"Mina xəritələrinin bütövlüklə verilməməsi məsələsində sonuncu Brüssel görüşünü də nəzərə alsaq, Rusiya Federesiyasının Prezidenti Vladimir Putin, Azərbaycan Prezident İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilmiş 3 tərəfli görüş zamanı, bu məsələlərin öz həllini tapacağı dəfələrlə vurğulanmışdır". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aqil Məmmədov bildirib.
Onun sözlərinə görə, qəbul olunmuş bəyannamədə də nəzərdə tutulmuş məsələlər gecikdirilmədən vaxtında öz həllini tapmalıdır: “Çox təəssüflər olsun ki, nəzərdə tutulmuş məsələlərin bir neçə bəndi bu gün də icra olunmadan qalmaqda davam edir. Eyni zamanda verilmiş bəzi mina xəritələri də tam olaraq doğrunu əks etdirmir. Bununla da əlaqədar cənab Prezident öz iradını, fikrini bildirib. Buna görə də bir çox mülkü şəxslər, əsgər və zabitlərimiz minaya düşərək ağır bədən xəsarətləri almış, hətta həyatlarını itirənlər də olmuşdur. Görünən budur ki, Ermənistan ilə keçirilən görüşlərdə qəbul olunmuş bəyanatlarda nəzərdə tutulan maddələrə biganə yanaşılıb. Onlar bu prosesi uzadaraq bu cür məsələlərə bir növ öz fikirlərini bildirirlər.
Təəssüflər olsun ki, bu günə qədər bu məsələlər tam şəkildə öz həllini tapmayıb. Belə başa düşürəm ki, bütün bunlar sülh sazişinin qəsdən uzadılmasına xidmət edən bir məsələdir. Eyni zamanda Ermənistan tərəfi Zəngəzur dəhlizinin açılması ilə əlaqədar bəzi məsələlərdə danışıqlar zamanı müsbət fikirlər söyləsə də yenə də orada ikili yanaşmalar açıq-aşkar özünü göstərib. Mən belə başa düşürəm ki, Ermənistan tərəfi artıq 44 günlük Vətən müharibəsində hansı duruma düşdüklərini unutmamalıdırlar. Nəzərdə tutulmuş o 4 görüşdə qəbul olunmuş maddələri gecikdirmədən icra etmələri yüksək bir nəticə ola bilərdi. Bunun həm Azərbaycan, həm Ermənistan, həm də region dövlətləri üçün böyük bir nəticələri ola bilərdi. Zəngəzur dəhlizinin də açılışı təkcə bölgə dövlətləri üçün deyil, Ermənistan tərəfi üçün də çox yararlı nəticələnə bilər. Buna görə də həm mina xəritələri, həm də digər maddələrin vaxtında yerinə yetirilməsi üçün nəzərdə tutulmuş müddəalar və nəzərdə tutulmuş məsələlər tez bir zamanda icra olunmalıdır. Ermənistan gecikmədən bu məsələlərin həllini həyata keçirməlidir. Bunu artıq Ermənistan ictimaiyyəti də açıq-aşkar münasibətlərində göstərib. Elə düşünürəm ki, Ermənistan rəhbərliyi bəzi təsirlərdən çıxaraq artıq müəyyən addımlar atmalıdır”.