2022-ci ilin "Şuşa ili" elan olunmasına CƏMİYYƏTİN BAXIŞI - SORĞU

6 Yanvar 2022 15:48 (UTC+04:00)

Azərbaycan Ordusu müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədə Azərbaycanın əzəli və əbədi torpağı olan Qarabağı azad etdi. Müharibənin taleyində həlledici rolu Qarabağın və Azərbaycanın mədəniyyət tarixinin incisi olan Şuşa oynadı. Şuşanın əlbayaxa döyüşlə və professional əməliyyatla azad edilməsi Ermənistanı kapitulasiya aktını imzalamağa məcbur etdi. Şuşanın azad edilməsi Ümummilli lider Heydər Əliyevin müzəffər Ali Baş Komandan İlham Əliyevə qoyduğu vəsiyyətin reallaşdırılması demək idi. Müzəffər Ali Baş Komandan İlham Əliyev bunu xalqa müraciətində belə qeyd etmişdi: “Mən bu gün Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!” Cənab Prezident Şuşanın əhəmiyyətini nəzərə alaraq 2022-ci ili Şuşa ili elan etdi. 2022-ci ilin Şuşa ili elan olunması ilə bağlı SİA olaraq paytaxt sakinləri arasında sorğu keçirdik. Sorğunu sizə təqdim edirik:

Paytaxt sakini Namiq İdrisov: “Bir vətəndaş kimi Prezidentin 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il təbrikini mən də hamı televiziya ekranlarından izlədim. "Şuşa ili"nin elan edilməsi barəsində onu deyə bilərəm ki, hörmətli Prezident indiyə kimi boşuna bir söz deməyib. Deməli, bu qərar özü ilə bərabər müsbət nəticələri doğuracaq. Şuşa mədəniyyətimizin incisidir. "Şuşa ili"nin elan olunması ilə mədəniyyət sahəsində birə-beş inkişaf özünü göstərəcək”.

Paytaxt sakini Aqil Vəliyev: “Şuşa ili"nin elan edilməsi lap yerində qərardır. Bu Şuşanın bir mədəniyyət ocağı kimi fəaliyyətinə yenidən başlayacağnı göstərir. Böyük Qayıdışımızın daha da sürətlənəcəyini göstərir. Mən bir ağdamlı kimi öz yurd-yuvalaramıza qayıdacağımız üçün sevinirəm. Bunun üçün Müzəffər Ali Baş Komandan İlham Əliyevə təşəkkür edirəm. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Qazilərimizə təcili şəfalar diləyirəm”.

Paytaxt sakini Rahim Cahangirov: “Mən düşünürəm ki, onsuz da Şuşa alınandan bəri diqqət mərkəzindədir. Çünki Şuşa bizim mədəniyyət paytaxtımızdır. Orada işğaldan sonra Vaqifin məqbərəsi bərpa olundu, “Xarıbülbül” musiqi festivalı keçirildi. Bütün bunlar misilsizdir. İndi "Şuşa ili"nin elan edilməsi şəhərin bir mədəniyyət paytaxtı kimi fəallığını artıracaq”.

Paytaxt sakini Yaşar Rzayev: “Bu qərarı çox müsbət qarşılayıram. Çox məntiqlii addımdır. Bu olmalı idi. Hamı bilir ki, Şuşa Azərbaycanın qədim şəhəri, Qarabağın ürəyidir. Şuşasız Qarabağı mən təsəvvür edə bilməzdim. Şuşa böyüməli, inkişaf etməli və dünyanın ən müasir şəhərlərindən birinə çevrilməlidir. Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. Buradan xeyli məşhur bəstəkarlar, yazıçılar çıxıb. Buna görə də, hörmətli Prezident bu ili "Şuşa ili" elan etməklə çox düzgün qərar verib. Bu mənim ürəyimdən xəbər verdi. Mən bu qərarı dəstəkləyirəm”.

Paytaxt sakini Əziz Ələkbərov: “Heç ağlımıza da gəlməzdi ki, Şuşanı alacağıq. Onu yenidən dirçəldəcəyik. İndi sevincimizin həddi-hüdudu yoxdur, çünki artıq biz rahatlıqla, əmin-amanlıq içində Şuşamıza qayıdacağıq. "Şuşa ili"nin elan edilməsi misilsizdir. Bu mədəniyyətimizin inkişafına öz töhfəsini verəcək”.

Paytaxt sakini Şıxəli Bayramov: "“Şuşa ili"nin elan edilməsinə münasibətim əlbəttə, müsbətdir. Şuşa haqqında, onun tariximizdə, mədəniyyətimizdə olan rolu ilə bağlı saatlarla danışmaq olar. "Şuşa ili"nin elan edilməsi Böyük Qayıdış planının sürətlə həyata keçdiyinin də bir növ xəbərçisidir”.