Yeni binalarda “kupça” məsələsi niyə tam həllini tapmır? - İQTİSADÇI AYDINLIQ GƏTİRDİ

6 Yanvar 2022 11:45 (UTC+04:00)

"Binalara kupça adlandırılan sənədlərin verilməsindəki ləngimələr əsasən bürokratik əngəllərlə bağlıdır. Düzdür, bu son illər ərzində müsbət mənada dəyişikliklərin olduğu sahədir. Amma yenə də biz görürük ki, yeni tikili binaların sənədləşməsi məsələləri müəyyən qədər ləngimə ilə həyata keçirilir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Elşad Məmmədov deyib.

Onun sözlərinə görə, bununla yanaşı bir məsələ də var ki, planlaşdırma nöqteyi-nəzərdən ciddi problemler var: "Bugün həmin binaların sənədləşməsi heç də problemlərin həlli demək deyil. Çünki binaların tikinti üslubu, onların şəhərin arxitekturasına təsiri məsələləri çox önəmlidir".

Elşad Məmmədov sözlərinə belə davam edib: "Uzun illər ərzində şəhər təsərrüfatı bununla bağlı problemlərlə üzləşəcək. Bir məqamı da unutmayaq ki, həmin o sənədləşmənin yekunlaşması faktiki olaraq artıq mülkiyyət hüququnun verilməsi nöqteyi-nəzərdən həmin binalarda mənzillərin sahiblərinə böyük imkanlar açacaq ki, onlar artıq o mənzillərə tam şəkildə sahib olacaq. Sonra şəhərin arxitekturası ilə bağlı hansısa məsələlər ortaya çıxdıqda demək olar ki, məsələlərin hansı istiqamətdə həlli üçün dövlətin imkanları məhdudlaşacaq. Amma digər tərəfdən artıq binalar mövcuddursa onların sənədləşməsinin ləngiməsi də problemdən çıxış yolu hesab oluna bilməz. Ona görə də artıq binalar mövcuddursa, onlar müvafiq standartlara uyğundursa onların sənədləşməsindəki ləngimələr sosial narazılıqlara səbəb ola bilər və digər tərəfdən də sözsüz ki, onların tikintisinə icazələr verilibsə məsuliyyət vətəndaşlarda həmin mənzilləri əldə edən vətəndaşlarda olmamalıdır. Ona görə də burada düşünürəm ki, kifayət qədər problem olan məsələdən söhbət gedir və sözsüz ki, dövlət bir tərəfdən bu sənədləşmənin ləngiməsini aradan qaldırmalıdırsa, digər tərəfdən də heç olmasa bundan sonra yeni tikilən binalarda müvafiq şəhərsalma ilə bağlı şəhər təsərrüfatının planlaşdırılması ilə bağlı standartlara və beynəlxalq normativlərə effektiv şəkildə əməl olunmalıdır".

Ayşən Vəli