Ailədaxili münaqişələr: qadın qatilə niyə və necə çevrilir? - ARAŞDIRMA

6 Yanvar 2022 17:23 (UTC+04:00)

Şizofreniya, paranoid pozğunluq, antisosyal və ya narsistik şəxsiyyət pozğunluqları, spirt və maddə istifadəsi kimi səbəblər məişət zorakılığının səbəbləri arasındadır. Zorakılıq ruhumuzu hər tərəfdən bürüyür. Ucadan danışmaqla özünü daha yaxşı ifadə edə biləcəyini düşünən bir cəmiyyət olmaq yolundayıq. Zorakılığın ilk toxumu, şübhəsiz ki, uşaqlıqda əkilir. Ailədə öyrənilən zorakı davranış filmlər, televiziya və kompüterləşdirilmiş zorakılıq oyunları ilə dəstəkləndikdə tədricən davranış formasına çevrilir. Elə bir gün yoxdur ki, cəmiyyətimizdə zorakılıq baş verməsin. Zorakılığın bir çox səbəbi var. Bunlardan ən çox yayılanı məişət zorakılığıdır.

Türk psixiatr Həsən Bəsri İzgi məsələ ilə bağlı bunları qeyd edib: “Biz insana fiziki və zehni zərər, zədə və ya əlilliyə səbəb olan bütün davranışları zorakılıq olaraq təyin edirik. Məişət zorakılığı ilə bağlı hüquqi tənzimləmələr olsa da, bu adətən gizlədilir. Təəssüf ki, bununla bağlı hüquqi çatışmazlıqlar səbəbindən zorakılığın qarşısı alına bilmir. Bu mövzuda insanlar düşünür ki, “görəsən bu adam nə edib ki, xanımı və yaxud əri onu öldürüb?”. Bu düşüncəyə görə zorakılıq təbii bir hadisə kimi qəbul edilir.

Zorakılıq bütün dünyada yayılıb. Təəssüf ki, bu, bütün sosial-iqtisadi səviyyədə baş verir. Zorakılıq həyat yoldaşlarına, əsasən də bir yerdə qalan qadınlara, uşaqlara və qocalara qarşı edilir. Psixiatrik xəstələrdə aşkar edilən fiziki və cinsi zorakılığın 90%-i ailə üzvləri tərəfindən törədilir. Zorakılıqla bağlı araşdırma aparanlar və işçilər səbəb kimi üç əsas maddə üzərində dayanırlar. Bunları sadalasaq bioloji səbəblər, psixoloji səbəblər və sosial səbəblər ortaya çıxır. İstəklərini reallaşdırmaq, empatiyanın olmaması və məişət zorakılığının olduğu ailədə böyümək zorakılığın psixoloji səbəbləridir.

Problem, münaqişə, zorakılıq bir-biri ilə sıx əlaqəli anlayışlardır. Ailə problemləri həyat yoldaşları, valideynlər və ya uşaqlar arasında baş verən problemlərdir. Ailədəki münaqişələr ya münasibətləri gücləndirir, ya da zəiflədir. Ailədaxili konfliktlər ailəni çökdürəcək səviyyəyə çatmayınca normaldır.
Əgər ailədə fikir ayrılıqlarına baxmayaraq problem yoxdursa, bu, ünsiyyətdə problem olduğunu göstərir. Belə olan halda ailədə hər kəs ya özünə qapanıb bir-biri ilə danışmır, ya da biri digərinin nəzarətinə keçərək təslimçilik bayrağını qaldırıb. Belə bir ailədə yalnız bir dam altında yaşayan fərdləri qeyd etmək olar.

Ailədə problemlərin həlli addımları:

1- Əvvəlcə problemin mənbəyinin nə olduğu müəyyən edilməlidir. Münaqişənin səbəbi üzərində düşünməli və fərdlər buna münasibət bildirməlidirlər.
2- Problem öyrənildikdən sonra ağla gələn həll təklifləri sıralanmalıdır. Bu həlləri yaxşı və ya pis, mümkün və ya mümkünsüz süzgəcdən keçirmədən olduğu kimi təqdim etmək lazımdır. Əhəmiyyətli olan problemin mümkün qədər çox həll yolunu sadalamaqdır.
3- Sonra hər bir həlli qiymətləndirərək, bu həllərin ailənin hər bir üzvü üçün nə demək olduğu müzakirə edilir. Bu mərhələdə insanların öz fikirlərini dürüst ifadə etməsi vacibdir.
4- Bütün həll yolları müzakirə edildikdən sonra ailənin bütün üzvlərini ən çox qane edəcək qərarın verilməsi lazımdır. Bu qərara gəldikdən sonra həllin mənası ailə üzvləri tərəfindən bir daha dilə gətirilir.

Ailədə problemlərin həlli üçün istifadə ediləcək üsullar:

• Hisslər və düşüncələr şişirdilmədən olduğu kimi təqdim edilməlidir.

• Məsələlər mövcud kontekstdə nəzərdən keçirilməli və köhnə fonlar işə salınmamalıdır. Məsləhət heç vaxt istifadə edilməməli, davranışlar konkret, ətraflı şəkildə müzakirə edilməlidir.

• Mühakimə olunmamalı, insanlar öz hiss və düşüncələrini ifadə edə bilməlidirlər.

• Mövzunun mahiyyəti və mövzuya aid olmayan detallar fərqləndirilməlidir.

• Problemin həllində aktiv dinləmədən istifadə edilməlidir.

• Müəyyən müddət ərzində yalnız bir münaqişə vurğulanmalı, münaqişəyə digər münaqişə məsələləri daxil edilməməlidir.

• Kiminsə haqlı olması əvəzinə, bütün tərəflərin razılaşa biləcəyi həll yoluna müraciət etmək lazımdır. Əslində bütün problemlərin həllinin əsası dialoqdur. Çünki dialoq etimad yaradır və etimad bizə hər şeydən çox lazımdır.

Bildiyimiz kimi, bir neçə gün bundan öncə Ağstafada qadın yoldaşının başını baltayla kəsərək öldürüb. Ümumiyyətlə belə hallarda günahkar kimdir? İnsanı bu vəziyyətə hansı hallar çatdıra bilər? SİA mövzu ilə bağlı araşdırma apararaq, psixoloq, sosioloq, ekspert və DİN rəsmisinin fikirlərini öyrənib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev: “Ümumiyyətlə, münaqişəli ailələrlə bağlı nəzarət, profilaktik tədbirlər daxili işlər orqanlarının diqqət mərkəzində olan məsələlərdən biridir. Bu tədbirlərin həyata keçirilməsi istiqamətində aidiyyəti üzrə polis orqanlarına müvafiq tapşırıq və göstərişlər verilib ki, həmin göstəriş və tələblərə uyğun olaraq münaqişəli ailələrin profilaktik uçotu, onlara mütəmadi nəzarətin həyata keçirilməsi vacib məsələlər sırasındadır.

Əlbəttə, baş verən həmin qətl hadisəsi ağır faciə ilə nəticələnib. Onun hansı səbəbdən baş verməsi, motivlər nədir, nədən ibarətdir, hansı səbəbdən bu hadisə baş verib, bu istintaq hərəkətləri ilə araşdırılır. Faktla bağlı indidən nəsə demək doğru deyil. Hazırda istintaq hərəkətləri davam etdirilir”.

“Ailə Dünyası" Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova: “Çox təəssüf ki, il başlayar-başlamaz Bakıda həyat yoldaşı tərəfindən balta və bıçaqla amansızcasına qətlə yetirilən qadın və Ağstafada da xanımın öz həyat yoldaşını balta ilə qətlə yetirməsi haqqında dəhşət doğuran xəbərlər eşitdik. Kişinin qadını öldürməsi müxtəlif səbəblərdən olsa da, arvadın əri öldürməsi adətən eyni situasiyalarda baş verir. Kişi qadına həm fiziki, həm psixoloji zorakılıq edib onu öldürmək istəyəndə bəzən belə hallarda qadınlar özlərini müdafiə etmək üçün müqavimət göstərərkən ehtiyatsızlıqdan ərlərini öldürürlər, bəzən də onlara illərlə əzab verən kişini yatdığı yerdə qətlə yetirirlər.

Ən acınacaqlı hal da odur ki, belə cinayətlərin 60-70% -i azyaşlı uşaqların gözü qarşısında baş verir. Bu isə həmin uşaqların həm fiziki, həm də psixi inkişafına mənfi təsir göstərir. Araşdırmalar da göstərir ki, cinayətkarların da çoxu belə zorakılığın hökm sürdüyü ailələrdə böyüyənlərdir.

Ailələrdə bu kimi halların yaşanmaması üçün kompleks tədbirlər əsasında mənəviyyat mövzusunda maarifləndirmə işlərini gücləndirmək lazımdır. Doğrudur bu sahədə həm dövlət, həm də vətəndaş cəmiyyəti iş aparsa da amma bu bütün cəmiyyəti yetərincə əhatə eləmir. Əhatə üçün televiziyaların imkanları genişdir. Bu baxımdan TV-lərdə cəmiyyəti düşündürən və onun maariflənməsi yönümündə verilişlərin olmasına üstünlük verilsə çox yaxşı olardı”.

Psixoloq Zeynəb Əyyubova: “Ümumiyyətlə, ölüm hallarına, insanları qəsdlə öldürmə, qəsdlə insanlara hər hansı bir ziyanın törətməyinə birmənalı olaraq qarşıyıq. Heç bir günah, heç bir həyat tərzi, heç bir cavab verilə bilən və ya verilə bilməyən hərəkət kiminsə ölümü ilə nəticələnməməlidir.

Düzdür, mən siz dediyiniz məxsusi hadisənin necə olduğunu, nə cür olduğunu bilmirəm. Bunu istintaq qrupu daha yaxşı bilər. Yəni, hadisə necə olub, niyə olub təfərrüatını onlar bilər. Amma mən bir psixoloq olaraq belə deyə bilərəm ki, ən böyük günah valideynlərdə və ağsaqqallardadır. Bir evlilik çətin getməsə, problemli bir evlilik olmasa sonu belə nəticələnməz. İllərlə, aylarla, günlərlə hadisələrin bu yerə gəlib çatacağını bilməsələr belə ciddi problemli olan ailələri görürlər və müdaxilə etmirlər. İnşallah düzələr deyib həyat yoldaşlarını baş-başa buraxırlar və bu da biraz problem yaradır.

İndi biz müasir dövrdə yaşayırıq. Demokratik respublikadayıq, hüquqlarımız var. Xanımlar və bəylər maariflənməlidir. Bir evlilik yolunda getmirsə buna başqa aspektdən baxmaq olar ki, nəticəsi belə olmasın. İndi həmin ailənin övladı olub-olmadığını bilmirəm. Amma adətən belə hallarda istər kişi qadını öldürsün, istər qadın kişini öldürsün, biri dünyasını dəyişir, biri də həbsxanaya düşür və ortada uşaqlar qalır və bir ömür travmatik bir həyat. Ona görə də mütləq maarifləndirmə olmalıdır”.

Din xadimi Hacı Mircəfər Əyyubov: “İslam dininə əsasən hakimin, məhkəmənin hökmü olmadan kimisə cəzalandırmaq yolverilməzdir. Ümumiyyətlə, terror və terror tipli hərəkətlər İslamda qəbul olunmur. Hətta günahkarı belə heç bir mühakimə olmadan öldürmək İslamda qəbul edilmir.

Qaldı ki, bu məsələdə günahkarın kimliyinə... əlbəttə məsələnin mahiyyəti bilinməlidir. Bəzən insan bu vəziyyətə düşə bilər, qarşı tərəfin hərəkətlərinə görə, bəzən insan insanı öldürmə həddinə düşə bilər, öz nəfsani istəklərinin şiddətinə görə. Çox şiddətli bir arzusu olur. Ona çatmaq üçün yeganə maneə qarşı tərəfi görür, o maneəni aradan qaldırmaq üçün bu cinayətə əl atır. İstənilən halda məhkum ediləsi bir əməldir”.

SİA məsələ ilə bağlı Qazax rayon Dağkəsəmən kənd sakinlərinin də fikirlərini öyrənib:

Kənd sakini Natella Heydanova: “Biz o ailəni çoxdan tanıyırıq. Mən, 30 ildir ki, bu kənddə gəlinəm. Qızın anası çox gözəl müəllimədir. Yaxşı atası var. Tərbiyəli iki bacıdırlar. Çox rahat ailədirlər. Yaxşı insandırlar. Oğlanın anası da cavan yaşında rəhmətə gedib. Oğlan qızın anasına təzyiq göstərirmiş, qızın özünü də döyürmüş. Hətta uşaqlarına da əl qaldırırmış. Elə hadisə baş verən günü də gəlib qızı döyüb. Oğlanı çox da yaxından tanımıram. Bir onu bilirəm ki, içki alüdəçisidir. Düşünürəm ki, o qızı buna vadar edib”.

Kənd sakini Aysel Musayeva: “Ailə bizim qonşumuz olub. Təxmini 13-14 il idi ki evli idilər. Kənd sakinləri deyir ki, evdə tez-tez davaları düşürmüş. Oğlanla qız qızın ailəsi ilə birgə yaşayırdılar. Oğlan da içki içən idi. Amma yaxşı işi var idi. Yeni İl gecəsi güclü davaları olub. Nəticədə də hadisə baş verib. Qızın atası da Bakıda imiş. O biri qızının yanına gedibmiş. Oğlan öz atasını da incidirmiş. Qıızn atası da özü qızını təslim edib. 2 uşaqları var idi. Heyif”.

Kənd sakini Afan Qədiməliyeva: “Oğlanın əsəbləri pozuq idi. Onlar neçə il bundan qabaq ayrılmışdı. Amma 1 ildən sonra yenə barışdılar. Qızın qardaşı olmadığı üçün onun ailəsi ilə birgə qalırdılar. 2 qızları var idi. Qız kişi kimi qız idi. Bütün günü evlərində dava idi. Hadisədən bir neçə gün sonra oğlanın iş yerindən yığırlar ki, “bəs işə niyə gəlməyib?”. Atası qızı özü təslim edib”.

Ayşən Vəli