"Temperatur əsrin sonuna qədər 4 dərəcə və ya daha çox arta bilər" - RƏİS MÜAVİNİ AÇIQLAMA VERDİ

30 Dekabr 2021 13:18 (UTC+04:00)

"Qlobal istiləşmə ətraf mühitə, insan sağlamlığına, iqtisadiyyata, kənd təsərrüfatına, ümumumiyyətlə eko landşafta öz təsirini göstərir. Quraqlaşma, səhralaşma və daha ciddi dəyişikliklərlə müşahidə olunur". Bunu SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev deyib.

O, qeyd edib ki, bu son 30-40 ildə temperaturun 1.2 dərəcə yüksəlməsi nəticəsində baş verən proseslərdə özünü göstərir. Xüsusilə də, bu həm ölkəmizin ərazisində, həm də qlobal səviyyədə müşahidə olunmaqdadır. Azərbaycanda temperaturun artması nəticəsində quraq ərazilərin sahəsi çoxalır, səhralaşmaya meyillilik də hiss olunacaq qədər özünü büruzə verir.

Rafiq Verdiyev bu barədə fikirlərini belə izah edib: "Eyni zamanda bizim su resurslarımızda da azalma gedir. 10-15 faiz su ehtiyatlarında azalma müşahidə olunur. Əlbətttə ki, quraqlaşma torpağın münbitləşməsinin itməsi, buxarlanmanın artması, ərazilərin quruması kimi dəyişiklər iqlim dəyişikliyinin təsiri ilə daha da çoxalır. Bu isə daha quraq ərazilərin ot örtüyünün azalması, meşələrə mənfi təsir, ümumiyyətlə bu quraq ərazilərin həm ərazi, həm də uzunluq baxımından daha da artaraq daha hündür yüksəkliklərə doğru artması ilə müşahidə olunur. Təxminən son 30 ildə temperaturun qeyd etdiyim kimi 1.2 dərəcə artması quraq ərazilərin 500 metrədək hündürlük zonalarına çatmasında özünü büruzə vermişdir. Bu eyni zamanda daha geniş ərazini əhatə etmişdir.

İndi ssenarilər müxtəlifdir. Əgər Parisdə 2015-ci ildə imzalanmış razılaşmaya əsasən sənayə dövlətləri Çin, Amerika, Rusiya və sair dövlətlər əməl etməsə temperatur əsrin sonuna qədər 4 dərəcə və ya daha çox arta bilər. Bu da daha böyük fəlakətlərə səbəb ola bilər. Ancaq əməl etsələr, temperaturun artımını baza ilə 90-cı illərlə müqayisədə 1.5- 2 dərəcədə saxlaya bilərlər.Bu zaman yenə iqlim dəyişikliyi baş versədə, daha az sürətlə özünü göstərəcək. Bununla da, müvafiq uyğunlaşma tədbirləri ilə baş verəcək dəyişikliklərə uyğunlaşma mümkün ola biləcək".