Dünən Azərbaycan jurnalistlərinin Şuşaya növbəti səfəri təşkil olunub. SİA verir ki, səfər Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə həyata keçirilib. Dünən səhər saatlarında yola düşən junalistlər Şuşada işğal dövründə erməni vandalizminə məruz qalmış tarixi-memarlıq və dini abidələri, eləcə də füsunkar təbiət mənzərəsinə malik Cıdır Düzünü ziyarət edib, Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa işləri və yeni infrastruktur layihələri ilə tanış olublar.
SİA məsələ ilə bağlı səfər iştirakçılarının təəssüratlarını öyrənib:
Rupor.az saytının baş redaktoru Ceyhun Musaoğlu: "MEDİA-nın təşkilatçılığı ilə Şuşaya səfər etdik. Səfər yenə də davam edəcək. Digər həmkarlarımız da müqəddəs diyarımızı ziyarət edəcəklər. Ümumiyyətlə, belə səfərlərin mütəmadi təşkil olunmasına müxtəlif prizmalardan yanaşsaq görərik ki, çox xeyirli və vacibir. Biz QHT xətti ilə də Qarabağa səfər etmişdik. Burada məqsəd ondan ibarətdir ki, biz həmin işğaldan azad olan ərazilərimizi daha yaxından görək və baş verən hadisələri düzgün dəyərləndirək, ictimaiyyətə düzgün çatdıraq.
Biz o qədər xoşbəxt olduq ki... Kainatda xoşbəxtliyin həcmi olsa o bu səfərdə idi. Çünki biz Şuşa kimi müqəddəs diyarı almışıq. Şuşa haqqında təəssüratlarını bölüşmək üçün söz tapa bilməzsən. Biz dünəndən oradan gəlmişik, amma kimlə danışıramsa hamının fikri orada qalıb. Gördüklərimin hər biri gözümün qabağındadır.
Burada əsas məqsəd Şuşanın işğaldan sonrakı vəziyyətini dəyərləndirməkdir. Orada tikinti quruculuq işləri gedir. Qısa zaman ərzində orada çox mükəmməl şərait qurulub, müxtəlif inzibati binalar tikilir, quruculuq işləri gedir, məscid açılışı olub. Həmçinin, orada "Şuşa çörəyi" də bişirirlər. Dağınıtlar artıq gözə görünmür. Dağıntıları tikinti-quruculuq işləri sürətlə əvəz etməyə başlayıb. Cənab Prezident də dəfələrlə ailəsi ilə oraya səfər edib.
Şuşa Azərbaycanın xoşbəxtliyidir. Hər bir xalqın milli xoşbəxtliyi olur. Şuşa da bizim xoşbəxtliyimizdir. Müharibənin də həlledici nöqtəsi Şuşa oldu. Şuşadan sonra düşmən artıq başa düşdü ki, alınmaz qala hesab edilən qalanı Azərbaycan özünə qaytardı.
Orada işləyən fəhlələr də dünyanın ən xoşbəxt fəhlələridir ki, onlar Şuşada quruculuq işlərində iştirak edirlər. Hər şey bərpa olunub və olunmağa da davam edir. Düşmənin iyrənc izləri silinib. "Şuşa" sözünün hər hərfi özü bir romandır. Biz qalibik. Ermənilər sözün hər mənasında aşağı səviyyədədirlər. Onlar başa düşməlidirlər ki, başqa çıxış yolları yoxdur. Onlar axır-əvvəl bizim içimizdə yaşayacaqlar. Əmin olsunlar ki, biz onları bugünə qədər yaşadıqlarından daha rahat yaşadacağıq. Biz insanpərvərik, qonşupərvərik. Bizim ərazilərimizdə müxtəlif xalqlar yaşayıb və yaşamağa da davam edir. Müharibə bitib. Biz Şuşada bunun təstiqini gördük. Ermənilər artıq hərəkət etsələr təbii ki, cavablarını alacaqlar.
Son olaraq Media İnkişaf Agentliyinə də öz minnətdarlığımı bildirirəm ki, hər kəs oradan öz jurnalist təəssüratı ilə qayıtdı. Agentlik jurnalistləri bir araya topladı".
Ayyət Əhməd "Şərq" qəzetinin redaktoru: "Media İnkişaf Agentliyinin bayram öncəsi belə bir təşəbbüs irəli sürməsi, yəni, Azərbaycan jurnalistlərini Şuşaya aparması və səfər təşəbbüsü ilə çıxış etməsi olduqca təqdirəlayiqdir. Doğrudan da mən indiyə qədər, ömrümdə heç vaxt Qarabağda olmamışdım və biz Qarabağa getdik, məxsusi olaraq da Qarabağın qızılqaşı hesab olunan Şuşada olduq. Şuşanın havasını, ətrini, nəfəsini duyduq, hiss etdik. Doğrudan da çox qəribə hisslər insanı bürüyür, yəni elegiya kimi bir gün yaşadım. Bir gözümüz ağlayırdı, bir gözümüz sevinirdi.
Təsəvvür edin ki, il yarım öncə, bir neçə il müddət öncə Şuşada Cıdır düzündə ermənilər yallı gedirdi. Amma biz getdik jurnalistlər orada yallı getdik və buna sevinməmək doğrudan da olmaz. İnsan öz hisslərini, emosiyalarını saxlaya bilmir. Təsəvvür edin, biz yuxarı Gövhərağa məscidinə getdik, öz məscidimizdə namaz qıldıq, sonra Cıdır düzündə olduq, Cıdır düzündə yallı getdik daha sonra Vaqif məqbərəsinə getdik. Yəni, artıq Şuşaya türk nəfəsi dəyir, Şuşaya Azərbaycanlı nəfəsi dəyir, öz nəfəsimiz dəyir. Yəni, indiyə qədər Şuşaya erməni ayağı, erməni nəfəsi dəyirdisə və bugün artıq biz getdik, bizim öz millətimizin nəfəsi, bizim olan Şuşa artıq bizdədir, bizə qayıdıb. Biz Xarıbülbüllə foto çəkdirdik, Şuşa qalasında fotolar çəkdirdik. Yəni, siz təsəvvür edirsinizmi bizim illərdir internet saytlarından, ayrı-ayrı saytlardan fotolardan gördüyümüz mənzərələri biz gedib real yaşayırıq. O mənzərələrin yanında dururuq, fikirlərimizi bölüşürük. Doğrudan da çox böyük bir hissdir, yəni, əvəzolunmaz duyğulardır. Yəni mən Şuşada daha nələr gördüm. Qeyd elədim ki, bir gözümüz gülürdü, bir gözümüz ağlayırdı. Bir gözümüz ona görə ağlayırdı ki, Şuşadakı binalara baxırdıq. Yəni, güllədən deşik-deşik olmuşdu, binalarda pəncərələr sınmışdı. Amma digər tərəfdən baxıb ona görə sevinirdik ki, gözümüz ona görə gülürdü ki, Şuşada, eyni zamanda Qarabağ bölgəsində çox böyük yenidənqurma işləri gedir. Artıq bizim bir neçə mağazalarımız, restoranımız fəaliyyət göstərir. Bundan sonra orada artıq elektrik enerjisi tam təchiz olunubdur. Artıq Şuşanın şüşə kimi yolları çəkilir.
Yəni, çox qeyri-adi hisslər yaşadıq və buna görə də Medianın İnkişaf Agentliyinə dərin təşəkkürümü bildirirəm ki, jurnalistləri, məhz Qarabağdan yazanları Qarabağa apardılar. İndi o yerləri görüb gəlmiş adamın yazmağı ilə görməmiş adamın yazmağında əlbəttə müəyyən fərqlər olacaq. Yəni, mən çox razıyam. Şuşa bizimdir, Qarabağ Azərbaycandır. Mən, "Facebook"-da da bununla bağlı bir Şuşa yazdım. Babam Şuşa, atam Şuşa, adam Şuşa. Şuşanı doğrudan da bir adama bənzədirəm. Təsəvvür edirsiniz sanki öz ana balasına qovuşurmuş kimi, sanki Şuşa, Cıdır düzü də illər boyu bizi gözləyirmiş. Mən sonda Şuşanı bizə qovuşduranlara, başda Ali Baş Komandan olmaqla dəmir yumruq ətrafında sıx birləşən Azərbaycan Ordusu, Azərbaycan xüsusi təyinatlı bölüklərinə minnətdarlığımı bildirirəm. Onlar elə bir möcüzəvi əməliyyat həyata keçiriblər ki, orda təsəvvür edin, o dağlardan, daşlardan necə dırmaşıblar, biz orda Cıdır düzündə gördük. O daşları, qayalıqları necə dırmaşırlar, əliyalın necə dırmaşıb döyüşüblərsə təsəvvür edin bu ağlagəlməz bir şeydir. İnsan özü gözü ilə görməyincə inana bilməz ki, yəni, bu daş bu qayalıqları necə dırmaşıb Şuşanı azad ediblər. Mən, bir daha bizim əsgər və zabitlərimizin qarşısında baş əyirəm ki, Şuşamızı bizə, bizi Şuşamıza qovuşdurdular. Ali Baş Komandana təşəkkür edirəm ki, Şuşa artıq bizimdir. Şuşamızı bizə qaytarmaq üçün ortaya bir siyasi və hərbi iradə qoyuldu".

"Ölkə.az" saytının direktoru Rüfət Qasımzadə: "Əvvəla bu maraqlı və hərkəs üçün dəyərli olan turu təşkil etdiyinə görə Media İnkişafı Agentliyinin bütün kollektivinə təşəkkür edirəm.
Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşa hərkəs kimi mənim üçün də dəyərli və əzizdir. Şuşanı heç görməsəm də, hər zaman qəlbimdə bir yara kimi qalırdı. Cənab Prezidentimiz Ali Baş Komandan İlham Əliyevin verdiyi tapşırıqlar əsasında Qarabağın işğaldan azad olması nəticəsində gözəl guşələrimizdən biri olan Şuşa da işğaldan azad olundu.
Uzun illər boyu işğalda olan Şuşa, doğmalarını görmüş kimi yenidən öz füsunkar gözəlliyini geri qaytardı. Bizə də Şuşanı görmək nəsib oldu. Bu yolda əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm.
Qarşılama, tur zaman məlumatlandırma, qonaqlama kimi bütün hər şey mükəmməl dərəcədə yerinə yetirildi. Şuşanın hər bir gəzməli-görməli yeri ilə tanış olduq. Yola çıxan zaman çox yorulacağımı düşünsəm də Şuşadan evə qayıtdığım zaman heç yorğunluq hissi belə olmadı. Çünki tur çox maraqlı və gözəl keçdi.
Şuşanın Cıdır düzü, Şuşa qalası, Daşaltının füsunkar mənzərəsi, Məscidlərimiz və Şuşanın bütün tarixi abidələri ilə tanış olduq. Şuşanın azad olunmasında canlarından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirəm".
Ayşən Vəli