İndi vəziyyət tam fərqli xarakter alıb - TƏHSİL EKSPERTİ DANIŞDI

7 Yanvar 2022 17:03 (UTC+04:00)

"Məktəbə qədəm qoyan birincilərin ibtidai təhsil pilləsi ərzində proqram materiallarını daha rahat qavramaları üçün əlavə dəstəyə həmişə ehtiyacları olub və bu, təbii hal kimi başa düşülüb. Bugünün özündə belə bu proses davam etməkdədir. İndi vəziyyət tam fərqli xarakter alıb". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Nadir İsrafilov bildirib.

Onun sözlərinə görə, əvvəllər bu dəstəyi onlara valideynləri, böyük bacı və qardaşları göstərirdilərsə, hazırda valideynlər çıxış yolunu əlavə müəllim tutmaqda və uşaqlarını müxtəlif kurslara göndərməkdə görürlər: "Valideynləri də hardasa başa düşmək olar. Əksər valideynlər proqram materiallarının qəlizliyindən, dərs yükünün ağırlığından gileylənirlər və sanki belə çıxır ki, lazımi dəstəyi göstərməkdə onlar belə acizdirlər. Valideynlərin bu kimi şikayətləri ilə razılaşmamaq, ən yaxşı halda ədalətsizlik olardı. Bir sıra proqram materiallarının çətinlik dərəcəsi, azyaşlıların psixoloji və fizioloji durumuna uyğunsuzluğu bir çox təhsil mütəxəssisləri, psixoloq və fizioloqlar, hətta təhsilin yuxarı idarəetmə orqanlarının rəsmiləri tərəfindən də dəfələrlə dilə gətirilmiş və bu istiqamətdə müəyyən işlərin görüləcəyi barədə vədlər verilmişdi.

Bununla belə, məktəbdənkənar əlavə hazırlıq, başqa sözlə desək "kölgə təhsili" kimi xarakteriza olunan, hələ ki, qeyri-rəsmi fəaliyyət sahəsi sayılan repetitor xidməti, nə dünənin, nə də bu günümüzün məsələsi olmayıb, təhsilimizdə təşəkkül tapdığı vaxtlardan bu yana cəmiyyəti maraqlandıran, düşündürən, eyni zamanda birmənalı qarşılanmayan problemdir. Təhsil sahəsində müntəzəm aparılan dəyişikliklərə, yeniləşməyə və təkmilləşdirmə tədbirlərinə baxmayaraq, repetitorluq da inkişaf edir, hətta məktəbəqədər təhsil də daxil olmaqla özünə yeni-yeni tərəfdarlar toplayaraq geniş auditoriya qazanmaqda davam edir.
Məsələnin yoluna qoyulmasında mürəkkəblik və ziddiyyət ondan ibarətdir ki, bu dəstək missiyasını yerinə yetirən əlavə xidmətin tərəfdarları və əleyhdarları sanki, sözləşərək, yarıbayarıya bölünüblər.

Repetitorluğu "Təhsilimizin bəlası", "Zehni əməyin qara bazarı", "kölgə təhsilinin atributu" adlandıranlar da var, eləcə də bu fəaliyyət növünə "məktəbi və onun nüfuzunu xilasetmə vasitəsi" kimi baxanlar da, yeni qəbul modelinin repetitorların fəaliyyətinə son qoyacağı ümidi ilə yaşayanlar da var. Məsələnin ciddiliyi bir də ondadır ki, baxmayaraq, repetitorluq qeyri-rəsmi fəaliyyət sahəsi kimi müəyyən rəğbət qazanır, rəsmi təhsilin qeyri-rəsmi təhsildən asılı vəziyyətə salınmasına xidmət edir, bununla belə mövcud qanunvericilikdə şəxsin asudə vaxtında repetitorluq xidmətinin göstərilməsinə məhduddiyyət nəzərdə tutulmayıb. Yəni, insanların öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər fəaliyyət növü ilə məşğul olmaq onların Konstitusiya ilə təsbit olunmuş hüququdur. İlk vaxtlar yalnız X-XI sinifləri, elitar məktəbləri və imkanlı ailələri əhatə edən bu qeyri-rəsmi fəaliyyət sahəsi getikcə rişələnərək, ibtidai sinifləri və maddi cəhətdən imkansız ailələri də öz ağuşuna alıb. Belə vəziyyətin yaranması bir sıra amillərlə şərtlənir ki, bunların da önündə gedən əsas səbəb kimi daha çox mentalitetimizdən irəli gələn valideynlərin övladlarının ali məktəb tələbəsi görmək arzusudur. Arzunu reallaşdırmaq isə, məktəb təhsilindən başqa əlavə hazırlıq tələb edir. Çünki, 90-cı illərin əvvəllərindən başlayaraq tətbiq olunan test üsulu, mövcud dərsliklər əsasında deyil, daha çox test kitabçaları əsasında həyata keçirilir. Hələ ki, əlavə hazırlıq məktəb mühitini deqradasiyaya uğratsa belə, nəyin nəyə hesablanması və nəyə xidmət etməsi zamanın öhdəsində olan məsələdir. Ancaq, bir həqiqət də var ki, tez və gecliyindən asılı olmayaraq, müəllim məktəbə, şagird isə öz doğma müəlliminin yanına qayıtmalıdır. Yalnız, bu yolla məktəbin bir vaxtlar hesab etdiyimiz məbədgah kimi, müəllimin isə ən şərəfli peşə sahibi kimi nüfuzunu qaldırmaq olar"...