Plana uyğun olaraq yenidənqurma işləri davam edəcək - PARTİYA SƏDRİ AÇIQLADI

11 Yanvar 2022 15:37 (UTC+04:00)

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2022-ci ili “Şuşa ili” elan etməsi hər kəsi sevindirdi. Şuşa Azərbaycan tarixində müstəsna əhəmiyyətə malik olan bir şəhərdir. 1752-ci ildə təməli qoyulan bu şəhərin bu il 270 illiyi tamam olur". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.

Onun sözlərinə görə, bu hər bir azərbaycanlı üçün böyük bir bayramdır: "Azərbaycanın müstəqillik tarixində ən böyük faciələr Şuşanın işğalı ilə başlayıb. Həmin günə qədər alınmaz qala sayılan Şuşa qalası 1992-ci il may ayının 8-də ermənilər tərəfindən işğal olundu. Bununla da xalq arasında inam sarsıldı. Şuşanın alınması ümidlərimizi, inamımızı qırdı. Şuşadan sonra Laçın və digər rayonlar da ermənilər tərəfindən işğal olundu. Şuşanın 8 noyabr 2020-ci ildə azad olunması 44 günlük müharibə tarixində həlledici rol oynadı. Bu gün Şuşa yenidən qurulur. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada ilk növbədə mədəniyyət abidələri yenidən qurulur. Bundan sonra da plana uyğun olaraq yenidənqurma işləri davam edəcək. Heç də təsadüfi deyil ki, Şuşanın azad olunduğu gün Azərbaycanın zəfər günü kimi qeyd olunur. Qısa müddətdə nəinki Şuşanın ətrafındakı kəndlər, bütövlükdə bütün Qarabağ Azərbaycanın nəzarətinə keçəcək".

Arzu Qurbanzadə