Məktəb direktoru birbaşa xəbərdarlıqsız işindən azad edilməlidir - TƏHSİL EKSPERTİNDƏN İRAD

6 Yanvar 2022 16:31 (UTC+04:00)

"İlk növbədə qeyd edim ki, hal-hazırda Azərbaycanın 4432 orta ümumtəhsil məktəbində 1,6 milyon şagird təhsil alır. Etiraf edək ki, bütün şagirdlər heç də hamısı ciddi fiziki və psixoloji dayanıqlı deyillər. Bir çox şagirdlərimiz kənar müdaxilə, hər hansısa bir kiçik təzyiq nəticəsində psixoloji travmaya düşürlər və hətta intihara qədər gedirlər". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, çox təəssüflər olsun ki, bu gün bizim təhsili idarə edən şəxsimiz-direktorumuz təhsil işçilərinin etik davranış qaydalarına riayət etməyərək, 2009-cu ilində qəbul olunmuş "Təhsil haqqında qanun"un tələblərini ciddi şəkildə pozaraq şagirdə qarşı ciddi fiziki zorakılıq ortaya qoyub: "Qeyd edim ki, Azərbaycanın mövcud qanunvericiliyinin tələbinə görə səbəbindən asılı olmayaraq, hətta məqsədindən belə asılı olmayaraq şagirdə qarşı fiziki zorakılıq tətbiq etmək olmaz. Heç bir şagirdi fiziki olaraq cəzalandırmaq olmaz. Bu şəxsiyyətin alçaldılmasıdır. Bu həmin şagirdin psixoloji travma almasına gətirib çıxardır. Buna görə də Əmək Məcəlləsinin 69, 70, 72-ci maddələrini pozduğuna görə məktəb direktoru birbaşa xəbərdarlıqsız işindən azad edilməlidir. Biz bu halları birmənalı olaraq pisləyirik".

Kamran Əsədov sözlərinə belə davam edib: "Bəli, bu gün bizim gənc uşaqlarımızın idarə edilməsində müəyyən çətinliklər var. Bizim müəllimlərimizin də müəyyən qədər psixoloji və maddi problemləri var. Amma bu heç də əsas vermir ki, kiminsə övladına qarşı hər hansısa bir fiziki təzyiq vasitəsindən istifadə edilsin. Yəni, bu ciddi şəkildə hüquqi pozuntudur. Bu ciddi qanun pozuntusudur. Digər bir tərəfdən şagirdlər təbii ki, nizam-intizam qaydalarına riayət etməlidirlər. Amma burada fiziki cəza nəzərdə tutulmur. Düşünürəm ki, bu kimi halların aradan qaldırılması üçün monitorinqlər aparmalıyıq".

Ayşən Vəli