"Gələn ilin ilk günlərində planlaşdırılan İran və Rusiya prezidentlərinin görüşü çox vacibdir". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi İlqar Vəlizadə deyib.

Siyasi şərhçi qeyd edib ki, bu görüş əsnasında bir çox məsələlər müzakirə olunacaq. Xüsusilə də, regionda gedən proseslər, yəni Cənubi Qafqazda gedən proseslər müzakirə olunacaq. Çünki biz bilirik ki, postmünaqişə gündəliyi çox zəngindir. Burada həm yolların açılması, həm yeni iqtisadi münasibətlərin qurulması, eyni zamanda yeni “3+3” formatının inkişaf etdirilməsi məsələsi çox güman ki, müzakirə olacaq. Eyni zamanda Suriya məsələsi, Əfqanıstanda gedən proseslər diqqət mərkəzində olacaq.
İlqar Vəlizadə bu barədə fikirlərini belə izah edib: "Çünki hazırda hər bir istiqamətdə vəziyyət qeyri-stabil görünür. Hazırda Əfqanıstan və Suriyada mövcud olan sabitlik isə nisbi sayılır. Düşünürəm ki, həm regional, həm də qlobal güclərin qarşıdurması bu bölgələrdə qaçılmazdır. Ola bilər ki, bu qarşıdurmalar daha ağır fəsadlarla nəticələnsin. Buna görə də, İran və Rusiya rəhbərlərinin gələn ildə görüşməsi və fikir mübadiləsi aparması çox vacib məsələdir. Bu da tərəflərin hansı orta məxrəcdə çıxış etməsinə kömək göstərəcək. Əlbəttə ki, ikitərəfli münasibətlər də müzakirə olunacaq. Burada da müəyyən vacib proseslər var. Ticarətin genişlənməsi çox güman ki, müzakirə olunacaq. Çünki İran iqtisadiyyatı hazırda olduqca çətin vəziyyətdədir. Burada İran Rusiyadan müəyyən imtiyazlar, güzəştlər, yaxud ticarətlə bağlı yeni əlverişli şəraitdə tənzimlənən münasibətlərin inkişafını gözləyə bilər".