Şuşa qalibiyyətin rəmzidir - DEPUTAT ŞƏRH ETDİ

7 Yanvar 2022 13:46 (UTC+04:00)

"Şuşa Azərbaycan üçün yalnız inzibati ərazi vahidi deyil, Şuşa milli-mənəvi məsələdir. Eyni zamanda Şuşa qalibiyyətin rəmzidir. Bu mənada cənab İlham Əliyevin 2022-ci ili "Şuşa ili" elan etməsi ciddi siyasi yükə malik qərardır". Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, hər şeydən öncə bu qərar Azərbaycanın zəfərin nəticələrini qoruma gücünü və Azərbaycan Prezidentinin Qarabağ və Zəngəzur məsələsində qətiyyətini ehtiva edir: "İkincisi, məlumdur ki, hazırda Azərbaycan işğaldan azad olunmuş ərazilərimizdə böyük quruculuq bərpa prosesini başladıb. Bu prosesdə Şuşada aparılmış və həyata keçirilməsi planlaşdırılan işlər mühim əhəmiyyətə malikdir. Şuşa dünya üçün vandalizm, işğal və təcavüzə qarşı mübarizənin, xüsusən də mədəni mübarizənin simvoluna çevrilib. Bu mənada cənab İlham Əliyevin "Şuşa ili" elan etməsi hazırkı beynəlxalq mürəkkəb geosiyasi münasibətlər fonunda Azərbaycandan dünyaya sülh və quruculuğu ehtiva edən humanitar mesajdır".

Deputat sözlərinə belə davam edib: "Habelə, məlumdur ki, Şuşa artıq bir ildir, rəsmən Azərbaycanın mədəniyyət paytaxtıdır. 2022-ci ili "Şuşa ili" elan etməklə Azərbaycan eyni zamanda Ermənistana və havadarlarına mesaj vermiş oldu ki, düşmənçilik, revanşizm meyllərinin heç bir perspektivi yoxdur. Bölgənin gələcəyi ermənilərin özlərinin də Qafqaza köçdükdən sonra daim bəhrələndikləri çoxəsrlik Azərbaycan mədəni ənənələrinə sədaqətdən və humanist dəyərlərdən asılıdır".

Ayşən Vəli