reklam və təbliğat xarakterli məlumatlar, saxta və dezinformasiya materiallarını yaymaq asan olur. Bundan başqa, söyüş, təhqir, şantaj imkanları genişdir. Hətta ümummilli və dövlət əhəmiyyətli proseslərdə təxribatlar da törətmək mümkündür. Son dövrlərdə belə cəhdlərə çox şahid olmuşuq.

Bir çox saytların da peşəkarlığı çox aşağı səviyyədə, maddi texniki baza zəif, əhatə dairəsi və müxbir postları şəbəkəsi yox, dünya informasiya məkanına çıxış gücü sıfır vəziyyətdə, heç bir etika, ədəb, mənəvi norma yox kimi. Təbii ki, azsaylı istisnalarla. Çoxu 1-2 nəfərdən ibarətdir, o da sayt adminləri. Üstəlik, bu adminlərin çoxu jurnalist deyil, nə ədəbi dil və rəsmi dil qaydarından, nə peşə etikasından, nə də yazı üslublarından və janrlardan xəbərləri var.

Belə saytlardan bəziləri yalançı və şişirdilmiş başlıqlarla xeyli oxucu cəlb edə bilir, yəni, hətta bəzi hallarda girişləri ciddi mediadan çoxdur. Lakin bu onların media olduğunu göstərmir. Mediada əsas meyar oxunma sayı deyil, tamam başqa prinsiplərdir. Ümumiyyətlə, saxta “şok” başlıqla 100 min nəfəri aldadıb sayta daxil olmasını təmin edən hər hansı bir saytda ciddi media orqanını müqayisə etmək belə olmaz, baxmayaraq ki, oxucu sayında 10 dəfə fərq var. Bunları sadəcə sayt adlandırmaq və mediaya heç bir aidiyyatının olmadığını bimək vacibdir. Giriş sayına qalsa, elə xidmət və ya satış saytları var ki milyonlarla girişi var, amma bunlar media deyil.

Bəzi ciddi xəbər portallarında da vəziyyət qənaətbəxş deyil. Yaydıqlarının 90 faizi hazır rəsmi məlumatlar, əməkdaşların telefonla kimisə danışdırdığı, tədbirlərdən göndərdiyi “o dedi, bu dedi” qəbilindən “eksklüziv” xəbərlərdır. Yaradıcılıq, xəbər axtarışı, problemi tapıb ortaya qoymaq, reportaj hazırlamaq, analiz etmək və araşdırmaq payı çox azdır.

Göründüyü kimi, bu istiqamətdə ciddi islahatlara, tənzimləmələrə ehtiyac yaranmışdı. Ona görə də, MEDİA-nın və yeni qəbul olunmuş Media haqda Qanunun məqsədi də, bu platformadan düzgün və cəmiyyət üçün faydalı olacaq tərzdə istifadə olunmasını təmin etməkdir.

“Reket” mətbuatla nə etməli?

Medianın əsas problemlərindən biri də, bəzi işbazların qəzet, sayt açaraq rüşvət yığmaqla məşğul olmasıdır. Uzun illərdir mətbuatda belə əməllər var və azalmaq əvəzinə də artır. Bəzi qeydiyyatdan keçmiş, lakin çap edilməyən, ya da ildə 1-2 dəfə 100 tirajla çap edilən “reket” “qəzet”lərin “baş redaktor”ları saga-sola vəsiqə paylamaqla məşğuldur.

Bəzi məlumatlara görə, Azərbaycanda 50 min nəfərdən artıq vətəndaş cibində jurnalist vəsiqəsi gəzdirir, real jurnalistika ilə məşğul olanların sayı isə heç 5 min nəfər də deyil. Bunların sayəsində jurnalist imici artıq tamam fərqli şəkildə formalaşır və cəmiyyətdə bu rəyi dəyişmək getdikcə daha da çətinləşir.

Əvvəllər bunu qəzetlər vasitəsilə edirdilər, son illərdə internet mediaya girişiblər, çünki burada daha böyük imkanlar var. Elektron medianın inkişafı özünün müsbət tərəfləri ilə yanaşı mənfi tərəflərini də mətbuata sirayət etdirdi. İnternet mediada hər hansı materialın qısa müddətdə yayılması üçün hər cür imkanlar var. Əksəriyyəti diletantlar, reketlər, dələduzlardan ibarət olmaqla xeyli şəxs bir neçə yüz manat xərc qoyaraq sayt açıb ağzına gələni yazmağa başlayır.

Bu “reket” adlandırılan şantajçı saytlar, qəzetlərlə bağlı ciddi qanuni tədbir görülməlidir. Bunlar həqiqi jurnalistikanı da gözdən salır. Çünki açıq şantajla məşğul olur, insanları ləkələyir, rüşvət alır və hər cür hoqqalardan çıxır. Adı da olur mətbuat azadlığıdır.

Azadlıq anarxiya demək deyil. Dövlət vətəndaşların şərəf və ləyaqətini qorumağa borcludur. Belə saytların bir çoxu milli və dövlət təhlükəsizliyinə də təhlükə yaradırlar. Cəbhədə döyüşlər başlayanda şahidi olduq, dezinformasiyalar baş alıb gedir, əhalidə qorxu yaradılır, düşmən mənafeyinə uyğun materiallar yayımlanır. Yaxud da, hansısa şirkətin, məhsulun reklamı üçün aldadıcı məlumatlar yayılır. Gənclərə əxlazsızlıq təbliğ edilir. Yəni, çox sayda problem yaradırlar.

KİV əhaliyə çox ciddi təsir imkanlarına malik güclü silahdır, ictimai rəyi formalaşdıran institutdur, burada anarxiyaya yol vermək olmaz.

İnformasiya təhlükəsizliyi milli təhlükəsizliyin elementidir

Göründüyü kimi, problemlər fundamental və kompleksdir. Bu, birbaşa dövlət-cəmiyyət-media üçbücağındakı qarşılıqlı vəziyyətlə analoji müstəvidə inkişaf edən bir sistemdir. Medianın dəyişməsi üçün bu ücbucağın bütün tərəfləri dəyişməlidir. Dövlət media siyasətini, cəmiyyət isə özünü dəyişməlidir. Nəticədə media da dəyişəcək.

Dövlət ciddi və peşəkar mediaya dəstək verməlidir ki, həm cəmiyyətin rəğbətini qazansın, həm də beynəlxalq məkana çıxış imkanları yaransın. Onlara hər sahədə problemləri, nöqsanları aşkarlayaraq tənqid etməsini, rüşvətxor məmurun, dövlətə zərər vuran vəzifəli şəxslərin ifşasını təmin etməlidir, özü də bunun əsasında müvafiq tədbir görməlidir.

Cəmiyyət isə +18 və şou mövzuların başını buraxıb ciddi siyasi, iqtisadi, mədəni, elmi mövzularda materialları oxumalıdır. İş adamları, şirkətlər peşəkar mediaya reklam verməlidir. Televiziyalar peşəkar qəzetləri təşviq etməli, onların xülasəsini verməlidir.

Bundan sonra medianın İP qazanmaq naminə cəmiyyətə zərərli, mənəvi dəyərlərə zidd materiallar verməsinə ehtiyac qalmayacaq. Satışdan, abunədən, reklamdan normal gəlir əldə edəcəklər. Sağlam rəqabət mühiti yaranacaq. Nəticədə peşəkar, savadlı şəxslər işə cəlb ediləcək, medianın nüfuzu artacaq. Cəmiyyət görəndə ki, media həqiqətən 4-cü hakimiyyətdir, ona dəstək verəcək. Media da dövlət və cəmiyyət arasında öz funksiyasını daha layiqli yerinə yetirəcək. Cəmiyyətimizin və dövlətimizin maraq və mənafelərinin təmin olunmasına öz töhfəsini verəcəkdir. Son nəticədə həm dövlətimiz, həm cəmiyyətimiz qazanacaq.

Göründüyü kimi, belə bir şəraitdə MEDİA-nın yaradılmasının və onun həyata keçirdiyi islahatların çox böyük əhəmiyyəti var. Media haqda yeni qanunun qəbul edilməsinin də həmçinin. Dövlətin dünya təcrübəsi ilə milli ənənələri uzlaşdıraraq hər 3 tərəfi (cəmiyyət, dövlət və media) qane edəcək optimal tənzimlənmə mexanizmi yaratma cəhdi təqdirəlayiqdir. Cəmiyyətdə isə nəhayət ictimai qınaq mexanizmi formalaşmalıdır.

Çünki, məsuliyyət tələb edilmədikdə cəza mexanizmi, ictimai qınaq olmadıqda isə ortada ciddi mətbuat olmur. Bu ikisinin arasında 3-cü yolun formalaşması lazımdır. MEDİA məhz bu məqsədlər üçün lazımdır və mediamızın inkişafını təmin etmək üçün lazım olan bütün addımları atmalıdır. Keçən 1 ildə MEDİA bunu edə biləcəyini göstərdi və şübhə yoxdur ki sonrakı fəaliyyətində bu sahədə normal tənzimləmə yarada biləcək.

MEDİA-nı 1 yaşının tamam olması münasibətilə təbrik edir, ona öz müqəddəs missiyasında uğurlar arzulayırıq.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb.