Fransanın Oise valiliyi dekabrın 14-də Bilal məscidinin 6 ay müddətinə bağlanması haqda qərar verib və bunun üçün radikal moizələr edildiyini əsas gətirərək məhkəmə prosesi başlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, xütbələrində cihadı, kin və şiddəti təbliğ etdiyi iddia edilən məscidlə bağlı qərar 2 gün ərzində icra olunacaq.
Fransanın daxili işlər naziri Gerald Darmanin dekabrın 14-də verdiyi açıqlamada, "radikal moizələr" oxunduğu və "xristianlara, homoseksuallara və yəhudilərə" qarşı mübarizə aparıldığı səbəbilə Beauvais şəhərindəki Bilal məscidinin bağlanması üçün hüquqi proses başlandığını açıqlayıb.
Darmanin qərarın "ekstremizm qanunu" kimi tanınan "Respublikanın dəyərlərinə hörməti gücləndirən prinsiplər" qanunu çərçivəsində qəbul edildiyini bildirib. Məscidin hüquqşünası Samim Bolaky qərara reaksiya verərək bildirib ki, moizələrin məzmunu ifratçılıq kimi səciyyələndirilməməlidir.
Bolaky bildirib ki, Beauvaisdəki müsəlman icması məscidin bağlanması cəhdi ilə cəzalandırılır. Qubernatorluğun tam bir qərara gəlmədiyi üçün Bilal məscidi dekabrın 23-də müvəqqəti olaraq qapılarını ibadət üçün açıb.
Fransada 99 məsciddə aparılan yoxlamalardan sonra onların 21-i bağlanıb, 6-sı ilə bağlı isə məhkəmə prosesi başlanıb. Fransa müsəlmanları hədəfə aldığı və marjinallaşdırdığı səbəbilə beynəlxalq ictimaiyyət, qeyri-hökumət təşkilatları və insan haqları təşkilatları, xüsusilə də Birləşmiş Millətlər tərəfindən tənqid edilib.