Rusiya sülhməramlıları Qarabağdakı hansı pravoslav kilsənini unudublar? REPLİKA+FOTO

7 Yanvar 2022 13:48 (UTC+04:00)

1894-cü ildə Xocavənd rayonunda inşa edilən rus pravoslav kilsəsi də erməni terrorunun qurbanı olub!

Bugünlərdə xristian dünyasının pravoslav kəsimi İsa Məsihin doğum gününü qeyd edirlər və bu bayram özünün bir sıra mühüm xüsusiyyətləri ilə inanclılar tərəfindən məxsusi olaraq qəbul olunmaqdadır. Təbii ki, dünyanın tolerantlıq, dini dözümlülük, həmçinin multikulturalizm mərkəzi olaraq özəl nümunə sərgiləyən Azərbaycanda da pravoslav xristianlar öz dini bayramlarını böyük coşqu ilə qeyd etməkdədirlər. Əsrlərdən gələn bu ənənə hər zaman bütün dinlərin qardaşlıq mərkəzi olan Azərbaycanda bu gün də uğurla davam etdirilməkdədir.

Lakin bu arada bir nüansa diqqət çəkərək daha bir amilə toxunmağı vacib saydıq. Məsələ ondadır ki, uzun illər erməni işğalı altında qalmış ərazilərimizdə məscid və s. dini ibadətgahlarımızla yanaşı, digər dinlərə aid məbədlər də təcavüzkar varvarlar tərəfindən məhv edilib. 44 günlük müharibədə əldə edilən Zəfərimizdən sonra işğaldan azad edilmiş ərazilərimizə səfərlər edən bir çox tanınmış tarixçilər, müxtəlif konfessiyalara aid din adamları, siyasi-ictimai şəxslər dağıdılmış, viran qoyulmuş tarixi-dini abidələrin vəziyyətlərini öz gözləri ilə müşahidə etdikdən sonra haqlı olaraq öz hiddətlərini gizlədə bilməyiblər. Məhz dağıdılan həmin abidələr sırasında Xocavənd rayonu ərazisində xaraba qoyulmuş, erməni qəsbkarları tərəfindən məhv edilmiş rus pravoslav kilsəsi də var və həmin kilsə Şuşadakı rus kilsəsinin saxtakarlıq yolları ilə erməniləşdirilməsindən, yəni saxtakarlıq yolu ilə qriqorianlaşdırılmasından sonra yeganə pravoslav məbədi olaraq qalmışdı, və...

Pravoslavların tarixi, qədim kilsələrini məhz separatçı quldur rejiminin əvvəlki və indiki xələfləri-sələfləri həmin günə qoyublar

Və bugünlərdə Rusiyanın Müdafiə Nazirliyinin saytında Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilmiş rus sülhməramlı kontingentinin 100 il sonra Qarabağda ilk dəfə İsa Məsihin doğum günü ilə bağlı dini mərasim keçirilməsini xatırlatması istər-istəməz təəccüb doğurdu. Həmin xəbərdə bildirilir ki, dini mərasimdə rus kontingenti ilə yanaşı, Ermənistandan və Rusiyadan gələn zəvvarlar da iştirak ediblər. Necə deyərlər, çox pakizə, hətta lap əla, amma...Amma sual yaranır: Azərbaycandakı fəaliyyətlərinin bir ili tamam olmuş, artıq ikinci ilə keçid etmiş Rusiya sülhməramlıları kontingenti yuxarıda bəhs etdiyimiz Xocavənd rayonu ərazisindəki kilsənin vəziyyətindən məlumatlıdırlarmı? Çox yəqin ki, məlumatlıdırlar və onu da yaxşı bilirlər ki, artıq yavaş-yavaş qeyri-müəyyən görünməyə başlayan məramlarını icra edərkən, pravoslavların tarixi, qədim kilsələrini məhz bu gün mühafizə etdikləri separatçı quldur rejiminin əvvəlki və indiki xələfləri-sələfləri həmin günə qoyublar. Beləliklə, 1894-cü ildə Xocavənd rayonunda inşa edilən rus pravoslav kilsəsi də erməni terrorunun qurbanı olub!

Bütün bunların yerinə isə məhz Rusiya sülhməramlı kontingentinin məsul olduqları ərazilərdə rusları qətlə yetirdiyinə görə fəxr etdiyini bəyan etmiş, bu gün Ermənistanda olduğu kimi Qarabağda da faşist-daşnak Njdenin abidəsi ucalır!

Bu gün guya 100 ildən sonra pravoslavların dini bayramlarını Qarabağ ərazisində qeyd etmələri məlumatı da həqiqəti əks etdirmir və Xocavənddəki kilsənin 138 illik dövrünün çox kəsimində pravoslavların dini ayinləri icra edilib, ta 1992-ci ilin fevralına qədər. 1992-ci ilin fevralından hazırkı dövrümüzə qədər isə orada dini ayinlərin keçirilməməsi qalsın bir yana, həmçinin viranə qoyulması bilavasitə erməni işğalçılarının, erməni quldurlarının və vandallarının əməllərinin “bəhrəsidir”. Təəssüf ki, Rusiya MN yuxarıda qeyd etdiyimiz məlumatını ictimailəşdirərkən həmin mühüm nüansı “unudub”...

Bütün bunların yerinə isə məhz Rusiya sülhməramlı kontingentinin məsul olduqları ərazilərdə rusları qətlə yetirdiyinə görə fəxr etdiyini bəyan etmiş, bu gün Ermənistanda olduğu kimi Qarabağda da faşist-daşnak Njdenin abidəsi ucalır!

Bəli, görünən budur ki, artıq düzü-düz, əyrini də əyri kimi göstərməyin zamanı yetişib və nə qədər ki, Qarabağda erməni silahlı dəstələri əl-qollarını sallaya-sallaya gəzəcəklərsə, nə qədər ki, onlar müdafiə isehkamları (rusların gözləri qarşısında) qurub həyasızcasına “artsax ideyası” ətrafında dillərini dinc qoymayacaqlarsa, bütün bunlar bilavasitə özlərini sülhməramlı kimi təqdim edən kontingentin zərərinə, ziyanına, nüfuzuna xələllər vuracaq. Amma bir həqiqəti də unutmaq olmaz ki, belə davam edə bilməz və bütün bunlara da son qoyulmağın vaxtı çatacaq.

Rövşən RƏSULOV

P.S. Məhz Azərbaycan dövləti özünün ərazisində təmir-bərpa, quruculuq işləri aparmaqla Xocavənddəki pravoslav kilsəsini də köklü şəkildə təmir edəcək, Azərbaycanda yaşayan rus vətəndaşları, eləcə də digər millətlərin nümayəndələri bu tarixi dini abidəni ziyarət edəcəklər. Yaxşı olardı ki, Rusiya MN qeyd etdiyimiz bu faktı nəzərə almaqla əslində kimlərin müdafiəsində dayandıqlarının fərqinə varsın.