Son 1 ildə iqtisadiyyat sahəsində hansı yeniliklər olub? - DEPUTAT ŞƏRH ETDİ

30 Dekabr 2021 13:22 (UTC+04:00)

"2021-ci il Azərbaycan iqtisadiyyatı üçün fərqli illərdən biri oldu. Nəzərə alsaq ki, 2022-ci ildəki pandemiya və pandemiyanın təsirləri nəticəsində Azərbaycan iqtisadiyyatının 4,3 faiz azalması fonunda, 2021-ci ildə də pandemiyanın təsirləri həlledici təsirlər sırasında idi". Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, 2021-ci ilin yanvar ayından etibarən Azərbaycanda sərt karantin tədbirlərinin yumşalması müşahidə olundu: "Bu da təbii ki, real sektorun mərhələli şəkildə açılmasına imkan verdi və praktiki olaraq 2021-ci ildə artıq birinci yarısından sonra Azərbaycan iqtisadi artım tempini bərpa edə bildi. İlin yekunlarında Azərbaycan iqtisadiyyatının beş faizdən çox böyüyəcəyi proqnozlaşdırılır. Bu da ondan xəbər verir ki, pandemiyanın təsirlərinin davam etməsinə baxmayaraq Azərbaycan 2021-ci ildə iqtisadi artıma nail ola bildi. Təbii ki, bütövlükdə həm iqtisadi fəallığın bərpası, həm pandemiyanın təsirlərinin minimumlaşdırılması baxımından kifayət qədər vacib məsələlərdən hesab olunur".

Deputat sözlərinə belə davam edib: "Eyni zamanda, 2021-ci ilin çox vacib məqamlarından biri məhz bu il müşahidə edilən iqtisadi artımın daha çox qeyri-neft sektoru hesabına baş verməsi oldu və praktiki olaraq qeyri-neft sektoru Azərbaycan iqtisadiyyatındakı artımı müəyyənləşdirən və bütövlükdə iqtisadi artımda lokomotivə çevrildi. Bu da təbii ki, iqtisadi artımın dayanıqlığı baxımından vacib hesab olunur".

"Pandemiyanın bir sıra sektorlara təsirləri müşahidə olundu və xüsusən də xidmət turizm sektorunda pandemiyanın təsirləri 2021-ci ildə də qaldı və ölkəyə gələn turistlərin sayı pandemiyadan əvvəlki dövrlə müqayisədə yenə də azaldı. Amma 2020-ci illə müqayisədə təbii ki, Bakıya gələn turistlərin sayında artımlar müşahidə olundu. Turizm sektoru da mərhələli şəkildə bərpa olunmağa başlanılıb. 2021-ci ildə ən vacib məqamlardan biri, məhz işğaldan azad olunmuş ərazilərimizin bərpası və bu prosesin davam etdirilməsi oldu və xüsusən də, 2021-ci ildə işğaldan azad olunmuş ərazilərimiz həyata keçirilən yenidənqurma və bərpa işlərində bir sıra infrastruktur layihələri diqqəti çəkdi. Azərbaycan tarixində vacib layihələrə çevrildi. Zəfər yolu inşa edildi, istifadəyə verildi. Azərbaycanın digər bölgələri ilə o cümlədən Füzuli şəhəri ilə Şuşa şəhərini birləşdirəcək zəfər yolu istifadəyə verilib. Füzuli Beynəlxalq Hava Limanı çox qısa zamanda inşa edilən və qısa zamanda istifadəyə verilən Beynəlxalq Hava limanlarından biridir".

"Ümumiyyətlə, dünyada Füzuli Hava Limanı müddət baxımından ən qısa müddətdə istifadəyə verilən hava limanlarından hesab olunur. Ona görə də bərpa və yenidənqurma mərhələsi davam edir. Azərbaycanın Avropa birliyi ilə enerji təhlükəsizliyi daha da genişləndi. Belə ki, 2021-ci ildə Azərbaycan Avropaya bütövlükdə 7 milyard kubmetrdən artıq mavi qaz nəql etdi, qonşu Türkiyəyə əlavə olaraq 7 milyard kubmetr mavi qaz nəql olundu. O cümlədən Gürcüstan Azərbaycandan 1 milyard kubmetr mavi qaz aldı və praktiki olaraq biz il ərzində Avropa birliyi ilə enerji təhlükəsizliyi və əməkdaşlığının da güclənməsini də müşahidə etdik və təbii ki, bütün bunların fonunda 2021-ci ildə Azərbaycan iqtisadiyyatının inkişaf tempini pozitiv qiymətləndirmək mümkündür. Eyni zamanda təbii ki, xüsusən nəzərə alsaq ki, 2021-ci il Zəfər bayramının qeyd olunduğu il kimi yadda qaldı, tarixə düşdü və bugün Azərbaycan iqtisadiyyatında müşahidə edilən iqtisadi artım o cümlədən işğaldan azad olunmuş ərazilərimizin bərpa yenidənqurmasında zəfərin xüsusi rolu və təsirləri var. Bu da təbii ki, həmin ərazilərimizin reenteqrasiyası baxımından vacibdir. Ona görə də 2021-ci il həm də 2022-ci ildə kifayət qədər genişmiqyaslı sosial paketin reallaşması üçün maliyyə bazası formalaşdırıldı. Çünki büdcədə proqnozlaşdırılandan yalnız qeyri-neft sektorundan 1 milyard manatdan artıq vəsait daxil oldu ki, bu da növbəti il üçün də nikbin proqnozlaşdırmağa imkan verir və növbəti ildə də dövlət büdcəsindən sosial istiqamətə daha çox vəsaitin ayrılmasına imkan yaradacaq".

Ayşən Vəli