Kanada məhkəməsində İran barədə hökm oxunub

4 Yanvar 2022 09:23 (UTC+04:00)

2020-ci il yanvarın 8-də İran tərəfindən vurulan Ukrayna Hava Yollarına məxsus “Boeing 737” tipli və “752” sərnişin təyyarəsində həyatını itirən 63 Kanada vətəndaşından 6-nın qaldırdığı iddia ilə bağlı qərar açıqlanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, müvafiq olaraq, Ontario Ali Ədalət Məhkəməsinin hakimi Edvard Belobaba altı qurbanın varisləri tərəfindən bölüşdürüləcək 100 milyon dollarlıq cəza təzminatı təyin edib.

Hakim Belobaba öz qərarında ailə üzvlərinə rəhbərlik, qayğı və dostluq itkisinə görə 1 milyon dollar, mənəvi zərər və iztirablara görə isə 6 milyon dollar pul ödənilməsini təsdiq edən qərar çıxarıb. Şahin Moqhaddam, Mehrzad Zarei, Ali Gorji və İranın qisasından qorxan və adlarını anonim saxlayan digər üç şəxsin vəkili Mark Arnold CBC-yə bildirib ki, təzminat rəqəmlərini toplamaq üçün nə lazımdırsa edəcəklər.

Arnold komandasının İranın Kanadadakı və xaricdəki varlıqlarına əl qoyacağını, İranın başqa ölkələrdə neft tankerlərinin olduğunu və ailələrin borclarının ödənilməsi üçün qanuni mübarizəni davam etdirəcəklərini bildirib.

Bu mövzuda hüquqi mübarizənin iki fərqli ölçüsü olduğuna diqqət çəkən Arnold, "Fərdi şəkildə mübarizə aparırıq, lakin Kanada hökuməti lazım olanı etmir. Baş nazir Trüdonu qurbanların ailələrinə kömək etməyə çağırıram" -deyə qeyd edib.