Pavel Danilin: “Ermənistan Azərbaycanla sülhə tam hazır deyil” - MÜSAHİBƏ

30 Dekabr 2021 14:33 (UTC+04:00)

“Paradoksaldır ki, Ermənistan cəmiyyəti müharibəyə tam hazır deyil, orada heç kim öz övladlarını qırğına göndərmək istəmir, eyni zamanda, Azərbaycanla sülh də istəmir”

Tanınmış rusiyalı politoloq və publisist, Siyasi Təhlil və Sosial Tədqiqatlar Mərkəzinin baş direktoru Pavel Danilin “Caliber” analitik mərkəzinə müsahibəsində Azərbaycan-Ermənistan münasibətləri və regionda yaranmış vəziyyətlə bağlı maraqlı fikirlər səsləndirib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Son vaxtlar Ermənistanın baş naziri Paşinyanın bəyanatlarının ritorikası nəzərəçarpacaq dərəcədə dəyişib, o, Ermənistanın hərtərəfli sülh sazişi imzalamağa hazır olduğunu və Qarabağın “statusu” mövzusunun bağlandığını bildirir. Sizin hesablamalarınıza görə, Ermənistan bu bəyanatları nə vaxtdan praktiki olaraq həyata keçirməyə başlayacaq?

- Mən hesab edirəm ki, Paşinyanın bütün bu bəyanatları vəzifə borcudur və deklorativ xarakter daşıyır. Praktiki hərəkətlərə və addımlara gəlincə, anlamaq lazımdır ki, Ermənistan Azərbaycanla sülhə tam hazır deyil. Yəni Ermənistan cəmiyyətində sülhə mənəvi-psixoloji hazırlıq yoxdur. Eyni zamanda, Ermənistan cəmiyyətində yeni müharibəyə başlamaq istəyi də yoxdur. Paradoksaldır ki, Ermənistan cəmiyyəti müharibəyə tam hazır deyil, orada heç kim öz övladlarını qırğına göndərmək istəmir, eyni zamanda Azərbaycanla sülh də istəmir. Paşinyan üçün bu, çox ciddi çağırışdır, o, istənilən halda hərəkətə keçməli olacaq, çünki Brüsseldə ona vəziyyəti başa düşmək tapşırılıb ki, onun hər hansı bir hərəkəti ya dövlətin dağılmasına, ya da onun rejiminin dağılmasına gətirib çıxaracaq. Ona görə də, Paşinyan bu yaxınlarda diktator səlahiyyətlərini qəbul etdi və Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsinin onun siyasətini anlamadığı halda razılaşmanın həyata keçirilməsinin mümkün olmayacağını başa düşdü. Amma razılaşmaların icrasına başlanan kimi, xüsusən də Zəngəzur dəhlizindən keçən yola nəzarətlə bağlı Paşinyanın baş nazir postundan uzaqlaşdırılması ehtimalı artacaq.

- Yəni, bu halda Paşinyan daxili siyasi vəziyyəti nəzarətdə saxlaya bilməyəcək?

- Fakt budur ki, Ermənistanda daxili siyasi vəziyyət partlayış həddindədir. Paşinyan da Zəngəzur dəhlizinin reallaşdırılması layihəsinə başlayan kimi xalqın narazılığı dalğası ilə həm Paşinyan, həm də onu dəstəkləyən qüvvələri dağıda bilər. Ancaq bu vəziyyətdə başqa bir şey göz qabağındadır. Bir tərəfdən Paşinyanın populyarlığı düşür, digər tərəfdən onun siyasətdə subyektivliyi və diktator səlahiyyətlərini əldə etmək istəyi artır. Sazişi həyata keçirməməklə, -başqa cür həyata keçirmək mümkün olmadığından- Ermənistan yeni müharibə və yeni məğlubiyyət ala bilər, bu da yeni itkilər deməkdir.

Düşünürəm ki, Ermənistan tərəfi daxili siyasi səbəblərə görə danışıqları uzadacaq. Amma bu səbəblər ortadan qaldırılan kimi Paşinyan müqaviləni imzalayacaq. Bu arada bu, onun üçün çox böyük təhlükədir, çünki dediyim kimi, sülh sazişinin imzalanması İrəvanda qiyam və ya hərbi çevrilişlə nəticələnə bilər.

- Yəni, yaxın gələcəkdə sənəd imzalanmayacaq?

- Çətin sualdır. Kobud desək, sabah, o biri gün nə olacağı bilinmir. Bununla bağlı iki-üç aylıq perspektivi proqnozlaşdırmaq çətindir, çünki ermənilərin ictimai şüurunda iki amil var: revanşizm və müharibə olmasın.

- Paşinyanın sələfləri hərbi çevrilişə səbəb ola bilərdimi? Bunu reallaşdırmaq üçün Koçaryan və Sarkisyanın kifayət qədər ehtiyatı olacaqmı?

- Sarkisyan və ya Koçaryan çətin ki, çevriliş törədə bilsin. Çox güman ki, yox. Çünki bu halda Moskva da, Avropa da onlardan üz döndərəcək. Bu isə Ermənistan üçün pisdir. Ancaq vətəndaş iğtişaşları yaratmaq yolu ilə getmək tamamilə mümkündür.

Paşinyanın dövründə təbii ki, onların Ermənistanda yenidən hakimiyyətə gəlmək şansları yoxdur.

- Paşinyanın Qərbdən o qədər də razı olmadığını, Moskvanın isə ondan razı qalmadığını nəzərə alsaq, Ermənistanın siyasi gündəmində yeni fiqurun peyda olacağını ehtimal edirsinizmi?

- Mən qisas almaq ehtimalının olduğunu qəbul edirəm, amma Paşinyanın da “cibdən çıxarıldığını” və altı ay ərzində pompalandığını xatırlasaq, yeni fiqur ortaya çıxa bilər. Digər tərəfdən, bunun Qərbin və ya Rusiyanın nə qədər xoşuna gəlib-gəlmədiyini söyləmək çətindir. İndiki situasiyada o təəccüblüdür ki, məhz Paşinyan ölkəyə xeyir verə bilər. Paşinyana qarşı bütün mənfi münasibətlər nə qədər səslənsə də, onun ermənilərlə azərbaycanlılar arasında uzunmüddətli düşmənçiliyi aradan qaldırmaq şansı var.

- Rusiya Ermənistanı sülhə məcbur etməkdə davam edəcəkmi?

-Yalnız o halda ki, o, Yerevan yeni konflikt alovlandıracaq. Əks halda, məncə Rusiya bu prosesə qarışmayacaq.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb.