"İnqilablar yolu ilə dövlət çevrilişi və ya hakimiyyət dəyişikliyi etmək heç bir ölkəyə yaxşı gələcək gətirməyib. Dünya praktikasında məxməri və narıncı inqilablar olan ölkələrin düşdüyü ağır durumlar hamıya məlumdur. Liviyada, İraqda, Suriyada və bir çox ölkələrdə inqilablardan əvvəl vətəndaşların sabitlik və firavanlıq içərisində yaşadıqları heç də sirr deyil". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.
Onun sözlərinə görə, yaşanmış hadisələr tarixi müqayisə üçün əsasdır: "Həm də qeyd etmək istəyirəm ki, bütün çaxnaşmalar, hakimiyyətə qarşı insanların qaldırılması və dövlət təhlükəsiziliyinə qarşı təhdidlər müəyyən xarici dairələr tərəfindən idarə olunur. Dünyanın bir çox ölkələrində baş vermiş belə proseslərin xaricdən idarə olunduğu sübut olunmuşdur. Nəticədə ölkədə ictimai-siyasi sabitlik pozulur, illər ərzində düzəlmiş infrastruktur darmadağın edilir, iqtisadiyyat çökür və vətəndaşları dilənçi halına düşür. Bu, güc yolu ilə dövlət çevrilişlərin nəticəsidir".
Deputat sözlərinə belə davam edib: "Çox təəssüf ki, bizə dost ölkə olan Qazaxıstan da bu gün ağır günlərini yaşayır. Təbii ki, baş verən hadisələr xaricdən idarə olunur və müəyyən ssenari üzrə proseslər davam edir. Qazaxıstanın inkişafı, iqtisadi cəhətdən güclənməsi və türk dünyasına inteqrasiyası bəzi xarici dairələri narahat edir. Ona görə də öyrədilmiş bir qrup şəxs insanların arasına salınıb əvvəlcə hakimiyyətə qarşı narazılıq yaradır, sonra da dövlət və şəxsi mülkiyyətini məhv edərək sosial narzılığı dərinləşdirməyə çalışırlar. Hətta insanlar arasında silahlar da paylamaqla ölkədə silahlı qarşıdurma yaradılır. Nəticəsi isə göz qabağındadır. Ölkə bərbad günə düşür. İqtisadiyyat dağıdılır, məhv edilən infrastrukturun bərpası üçün böyük maliyyələr və zamana ehtiyac duyulacaq. İnsanlar başa düşməlidirlər ki, heç bir xarici dairə o ölkədə yaşayan insanların yaxşı gələcəyini istəmir. Anlamalıdırlar ki, xarici dairələr ölkədə inqilablara xərclədikləri vəsaitlərin əvəzini yaranmış vəziyyətdən istifadə etməklə dəfələrlə artıqlarını qazanırlar və siyasi müstəvidə də digərlərin güclənməsinin qarşısını alırlar. Qazaxların baş verən hadisələri təhlil etməklə nəticə çxararaq əbir və təmkin nümayiş etdirəcəklərinə ümid edirəm".
Ayşən Vəli