Tezliklə yox olacaq peşələrin adları SADALANDI

8 Yanvar 2022 17:52 (UTC+04:00)

İsveç Əmək Bazarının Qiymətləndirilməsi və Təhsil Siyasəti İnstitutu araşdırma aparıb və müəyyən edib ki, tezliklə onlarla peşə süni intellekt tərəfindən əvəz ediləcək. SİA xəbər verir ki, bu barədə “Dagens Nyheter” nəşri yazır.

Nəşr qeyd edir ki, süni intellekt texnologiyası getdikcə daha çox funksiyanı yerinə yetirməyə başlayır ki, bu da gələcəkdə cəmiyyətin müxtəlif fəaliyyət sahələrində əmək haqqı baxımından təbəqələşməsinə gətirib çıxaracaq.

“Maraqlıdır ki, texnologiya nəinki ixtisaslı kadrları, hətta bəzi həkimləri, məsələn, radioloqları da əvəz edə bilər”, deyə Dunderrud Xəstəxanasının ortopedi Maks Qordon bildirib.

O, qeyd edib ki, süni intellekt artıq müxtəlif sınıq növlərini müəyyən etməyi öyrənib və gələcəkdə müalicəni də tövsiyə edə biləcək.

"Süni intellekt bu işi dərhal yerinə yetirməyə qadirdir ki, bu da hazırda kadr çatışmazlığımız olan sənayedə vaxt aparan işlərin sayını azaltmağa kömək edəcək", deyə Qordon izah edib.

O, aydınlaşdırıb ki, texnologiya ortopediya ilə yanaşı, təcili yardım, ginekologiya kimi sahələrdə də tətbiq oluna bilər. Həmçinin tibb bacısı çatışmazlığını azaltmaq da mümkün olacaq.

Xatırladılır ki, bundan əlavə, süni intellekt bir neçə onlarla başqa peşədə çalışan insanları da əvəz edə biləcək. Söhbət mühasiblər, fotomodellər, poliqrafiya sənayesində çalışanlar, ağac emalı, kimya və metallurgiya sənayesində maşın operatorları, kassir və satıcılar, kənd təsərrüfatında kiçik kadrlar, təmizləyicilər, maşinistlər, montajçılar, kiçik inzibati heyət, qaynaqçılar, inşaatçılar, agentlər, sürücülər, meşəçilər və poçtalyonlar kimi mütəxəssislərdən gedir.