Ətlə qatıq bir yerdə yeyilsə NƏ BAŞ VERƏ BİLƏR? - MÜSAHİBƏ

12 Yanvar 2022 11:15 (UTC+04:00)

Qida üzrə baş mütəxəssis Ağa Salamovun SİA-ya müsahibəsini təqdim edirik.

- İnsan orqanizmində immunitetin səviyyəsi nə qədər olmalıdır?

- İmmunitet səviyyəsi qanda olan D vitamini, sağlam qidalanma, orqanik məhsulların istehlakı, ekoloji havanın təmizliyi və dənizlərin çirklənməsinin qarşısının alınması ilə ölçülür. Ümumiyyətlə, immun sistemi kompleks şəkildə təkcə qidaya köklənməklə ölçülməli bir şey deyil. Təbii ki, biz Omeqa 3-ü dəniz məhsullarından, zeytun yağından əldə edərik. D vitaminini məsələn, ət məhsullarından və yaxud həb şəklində qəbul etmiş olarıq, bununla da ödəyə bilərik. Amma gəlin baxaq ki, bu gün hava, iqlim dəyişikliyi, ekologiyanın korlanması təbii ki, bu da immun sisteminin aşağı düşməsinin səbəblərindən biridir. Yəni, bundan çıxış və geriyə dönüş yolu yoxdur. Çünki meqapolis həyat tərzini seçmişik və bu bizim seçimimizdir. Mən indi Naxçıvandayam. Naxçıvanda o qədər təmiz hava və səfalı yerlər var ki... Ümumiyyətlə, Azərbaycanın bütün bölgələri Qarabağ və gözəl Şuşamız başda olmaqla o qədər gözəl guşələrimiz var, o qədər gözəl təbiətimiz var ki, insanlar nədənsə o təbiəti qoyub meqapolis həyat tərzinə üstünlük verir. Mən meqapolis şəhərlərini “liftdə qalmış insanlar” adlandırıram. Yəni, elə bil liftin içində 10-15 nəfər insan yığılıb liftdə qalıblar.

- Azərbaycanda 12 nəfərdə “Omikron” virusu aşkarlandı. Bu virusa qarşı hansı qidalar tətbiq olunmalıdır? Hansı qidalar yeyilməlidir ki, immunitet güclənsin?

- İmmunitetin güclənməsi üçün təbii ki, mövsümi meyvələr, tərəvəzlər istehlak etməliyik. Ət məhsulları, xaş, kəlləpaça, balıq və meyvələr istehlak edin. Boş karbohidratlardan uzaq olun. Məsələn, şəkərli, unlu məmulatlardan uzaq olun. Bu qidalardan uzaq düşmək üçün təsərrüfatla məşğul olmaq lazımdır. Kimin rayonlarda, kəndlərdə 1 metr torpağı varsa oranı əkməlidir. Mən düşünürəm ki, insanın immun sisteminin güclü olması üçün insan torpağa bağlı olmalıdır.

- Kolbasa ətdən hazırlanırsa qiyməti niyə ucuzdur?

- Doğrudur. Baxırıq ki, kolbasa qoyublar və satışda qiyməti, hətta ətin maya dəyərindən də ucuzdur. Yanında bir dənə də hədiyyə şəklində kolbasa qoyub satırlar. Kolbasalara qatqı maddələri də vurulur, rəngini də dəyişirlər. Bu kimyəvi qatqılar sayəsində kolbasaların ömrü uzadılır, iyi, dadı gözəl olur. Təbii ki, onun da bir müddəti var. Onları 2-3 ay vitrində saxlayırlar, satış olmayandan sonra da onu ucuz qiymətə satırlar. Yəni, endirimə də salırlar, hətta yanına bir kolbasa da qoyub satırlar. Ehtiyatlı olmaq lazımdır. Ümumiyyətlə, evdə kolbasa hazırlamaq lazımdır. Toyuqdan kolbasa hazırlamaq olar. İçərisinə duz, istiot, ədviyyatlar vurub evdə insanlar özləri kolbasa hazırlaya bilərlər.

- Əzələ kütləsi yığmaq üçün məşq edib qeyner, protein içmək insana ziyandırmı?

- Təbii ki, ziyandır. Zülalları Allahın verdiyi təbii məhsullardan əldə edə bilərik. İdmançılar baxır hansı idman növü ilə məşğuldurlar. Əgər əzələ kütləsini artırmaqla məşğuldursa, onlar qaraciyərdən zülalları mütləq şəkildə istehlak etməlidirlər və qırmızı ət məhsullarından da istehlak etməlidirlər. Çünki onların əzələlərinə şişməkdən də əlavə oksigen də lazımdır və qırmızı ətdə olan bioqlabin maddəsi əzələləri oksigenlə zənginləşdirir. Allahın verdiyi qırmızı rəng piqmenti təbii olaraq orqanizmə birbaşa faydalıdır ki, bu da mioqlabindir və oksigeni əzələlərə daşıyır və proteinlərə gəlincə sintetik zülaldır və biz günəşdən əldə edilmiş proteinlər haqqında da danışmışıq. Bu dəqiqə dünyada gizli güclərin də üzərində işlədiyi, yəni, artıq ərsəyə gətirə bildiyi 3D ət formatıdır ki, o da süni sintetik zülallardan əldə edilir. Düşünürəm ki, idmanla məşğul olan insanlar sağlam ruha sahib olmalıdırlar və onların bədənində sağlam bədənlə bərabər sağlam ruh olmalıdır və sağlam ruhun da qidası təbii ki, sağlam qidalanmadır.

- Ətlə qatıq bir yerdə yeyilə bilməz kimi fikirlər səsləndirilir. Bu fikirlər nə dərəcədə real görünür?

- Ətlə qatıq bir yerdə yeyilə bilər və bizim milli mətbəximizdə ayran da var, qatıq da. Ətlə qatıq normasında yeyilməlidir. Bəzi insanlar deyirlər ki, ətlə qatıq bir yerdə yeyilə bilməz. Amma heç bir elmi sübut ortaya qoya bilmirlər. Ətlə qatıq yeyilə bilər. Amma ümumi götürdükdə, az yeməlidirlər.

Ayşən Vəli