Naxçıvan Muxtar Respublikasının mədəniyyət ocağı sayılan Heydər Əliyev adına Sarayda Naxçıvan Dövlət Filarmoniyasının musiqi kollektivləri “31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” bayramı münasibətilə möhtəşəm konsert proqramı ilə dinləyiciləri rövnəqləndirib. Musiqi kollektivlərinə Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Səməd Əsgərov, Cahangir Qurbanov, Elvin Əliyarov, dirijorluq edib.
Orkestrlərdən - simfonik orkestr, xalq çalğı alətləri orkestri, xor kollektivləri, estrada orkestri, Naxçıvan Dövlət Filarmoniyasının Ərtoğrul Cavid adına Uşaq Musiqi və bədii sənətkarlıq məktəbinin xor kollektivi öz maraqlı ifaları ilə dinləyicilərin rəğbətini qazanıb.
Proqrama bir sıra Azərbaycan bəstəkarlarının əsərləri, ənənəvi musiqinin bir qolu olan aşıq musiqisi, folklor musiqisindən xalq mahnı və rəqsləri daxil edilib.
Müslum Maqomayevin “Azərbaycan” mahnısı, təntənəli ab-havada tamaşaçı kütləsinə ərməğan edilməklə tədbir açıq elan edilib. Azərbaycan Respublikasının Əməkdar artisti Zeynalabdin Babayevin bədii rəhbərliyi, mahnı və rəqs ansamblının müşayiəti ilə Hacıbaba Hüseynovun repertuarından əxz edilən “Durnam” mahnısı Habil Qasımovun ifasında, Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Ruhiyyə Hüseynovanın ifasında bəstəkar Vasif Allahverdiyevin “O yollar” əsəri kamera orkestrinin müşayiəti ilə, Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Səməd Əsgərovun bədii rəhbəri və dirijoru olduğu xalq çalğı alətləri orkestrinin müşayiəti ilə bəstəkar Şəfiqə Axundovanın “Həsrətindəyəm” mahnısı xanəndə Bəhruz Quliyevin ifasında, mahnı və rəqs ansamblının müşayiəti ilə bəstəkar Ələkbər Tağıyevin “Mənim dünyam” mahnısı müğənni Cəfər Tağıyevin ifasında, daha sonra elə bu ansamblın müşayiəti ilə bəstəkar Hökümə Nəcəfovanın “Kaş ki, gözəl olmayaydım” mahnısı Nərmin Hüseynovanın icrasında, sözü gedən ansamblın müşyiəti ilə Azərbaycan Respublikasının Xalq artisti Əzizağa Məmmədovun ifasında bəstəkar Vahid Axundovun “Naxçıvan” mahnısı, bəstəkar Tofiq Quliyevin “Qaytağı” rəqsi ansamblı və rəqs kollektivinin icrasında, gənc vokal ifaçısı İlkin Abdullayevin ifasında bəstəkar Kamalın “Vətən savaşı” əsəri estrada orkestrinin müşayiəti ilə, Elvin Əliyarovun dirijorluğu ilə Xor və simfonik orkestrin ifasında bəstəkar Kəmaləxanım Əsədullayevanın “Heydər Əliyev haqqında Oda” adlı əsəri”, bəstəkar Teymur Cəbrayılovun “El oğlu” əsəri Naxçıvan Dövlət Filarmoniyasının, Ərtoğrul Cavid adına Uşaq Musiqi və bədii sənətkarlıq məktəbinin xor kollektivlərinin ifasında təqdim edilib.
Bildiyimiz kimi, Azərbaycan mədəniyyətinin tarixi salnaməsində Naxçıvanın qədim maddi və mədəniyyət, eyni zamanda qeyri-maddi mədəniyyət abidələri, istedadlı şəxsiyyətləri xüsusi yer tutur. Bu diyar görkəmli ziyalıları, siyasi, dövlət və hərbi xadimləri ilə fəxr edir. Məhz Naxçıvan torpağna bağlı olan ümumilikdə Azərbaycançılıq ideologiyasına xidmət edən Dahi şəxsiyyət Heydər Əliyev demişdir: "Bir azərbaycanlı, Azərbaycan Prezidenti kimi fəxr edirəm ki, Azərbaycan xalqı belə zəngin mədəniyyətə, zəngin incəsənətə, peşəkar musiqiyə malikdir. Azərbaycanda peşəkar musiqinin əsasını böyük Üzeyir Hacıbəyov qoyubdur. Onun məktəbi, tələbələri, silahdaşları XX əsrdə Azərbaycanda çox yüksək musiqi mədəniyyəti yaradıblar. Biz bununla fəxr edirik”.
Bəli, işıqlandırılan tədbirdə də ənənələrin, sələflərdən gələcək nəsilə ötürülməsi tendensiyası qabariq şəkildə özünü izhar edir. Bu, həm proqram tərtibatında – folklor musiqisinə (xalq mahnı və rəqs), ənənəvi musiqi qollarina (muğam, aşıq musiqisi) müraciətdə, eyni zamanda bəstəkar əsərlərinin işıqlandırılmasında qabarıq şəkildə özünü büruzə verir. Ənənə prizmasından konsert proqramına yanaşarkən qeyd etmək olar ki, Naxçıvanda aşıq sənətinin yaranma tarixi uzaq keçmişə aid edilir və öz inkişaf zirvəsinə XVIII əsrdə Ağ Aşığın (1754-cü ildə Şərur mahalından olan Allahverdi Qara Osmanoğlu) yaradıcılığı ilə çatır. Bu gün Naxçıvan aşıqları keçmiş aşıq yaradıcılığı ənənələrini davam etdirməklə yanaşı, onu simfonik orkestrin müşayiəti ilə icra etməyə müvəffəq olub. Belə ki, məhz ilk dəfə olaraq bu tədbirdə biz maraqlı ifanın canlı şahidi olduq. Cahangir Qurbanovun dirijorluq etdiyi simfonik orkestrin müşayiəti ilə Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Tural Bağırov “Şirvan müxəmməsi” adlı aşıq havasını ifa etdi. Ənənələrə sadiqlik folklor musiqisi sahəsindən də yan keçmir. Tədbirdə xalq rəqslərindən olan “İnnabı” proqram çərçivəsində çox gözəl səhnə dekorasiyaları və diqqəti cəlb edən milli geyimlərlə yadda qalıb. Tanınmış Azərbaycan bəstəkarı Emin Sabitoğlunun “Güllər” adlı vals timsallı əsəri Azərbaycan Respublikasının əməkdar artisti Gülyanaq Fərzəliyeva tərəfindən rəqs qrupunun fonunda ifa edilib.
Konsert proqramını bütövlükdə yaradıcı olaraq ərsəyə gətirən rejissor, səhnə tərtibatçıları, dirijor, orkestr ifaçıları, xanəndə, vokal ifacıları, müğənnilər, rəqqaslar hərtərəfli Azərbaycan musiqi mədəniyyətini layiqincə dinləyici kütləsinə çatdıraraq tamaşaçıların zövqünü oxşamışlar.
Kəmaləxanım Əsədullayeva,
Sənətşünaslıq üzrə fəlsəfə doktoru,
Bəstəkarlar İttifaqının üzvü