Son günlər müsəlmanların hücum və təzyiqlərə məruz qaldığı Hindistanda İslam əleyhinə hərəkətləri ilə tanınan ifrat sağçı Hindutva dəstələri bu dəfə rəqəmsal tətbiq vasitəsilə müsəlman qadınları hədəf alıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, yüzdən çox müsəlman qadın, o cümlədən Dehli Ali Məhkəməsinin hakiminin həyat yoldaşı, məşhur hind aktrisası Şabana Əzmi və çoxsaylı jurnalistlər, fəallar və siyasətçilər rəqəmsal proqramda hərraca çıxarılıb. GitHub proqram saytındakı "Bulli Bai" tətbiqi müsəlman qadınları fotoları ilə birlikdə yanvarın 1-də hərraca çıxarıb.
Əxlaqsız hadisəni görən qadınlar hadisəyə böyük reaksiya veriblər. Jurnalist İsmət Ara proqramdan foto paylaşaraq "Yeni ilə qorxu və ikrah hissi ilə başlamaq çox kədərlidir"-deyə paylaşım edib.
Polisə şikayət edən Ara şəklinin manipulyasiya edildiyini bildirib. Hindistanın Elektronika və İnformasiya Texnologiyaları naziri Aşvini Vaişnav araşdırma başladıldığını açıqlayıb. "Tviter" həmçinin proqrama keçidləri paylaşan hesabı dayandırıb. İyul ayında analoji tətbiqdə 80-dən çox qadının, o cümlədən jurnalistlərin və sənətçilərin fotoları paylaşılıb. “Sulli Deals” adlı proqram əks reaksiyadan sonra silinib polis məsələ ilə bağlı araşdırma başladıb.
Qeyd edək ki, Hindistanda anti-İslam ritorikasının səsi günü-gündən artır. Hindutvanın üzvü olan bir hindu keşişi bu yaxınlarda ölkədə müsəlmanlara qarşı soyqırım çağırışı edib.