ABŞ-da Yeni il tədbirləri çərçivəsində küçə şənlikləri keçirilib. Yeni il şənliklərinin simvoluna çevrilən Nyu-York Tayms Meydanında baş tutan ziyafət tədbirləri bu il Covid-19-a qarşı artan tədbirlərlə reallaşıb.
Nyu York meri Bill de Blasio verdiyi açıqlamada “Biz hamıya irəlilədiyimizi və Nyu-York şəhərinin buna qalib gəlmək üçün mübarizə apardığını göstərmək istəyirik” deyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, küçə şənliyində iştirak etmək istəyənlər üçün də peyvənd sertifikatları və maskalar tələb olunur. Ənənəvi olaraq hər il təxminən 60 min insanın iştirak etdiyi gecəyə bu il 15 min adam qatılıb. Nyu Yorkda keçirilən şənliklərə baxmayaraq, Atlanta, San Fransisko, Los Anceles və Boston kimi şəhərlərdə xalqın iştirakı ilə baş tutacaq böyük şənliklərin ləğv edildiyi öyrənilib. Lakin ötən illərdə Covid-19 pandemiyası səbəbindən ənənəvi küçə şənlikləri keçirilməyib.