"Cənab Prezident İlham Əliyev artıq həmişə öz doğum gününü şəhid ailələri, məcburi köçkün və qaçqın ailələri ilə birlikdə keçirir. Bu artıq ənənəvi hal alıb". Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İsgəndərov deyib.
Onun sözlərinə görə, cənab Prezidentin öz doğum günündə xalqımızın xüsusi həssas qruplara aid olan insanlarla birlikdə keçirməsi əlbəttə ki, cənab Prezidentin bu insanlara olan qayğısının təzahürüdür: "Cənab Prezident səfər çərçivəsində bu dəfə Xocavənddə və Şuşada oldu. Səfər zamanı ölkə başçısı Hadrutdakı hərbi hissənin açılışında iştirak etdi. Bu, bizim üçün çox böyük strateji əhəmiyyət daşıyır. Bu, bölgəmizdə ordumuzun gücləndiyini, post-müharibə dövründə ordu quruculuğu prosesinin biraz daha vüsət aldığını, ordumuzun maddi-texniki bazasının, təchizatının ən müasir silahlarla və texnikalarla silahlanmasını göstərdi. Hadrutda yeni Komando hərbi hissəsinin yaradılması Azərbaycan ordusunun hərb gücünün daha da artmasına təzahür edir. Komando briqadaları istənilən hava şəraitində, istənilən hərbi vəziyyətdə onlara tapşırılan vəziyyəti icra etmək gücündədirlər".
Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, ölkəmizin bir çox strateji mövqelərində yeni hərbi hissələrin, postların yaradılması prosesi davam edir: "Bu, ordu quruculuğunun çox vacib tərkib hissələrindən biridir. Biz burada bir neçə mesajı da eşitdik. 44 günlük Vətən müharibəsində cənab Prezident söylədi ki, Hadrut işğalçılardan azad edilməsəydi, Şuşaya gedib çatmağımız çox çətin olardı. Bildiyimiz kimi Şuşa əməliyyatı artıq bir dastana çevrilib, Şuşa əməliyyatı ilə Azərbaycan ordusu dünyaya səs salıb. Onu da qeyd edə bilərik ki, Ali Baş Komandanın rəhbərliyi altında ordu quruculuğumuz keyfiyyətcə yeni formada davam etdirilir, ordumuzun maddi-texniki bazası silah arsenalı yenilənir. Vacib olan bütün məsələlərdə döyüş tapşırıqlarının yerinə yetirməsi bir daha ordumuza olan inamımızı artırır".
Arzu Qurbanzadə