Sosial şəbəkələrdəki yalançı xəbərlərin qarşısı alınmalıdır - JURNALİST MÖVQE BİLDİRDİ

6 Yanvar 2022 16:45 (UTC+04:00)

"Ümumiyyətlə, Ermənistan mətbuatının Azərbaycanla bağlı həqiqətləri təhrifə uğramış şəkildə yayımlamasını təbii qarşılamalıyıq. Çünki bu ölkə müharibədə Azərbaycana uduzub. Təbii ki, haqq və ədalət Azərbaycan tərəfində idi. Bütün müharibə qaydalarına uyaraq biz işğalçıları 28 il sonra öz tarixi və əzəli torpaqlarımızdan çıxardıq. Ümumumiyyətlə bütün sahələrdə Azərbaycan Ermənistandan xeyli irəlidədir. Ermənistan hər sahədə qarşımızda uduzur. Ən əsası isə Ermənistan müharibədə uduzdu". Bunu SİA-ya açıqlamasında Jurnalist Ekspert Mərkəzi İctimai Birliyinin sədri Ceyhun Musaoğlu deyib.

Jurnalist bildirib ki, 28 il işğalda saxladıqları torpaqları azad etdik. Bununla da erməni mifi məhv edildi. Böyük Ermənistan xülyası yerlə bir edildi. Artıq böyük Ermənistan ifadəsi tarixdən silindi. Azərbaycan müharibədən sonra Ermənistana dedi, əlini mənə ver ki, regionda normal münasibətlər qurulsun. Bu gün də Azərbaycan öz sülh əlini Ermənistana uzadır. Ermənistan bunu qəbul etsə, regionda normal bir dövlətə çevrilə bilər. Çünki Ermənistanda cəmiyyət xaos içərisindədir. Təsəvvür edin ki, müharibədən məğlub ayrılan sərkərdə səsvermədə xalq tərəfindən yenidən seçilir. Bu Ermənistan cəmiyyətinin çaşqınlıq içində olduğunu göstərir. Onlar nə edəcəklərini bilmirlər. Axırda noldu? Biz onların bu xülyasını darmadağın etdik.

Ceyhun Musaoğlu bu barədə fikirlərini belə izah edib: "Buna görə də Ermənistan mətbuatının Azərbaycan həqiqətlərini gerçəyə uyğun olmayan şəkildə çartdırması olduqca təbiidir. Onlar məğlubiyyətlərindən yandıqları üçün belə edirlər. Ancaq Ermənistan mətbuatının yaydığı dezinformasiyalar dünyada öz qarşılığını tapa bilmir. Çünki müharibə zamanı və müharibədən sonrakı dövrdə cənab Prezidentin verdiyi müsahibələr, beynəlxalq təşkilatların keçirdiyi forumlarda səsləndirdiyi fikirlər, müharibədən sonrakı vəziyyətə açıq və səmimi münasibəti fonunda Ermənistan mətbuatının yaydığı informasiya heç dəryada balıq belə deyil. Azərbaycan mətbuatı isə Ermənistan mətbuatının dezinformasiyasının qarşısını almaq üçün yalnız doğru informasiyaları yazıb paylaşmalıdır. Eyni zamanda mətbuat orqanlarımız sosial şəbəkələrə uduzmamalıdır. Düşmən tərəfi dezinformasiyaları daha çox sosial şəbəkədə paylaşılan informasiyalardan götürürlər. Çünki heç bir ciddi mətbuat orqanında dezinformasiyalara yol verilmir. Hələki dövlət əhəmiyyətli, hərbi əhəmiyyətli informasiyalarda hər şey olduğu kimi şəffaf çatdırılır. Ancaq sosial şəbəkədə bəziləri tərəfindən yalançı iddialar vəziyyəti çıxılmaz edir. Sosial şəbəkələrdəki yalançı vətənpərvərliyin, yalançı xəbərlərin qarşısı alınmalıdır. Bu edilməlidir ki, oradakı yalan xəbərlər düşmənə sızdırılmasın və düşmən onlardan sui-istifadə edə bilməsin".