Pandemiya şəraitində tələbələrə hansı güzəştlər edilməlidir? - EKSPERT DANIŞDI

12 Yanvar 2022 12:10 (UTC+04:00)

"Məlum olduğu kimi ali və orta ixtisas təhsili müəssisələrində 2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasını təşkil etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 10 dekabr 2021-ci il tarixli müvafiq əmri var". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Nadir İsrafilov qeyd edib.

Onun sözlərinə görə, həmin əmrə əsasən payız semestrinin imtahan sessiyasının 03.01.2022-ci il tarixdən əyani formada təşkil olunması və imtahanların keçirilməsi zamanı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər”ə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na riayət olunması tövsiyyə edilib: "Əmrdə o cümlədən ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə imtahan sessiyasının qüvvədə olan normativ sənədlər əsasında təşkil olunmasını təmin etmək, rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan qərargahı yaratmaq və qərargaha daxil olan hər bir şikayətin operativ şəkildə araşdırılmasını təmin etmək, imtahanların təşkilində və gedişatında nöqsanlara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görmək, imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 10 gün müddətində Təhsil Nazirliyinə yekun hesabat təqdim etmək barədə tapşırıqlar verilib.

Hələ ki, imtahanlar müvafiq qaydalara uyğun olaraq, öz axarı ilə davam edir. Hər hansı ciddi bir narazılıq və narahatçılıq halları qeydə alınmayıb. Yanvarın 7-də İctimai-nəzarət şurasının üzvü olduğum Azərbaycan Dillər Universitetində (ADU) imtahan sessiyasının gedişini müşahidə etmək məqsədi ilə bir qrup təhsil ekspertləri, KİV nümayəndələri, QHT təmsilçiləri və tələbə valideynlərinin iştirakı ilə təşkil olunmuş mediaturda iştirak edərkən bunun bilavasitə şahidi olduq. Universitetdə imtahan sessiyasının təşkili və həyata keçirilməsi ilə bağlı İmtahan Qərargahı və “Qaynar xətt” yaradılıb. Qərargaha daxil olan hər bir şikayətin operativ araşdırılması məqsədilə Qərargahın nəzdində Apelyasiya Komissiyası da fəaliyyət göstərir. Qış imtahan sessiyası fevralın 5-dək davam edəcək. Tələbələrə imtahan prosesində biliklərini nümayiş etdirmək üçün hər cür əlverişli şərait yaradılıb. Qeyd edək ki, olduğumuz universitetdə 2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, habelə imtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görülməsinə kömək etmək məqsədi ilə İmtahan Qərargahı fəaliyyət göstərir. Yəqin ki, digər universitetlərdə də eyni vəziyyətlə rastlaşarıq.

Ölkəmizdə 12 nəfərin omikron ştammına yoluxmasına və bunun tələbələrə hər hansı bir təsir göstərəcəyinə gəldikdə isə, bu zamana bağlı olan məsələdir və hələ ki, davam etməkdə olan imtahanlarda belə bir hal özünü heç bir formada biruzə verməyib".