Yaşadığımız dövrün, yəni 21-ci əsrin yüksək texnologiyalar dövrü olması səbəbi ilə indiyə qədər öyrəşdiyimiz bütün vərdişlərimiz zamanın tələblərinə uyğun olaraq dəyişir, yəni texnologiyalar əsri sözün əsl mənasında bizi texnologiyadan asılı vəziyyətə salır. Məktublar, şəhərdaxili telefonlar artıq tarixin tozlu rəflərində özünə yer tapıb. Bütün bunların nəticəsidir ki, artıq sosial şəbəkələrdəki fəaliyyətlərimiz bir sıra məsələlərdə həlledici rol belə oynaya bilir. Belə bir söz var "danış səni görüm". Sosial media əslində demək olar ki, qayda və qadağaların olmadığı bir məkandır. Ona görə də, insanlar istədikləri mövzuya istədikləri formada şərh verməkdən çəkinmirlər. Bəs, əslində sosial mediada aparılan polemikaları daha sağlam şəkildə və məqsədini aşmadan necə aparmaq olar?
Bu barədə SİA-ya açıqlamasında media eksperti Azər Həsrət fikirlərini belə izah edib: "Əlbəttə ki, sosial mediada nəyi, necə müzakirə etməklə bağlı müəyyən qaydalar əslində var. Amma ümumi götürəndə bu sahə sadəcə olaraq qaydasız bir sahədir. Ona görə ki, sosial media hər kəs üçün əlçatandır. Burada iştirak edən insanların da heç də hamısının media savadlılığı yüksək səviyyədə deyil. Bəzən də buradakı istifadəçilərin bəzilərinin media savadlılığı sıfır səviyyəsində olur. Ona görə də o insanlara hansısa qaydalar qoymaq və o qaydalar əsasında fəaliyyət göstərməyi onlardan tələb etmək çox çətin məsələdir. Ona görə də sosial media qurucuları orada qeydiyyatdan keçərkən bizə qaydaları imzalatdırır. Yəni istənilən sosial mediada biz hesab açanda, qeydiyyatdan keçəndə orada onların qaydaları ilə tanış olduğumuzu təsdiqləyən bir hərəkət edirik. Çox vaxtda biz o qaydaları oxumadan təsdiq edirik. Oxumadığımız üçün əslində mövcud olan qaydaları pozuruq. Yəni bu baxımdan məsələ çox çətindir. Lakin biz çıxış yolunu nədə görürük. Şəxsən mən özüm illərdir bu yöndə təkliflər verirəm. Əlbəttə, bu təkliflər mənim öz ixtiram deyil. Dünyanın kifayət qədər aparıcı təşkilatları da bu təkliflərlə çıxış edir. "Netiket" deyilən bir şey var. Bu onlayn etika deməkdir. Onlayn etikaya əməl ediləcəyi təqdirdə müzakirələr də həddini aşmayacaq. Yəni burada sosial mediada müzakirə aparıldığı zaman jurnalistikada olduğu kimi qəbul edilmiş ümumi qaydalara əməl edilməsi vacibdir. Burada nə var? Burada hətta jurnalistikadan da ötə gündəlik həyatımızda söykəndiyimiz davranış qaydaları var. Həmin qaydalara onlayn sürətdə də əməl etmək lazımdır. Məsələn tutaq ki, insanların çox olduğu yerdə, cəmiyyət içərisində biz söyüş söymərik, artıq-əskik hərəkət etmərik. Çünki insanlardan ayıbdır. Bu hərəkətimiz cəmiyyəti narahat edə bilər. Eyni qayda da onlayn müstəvidə davranmaq lazımdır. Orada olanda da belə davranmalıyıq ki, hərəkətlərimiz digərlərini narahat etməsin. Amma təəssüflər olsun ki, onlayn media, yaxud sosial media istifadəçilərinin bəziləri elə hesab edir ki, o otağında oturub təkdir və smartfon və kompyüter vasitəsi ilə nəsə yazırsa, onu heç kim görmür. Lakin əslində, normal həyatda onu 10 nəfər, 20 nəfər görürsə, sosial mediada minlərlə insan görə bilir. Bəzi adamlar da var ki, onların əxlaqı çox zaman yerində olmur. Ağılları çatdı-çatmadı hər kəslə mübahisə edirlər. Belələrinə onlayn mediada biz parazitlər deyirik. Bu adamlar hamının zəhləsini tökür. Belə olan halda biz onları hüquq-mühafizə orqanlarına şikayət etməli oluruq".
“Jurnalist Ekspert Mərkəzi” İctimai Birliyinin sədri Ceyhun Musaoğlu isə bu barədə fikirlərini belə izah
edib: "Ümumiyyətlə, biz sosial şəbəkə və media arasında ciddi şəkildə fərq qoymalıyıq. Bu anlayışlar arasında qalın məftillərlə keçilməz sərhəd çəkməliyik. Bəzən fikirlər səsləndirilir ki, sosial mediada bu məlumat yayılıb, sosial mediada bu fikir yayılıb. Bəs, onda ənənəvi mediaya nə deyək? Qəzetə, sayta media deməyək? Qəzetlə, saytla və jurnalistikanın prinsiplərinə tam əməl edən və etməyə məcbur olan KİV orqanları ilə sosial şəbəkələri necə eyniləşdirmək olar. KİV orqanlarında aparılan gündəm müzakirələri, əlbəttə, bütün jurnalistikanın tələblərinə, prinsiplərinə qəbul olunacaq. "Media haqqında" qanuna mütləq əməl etməlidir. Birincisi, qanunu pozmaq olmaz. İkincisi, ənənə də elə qanun kimi pozulmazdır. Tələb də qanun qədər pozulmazdır. Hər sənətin özünün peşəkarlıq tələbi var. Məsələn, mətbuatda hər hansı xəbəri müzakirə etməli olacağıqsa, deməli, burada biz ən azı 4 mənbəyə istinad etməli olacağıq. Birincisi, başqalarının şərəf və ləyaqətini alçaltmayacağıq, ikincisi təbliğat aparmayacağıq, üçüncü əks təbliğat aparmayacağıq və nəhayət jurnalistikanın prinsiplərinə xələl gətirməyəcəyik. Əgər müzakirə mətbuatda gedirsə, biz bunlara əməl etməli olacağıq. Sosial şəbəkələrdə müzakirəyə gəldikdə isə burada nə istəsələr edəcəklər. Saydığım bu tələblərin və bundan artıq tələblərin hamısını pozacaqlar. Çünki onlar nəzarətsiz bir şəbəkədir. Ancaq jurnalistlərin sosial şəbəkədə hər hansı fikri yazmasına baxdıqda orada məsuliyyəti görmək olur. Hamının sosial şəbəkədə hesabı var. Jurnalist öz hesabında nəyisə müzakirə edəndə həddən artıq məsuliyyətli davranır. Bütün müzakirə məsələlərinə jurnalistika prizmasından yanaşır. Ancaq digərləri, yəni jurnalistikanın prinsiplərindən xəbəri olmayan şəxslər necə gəldi məsələləri müzakirə edəcəklər. Biz onların qarşısına belə olan halda çıxa bilməyəcəyik. Burada yazılan təhqirlər məhkəmə predmetidir. Belə şəxslərə xəbərdarlıq olunacaq və onlar xüsusi xidmət orqanlarına dəvət olunacaqlar. Yəni sosial şəbəkələrdə gündəmin müzakirəsi jurnalistikanın prinsiplərinə uyğun aparılsa, daha yaxşı olar. Onda sosial şəbəkə ilə jurnalistika arasındakı sərhəd biraz şəffaf olar. Biz onları görərik, onlar bizi görərlər. Biz bir-birimizə dəstək olarıq. Yoxsa biri bir fikir yazır gündəmlə bağlı, aşağıda görürsüz ki, ziyalılar, jurnalistlər çox ağıllı şəkildə müzakirələrə qoşulurlar və birdə gördüz heç kimin tanımadığı bir vətəndaş bir söyüş yazdı, yaxud mövzuya aidiyyatı olmayan bir fikir səsləndirdi. Beləliklə də, orada hamı ona fokuslandı və mövzu kənarda qaldı. Sosial şəbəkədə heç kəs mən heç nəyə, heç bir yazı-pozu qanunlarına tabe deyiləm deyib, "nənəm mənə kor deyib, gələn-gedənə vur deyib" prinsipinə söykənib fəaliyyət göstərə bilməz. Bu ümumiyyətlə, insani dəyərlərə ziddir. Bütün sənətlər insana nəzərən formalaşıb, insana nəzərən məntiqi təşəkkül tapıb. Birinci insan olaraq təhqir etməyəcəksən, kimisə aşağılamayacaqsan, bilmədiyin mövzudan danışmayacaqsan, ən azı müşahidəçi kimi kənardan baxacaqsan və orada nələrisə özün üçün götürəcəksən. Baxın, sosial şəbəkələrin özü əslində biraz da cəmiyyətin aynasıdır. Jurnalistika çalışıb o aynanı təmiz saxlamağa kömək etməlidir. Həmin o sosial şəbəkə istifadəçiləri ki hansısa söyüşlə, təhqirlə özlərinə bənzər auditoriya tapıb, sonra da o geniş auditoriyadan istifadə edib yenə də, heç bir dəqiqləşdirmə aparmadan aşağılayıcı hərəkətlərə yol verirlərsə, bunun qarşısını qanuni tədbirlərlə də alırlar. Ancaq gərək insan birinci özü-özünü dərk etsin özü başa düşsün ki, hər hansı məsələni müzakirə edəndə bu mövzunun çəkisini nəzərə almaq lazımdır. Bu ictimai mövzudurmu, dövlət və ya hərbi əhəmiyyətli mövzudurmu deyə diqqət yetirmək lazımdır. Hər mövzuya eyni cür nüfuz etmək olmaz. Jurnalistika bunu bilir, ancaq sosial şəbəkələr bunu bilmir. Çünki qanunsuz və heç bir prinsipə söykənmədən fəaliyyət göstərir".