Yücel Karauz: “Ümid edirik ki, 2022-ci ildə Rusiya sülhməramlılarının bitərəf olmasının, hər iki tərəflə münasibətdə obyektivliyi qorumasının, qanunsuz səfərlərin, təxribatların qarşısının alınmasının, terrorçulardakı silah-sursatların ələ keçirilməsinin şahidi olacağıq”
"Azərbaycan çox ağıllı, planlı bir strategiya ilə irəliləyir. Bu strategiyanın təməli çox böyük bir məntiqə əsaslanır". SİA xəbər verir ki, bunu ölkə mediasına açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ordunun ehtiyatda olan generalı Yücel Karauz deyib.
Onun sözlərinə görə, rus sülhməramlıları səlahiyyətlərini aşırlar. Belə ki, Azərbaycan Türkiyə ilə birgə və bərabər, Rusiya ilə isə kordinasiyalı şəkildə addım atır: “Amma bütün problemlərin hamısının bir anda, qısa bir vaxtda həll edilməsi mümkünsüzdür. Ona görə də sıralanma ilə problemlərin həll olunması məsələsi vacibdir. Üçtərəfli bəyanatda göstərilən həlli vacib olan məsələlər var”.
General qanunsuz erməni silahlılarının 2022-ci ildə hər hansı irimiqyaslı terror hadisələri törədə biləcəklərini düşünmədiyini bildirib
“2022-ci ildə Zəngəzur dəhlizi ilə bağlı məsələnin həllini tapacağını, işğaldan azad edilən ərazilərdəki qanunsuz erməni silahlı dəstələrinin tərksilah ediləcəyini düşünürəm”, deyən türk generalı əlavə edib ki, Zəngəzur dəhlizinin açılması, Türkiyə ilə Ermənistanın münasibətlərinin normallaşması, bəlkə ilin ikinci yarısında Ermənistan və Azərbaycan arasında problemlərin çözülməsi üçün qarşılıqlı razılıqların əldə olunması istiqamətində əhəmiyyətli hadisələrin şahidi ola bilərik.
Yücel Karauz Rusiya sülhməramlılarının Qarabağdakı müvəqqəti səlahiyyət zonalarında hələ də qalan və zaman-zaman təxribatlar törədən qanunsuz erməni silahlılarının 2022-ci ildə hər hansı irimiqyaslı terror hadisələri törədə biləcəklərini düşünmədiyini bildirib. Lakin bununla yanaşı o qeyd edib ki, Azərbaycanın və Türkiyənin hazırda gördüyü tədbirlər tez bir zamanda Naxçıvan-Azərbaycan birbaşa quru əlaqəsinin qurulmasına səbəb olacaq. Eyni zamanda, əldə edilən müsbət nəticələr və qarşılıqlı etimadlar yerdə qalan digər problemlərin də geridə qalmasına səbəb olacaq.
“Şuşa ili”nin elan edilməsi, Qarabağda aparılan sürətli bərpa-quruculuq işləri, Zəngəzur dəhlizinin fəaliyyətə başlamasından sonra silahlı ünsürlərin varlığına və onların həmin ərazilərdə fəaliyyətinə son qoyulacaq
Türk generalı hesab edir ki, 2022-ci ilin Azərbaycanda "Şuşa ili" elan edilməsi Şuşada, ümumilikdə isə Qarabağda aparılan sürətli bərpa-quruculuq işləri, infrastruktur layihələri oradakı separatçı rejim qalıqlarının müqavimətini də qıracaq və məsələnin Azərbaycanın istədiyi kimi yekunlaşması üçün prosesləri sürətləndirəcək: “Zəngəzur dəhlizinin fəaliyyətə başlamasından sonra silahlı ünsürlərin varlığına və onların həmin ərazilərdə fəaliyyətinə son qoyulacaq.
Ümid edirik ki, 2022-ci ildə Rusiya sülhməramlılarının bitərəf olmasının, hər iki tərəflə münasibətdə obyektivliyi qorumasının, qanunsuz səfərlərin, təxribatların qarşısının alınmasının, terrorçulardakı silah-sursatların ələ keçirilməsinin şahidi olacağıq. Rusiyanın dünya gücləri tərəfindən Ukrayna məsələsinə görə Qərbin embarqosu ilə üz-üzə qaldığı bir vaxtda Cənubi Qafqaz, Qarabağ, Ermənistan-Azərbaycan mövzusunda Azərbaycanın haqq savaşına dəstək verməsi, bu işlərin Türkiyə ilə birgə həyata keçirilməsi Rusiyanın da xeyrinədir. Vladimir Putin başqda olmaqla Rusiya höküməti bu istiqamətdə verilən qərarlara, görülən işlərə dəstək verir”.
Hər şey rəsmi Bakının istədiyi kimi nəticələnəcək
General təəssüflə bildirib ki, Rusiyanın bölgədə sabitliyin yaranması istiqamətində bir tərəfdən dəstək göstərdiyi halda, digər yandan tərəfsiz, obyektiv fəaliyyət göstərmədiyi, səlahiyyətlərini aşdığını görürük: “Bu da əslində gözlənilən bir şeydir. Çünki böyük dövlətlərin siyasətlərinin bir hissəsi də bu cür gedişlərdən ibarətdir. Bu il Zəngəzur dəhlizinin açılacağını, sərhədlərin delimitasiya və demarkasiyası məsələsinin həll ediləcəyini, mina xəritələrinin tamamilə Azərbaycana verilməsi istiqamətində baş verəcək növbəti təhlükələrin qarşısının alınması mövzusunda rəsmi Bakının istədiyi kimi nəticələnəciyini hesab edirəm", deyə Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ordunun ehtiyatda olan generalı Yücel Karauz bildirib.
Rövşən RƏSULOV