Balanslaşdırılmış siyasətin nəticələri - ANALİZ

7 Yanvar 2022 12:38 (UTC+04:00)

1991-ci ilin sonunda SSRİ-nin dağılmasından sonra Azərbaycan müstəqil dövlət kimi dünyada öz fəaliyyətini davam etdirdi. 1992-ci ildən beynəlxalq təşkilatlara üzv olan, xarici dövlətlər tərəfindən tanınan respublikamız öz xarici siyasətini müəyyənləşdirməyə, strateji tərəfdaşlarını, loru dildə desək, dostunu, düşmənin müəyyənləşdirməli idi. Düşmən məlum idi- işğalçı Ermənistan. Dostlar isə diqqətlə seçilməli, ölkəmizin mənafeyinə uyğun münasibətlər qurulmalı idi. Özü də bu proses olduqca gərgin beynəlxalq siyasi münasibətlərin qovğaşında, təcavüzə məruz qalmış bir ölkədə reallaşmalı idi.

Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovun buna vaxtı və imkanı çatmadı. O, hakimiyyətdə olduğu qısa müddət ərzində bəzi tədbirlər həyata keçirsə də, xalq hərəkatından siyasi təşkilata çevrilməkdə olan AXC respublikanın möhkəmləndirilməsinə imkan vermədi.

AXC-nin hakimiyyətə gəlişindən sonra xarici siyasət kursu baş-ayaq quruldu. Qınanılası da deyildi. AXC-də dövlət idareətmə təcrübəsi olan, beynəlxalq vəziyyəti dərindən bilən, dünyada və regionda gedən siyasi proseslərdən baş çıxaran kadrlar yox idi.

Üstəlik, ifrat millətçiliyin və utopik fikirlərin dövlət siyasəti səviyyəsinə qaldırılması həm xarici, həm də daxili vəziyyətimizi gərginləşdirdi. Belə ki, ölkə daxilində etnik qrupları qıcıqlandıran daxili siyasət, bu faktordan yararlanmağa çalışan xarici dairələrin əlinə gözəl bir fürsət verdi. Şimalda və cənubda etnik zəmində seperatçılq hərəkətləri, Gəncədə isə qiyam baş verdi.

Xarici siyasətdə qeyri-effektiv və optimal olmayan kurs götürüldü. Azərbaycan hakimiyyəti Rusiyanın və İranın arasında yerləşən gənc bir dövlət kimi rasional siyasət yeridə bilmədi- buna analitik təhlil qabiliyyəti və strateji təfəkkür çatmadı.

Xarici və daxili siyasətdə hərc-mərclik 1993-cü ilin ortalarına qədər davam etdi. Həmin ilin iyununda məlum proseslərdən sonra AXC hakimiyyətdən getməyə məcbur oldu. Hakimiyyətə dünyada tanınmış nüfuzlu siyasətçi, SSRİ Nazirlər Sovetinin sədrinin 1-ci müavini və SovİKP Siyasi Bürosunun üzvü olmuş Heydər Əliyev gəldi.

Dünyanın ən qüdrətli dövlətinin faktiki olaraq 2-ci şəxsi funksiyasını yerinə yetirmiş siyasətçi üçün dünyada və regionda gedən prosesləri qiymətləndirib nəticə çıxarmaq, respublikanın maraqlarına uyğun siyasət yürütmək çətin olmadı.

Azərbaycanın zəif və kiçik bir respublika olduğunu nəzərə alıb, iri güc mərkəzlərinə qarşı mövqe tutmamaq, əksinə onlarla siyasi-iqtisadi münasibətləri möhkəmləndirib dövlətimizin güclənməsi üçün vaxt qazanmaq lazım idi.

Aydın idi ki, Rusiya, ABŞ, Avropa kimi iri qlobal oyunçular, həmçinin İran, Türkiyə kimi regional güclərlə balanslaşdırılmış siyasət aparılması yeganə mümkün variant idi. Xüsusilə, yaxın sərhəd qonşularımız Rusiya və İranla korlanmış münasibətləri düzəltmək tələb olunurdu.

Lakin bunu anlamaq asan, həyata keçirmək isə çox çətin idi. Qaynar bir regionda böyük fövqəldövlətlərin- ABŞ və Rusiyanın “mövqe döyuşləri” gedirdi. Hər iki fövqəldövlət Cənubi Qafqazı, o cümlədən Azərbaycanı nüfuz dairəsində saxlamağa çalışırdı. Həm Moskvadan, həm də Vaşinqtondan Bakının konkret tərəf seçməsi tələb olunurdu.

Hər hansı bir tərəfə üstünlük vermək ağır nəticələrə gətirib çıxara bilərdi. Çünki hər iki fövqəldövlət Ermənistana böyük yardım göstərərək Azərbaycanın tam işğalını reallaşdırmaq gücündə idi.

Belə vəziyyətdə balanslı siyasət yeritməyin nə qədər çətin, nə qədər ağır olduğu anlaşılandır. Heydər Əliyev böyük şahmat taxtasında məharətli siyasi gedişləri ilə Azərbaycanı həmin ağır dövrdən salamat çıxardı və siyasi, iqtisadi, hərbi cəhətdən möhkəmlənməsi üçün zaman qazandırdı.

Sonrakı mərhələdə eyni siyasət onun siyasi varisi İlham Əliyev tərəfindən davam etdirildi. Artıq bu dövrdə Azərbaycanın beynəlxalq siyasi və iqtisadi mövqeləri sürətlə güclənməyə başlamışdı. Ölkəmiz XXI əsrə ən azı yerləşdiyi mürəkkəb regionda güclü mövqeyə və proseslərə təsir rıçaqlarına malik dövlət kimi daxil oldu.

Azərbaycan artıq xarici politoloqların da etiraf etdiyi kimi, dünyada müstəqil siyasət yeridən dövlətlərdən birinə çevrilib. Son dövrlərdə dövlətimizin beynəlxalq mövqelərinin güclənməsi artıq şərtlərin Bakıdan diqtə edilməsini təmin edib.

İndi respublikamıza xaricdən təsir imkanları sıfıra enib. Bu təkcə xarici siyasətin uğuru deyil, həm də daxili siyasətin uğurudur. İqtisadi müstəqilliyi siyasi müstəqilliyə çevirə bilən hakimiyyət dövlətin bütün sahələrdə güclənməsini təmin edə bilib. Bu səbəbdən dünyada və regionda qüvvələr balansının xeyrimizə dəyişməsi təəccüblü deyil.

Məhz bu siyasət və uzun illər boyu səbrlə, əzmlə formalaşdırılmış vəziyyət Qarabağı işğaldan azad etməyimizə səbəb oldu. Müharibə çox vektorlu oldu. Əvvəlcə iqtisadi sferada uduldu- ölkənin iqtisadi-maliyyə qüdrəti artırıldı, Ermənistan bütün regional və beynəlxalq layihələrdən kənarda saxlanıldı, əldə olunan maliyyə imkanları ordumuzun gücləndirilməsinə səbəb oldu. Sonra siyasi-diplomatik masada və informasiya müharibəsində qələbə qazanıldı, ölkəmiz dünyada sülhsevər, əməkdaşlığa uyğun, tolerant cəmiyyətə sahib ölkə kimi tanıdıldı və Azərbaycanın beynəlxalq hüququ, ədaləti bərqərar etmə haqqı tanındı. Nəhayət qəhrəman ordumuz müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə tarixi torpaqlarımızı düşmən işğalından azad etdi.

Aparılmış ağıllı və müdrik siyasət nəticəsində buna mane olacaq böyük qüvvələr neytrallaşdırılmış, onlar necə deyərlər tərəfimizə çəkilmişdi. Xalqla dövlətin birliyi qələbəni təmin etdi.

Müəyyən vaxtlarda Azərbaycana xaricdən təsir göstərilməsi cəhdləri ənənəvi xarakter alıb, amma bunlar cəhd olaraq qalıb. Çünki Azərbaycan nə siyasi, nə də iqtisadi nə də digər cəhətdən heç bir dövlətdən asılı deyil. Başqa ölkələrdə həyata keçirilən ssenarilər Azərbaycanda alınmadı. Möhkəm dövlət, vahid xalq, sağlam cəmiyyət olan ölkələrdə belə planlar alınmır.

Gürcüstan, Ukrayna kimi respublikalarda Qərbin təhriki ilə törədilən faciələrin nəticələri məlumdur. Ermənistanda rəngli inqilabın nəticələri Qarabağın işğaldan azad olunması istiqamətində aparılan siyasətdə bizə əlavə üstünlük verdi, Ermənistanın isə məğlubiyyətinə səbəb oldu. Son günlərdə Qazaxstanda baş verən oxşar hadisələr də göstərdi ki, dövlətin gücü onun böyüklüyü ilə ölçülmür.

Azərbaycanda yürüdülən daxili və xarici siyasət bu ölkələrin vəziyyətinə düşməyə imkan vermədi. Ölkəmiz ardıcıl olaraq siyasi təzyiqlərdən, iqtisadi böhranlardan üzüağ çıxdı. Heç bir xarici qüvvənin təhdid dilində danışa bilməyəcəyi dövlətə çevrildi.

Buna isə balanslaşdırılmış siyasətin nəticəsində nail olunub. Hətta, indiki güclü halımızda belə balanslı siyasətin alternativi yoxdur, bu səbəbdən bəzilərinin bununla bağlı əsaslandırılmamış fikirləri sabun köpüyündən başqa bir şey deyil.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili- Azərbaycan dövlətçiliyi müasir mərhələdə” istiqaməti çərçivəsində hazırlanıb.