Bu gün G.Şaroyev adına 35 saylı onbirillik musiqi məktəbində Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni ilə həsr olunmuş konsert proqramı təqdim olunub. SİA-nın verdiyi məlumata görə, tədbirdə Azərbaycan Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş idarəsinin rəisi Cəlil Məlikov, uşaq musiqi məktəblərinin direktorları Fikrət Budaqov, Nadir Babayev, Məhin Orucova, Rövşən Məmmədov və digərləri iştirak ediblər.
Tədbiri 35 saylı Uşaq Musiqi Məktəbinin fortepiano müəllimi Nərmin İsgəndərova Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni ilə həsr olunmuş konserti açıq elan edib. Aparıcı ilk öncə Yeni ilin yaranma tarixindən danışıb. Bildirib ki, Yeni il bayramının qeyd olunmasının ən azı 25 əsrlik tarixi var. Ilin dəyişməsini bayram etmək adəti ilk dəfə Mesopotamiyada yaranıb. Tarixçi alimlərin fikrincə eramızdan əvvəl IV minilliyin sonunda Şumer, Babilistan və Assuriyada bu günümüzə qədər gəlib çatan yeni ilin gəlişi ilk dəfə qeyd edilib. Azərbaycanda isə 2006-cı ildən başlayaraq yanvarın 1 və 2-si bayram günləri hesab edilir və iş günləri olmayan istirahət günləri kimi qeyd olunur.
Yeni ilin şam ağacı haqqında ilk yazılı məlumat XVI əsrə təsadüf edir. Həmin mənbələrə görə, o vaxt alman şəhəri olan Strasburqda yeni il gecəsi həm kasıb həm də adlı-sanlı zadəgan ailələrində küknür ağacları rəngli kağızlar, meyvə və şirniyyatla bəzədilirmiş. Vaxt keçdikcə bu adət bütün Avropaya yayılır. Yeni dünyaya, Amerikaya küknar ağacını burada məskunlaşan almanlar gətiriblər. 1851-ci ildə burada ilk dəfə təntənəli şəkildə yolka fənərlərinin yandırılması mərasimi keçirilib. Beləcə şam ağacı bütün dünyada məhşurlaşıb.
Nərmin İsgəndərova Dünya Azərbaycanlılarının Həmrəylik gününün yaranma tarixi ilə bağlı verdiyi açıqlamada bildirib ki, 31 Dekabr Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərdən biridir. Bu günün əsası 1989-cu ildə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisindəki SSRİ-İran sərhəd xəttinin dağıdılması ilə qoyulub. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Bu bayran dünyanın 70-də çox ölkəsində yaşayan azərbaycanlıların 50 milyondan çox azərbaycanlılarla əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.
Artıq 30 ilə yaxın işğal altında olan torpaqlarımızı igid oğullarımız öz qanları hesabına işğaldan azad etdi. Bayram ərəfəsində Vətənimizin müstəqilliyinin, ərazi bütövlüyünün qorunması naminə canlarından keçən bütün şəhidlərimizin xatirəsini bir daha hörmət və ehtiramla yad edirik.
Sonra məktəbin şagirdlərinin ifasında konsert proqramı təqdim edilib. “Music Band” qrupunun ifası ilə başlanan konsertdə şagirdlərdən Hüseynli Xədicə, Rəhimov Elvin, Bəşirli Cəlal, Mövsümova Təranə, İsmayılzadə Cəlalə, Dadaşəliyev Murad, Həsənli Amin, Kərimov Məhəmməd, Rzazadə Asim, Məmmədova Fatimə, İbişov Ramal, Abdullazadə İkram, Əmiraslanova Şirin və Həmzəyeva Aydanın ifasında müxtəlif mahnılar səsləndirilib.
Tədbirin sonunda G.Şaroyev adına 35 saylı Onbirillik Musiqi Məktəbinin direktoru Vəfa Həziyeva konsertdə iştirak edən qonaqları salamlayıb və onlara tədbirə təşrif buyurduqları üçün təşəkkürünü bildirib. Direktor qeyd edib ki, 44 günlük Vətən müharibəsində möhtəşəm qələbəyə imza atan dövlətimizin şagird və müəllimlərinə öyrənmək və öyrətmək yaraşır. 30 il torpaqlarımız Ermənistanın işğalı altında olduğu zaman kimsənin üzü gülmürdü, hər kəsi yalnız bir şey düşündürürdü, torpaqlarımızı yağı düşməndən azad etmək. Bəli bu gün gəldi, Müzəffər Ali Baş Komandanımız, Böyük Sərkərdəmiz, Qalib Prezidentimiz İlham Əliyevin mətinliyi, dönməzliyi sayəsində Azərbaycan Ordusu düşməni işğal olunmuş ərazilərdən qovub çıxardı, Qarabağımız azadlığına qovuşdu.
24 saylı onbirillik Uşaq Musiqi Məktəbinin direktori, respublikanın əməkdar müəllimi Nadir Babayev çıxış edərək şagirdlərin ifasında təq dim olunan konsert proqramından razı qaldığını bildirib və hər kəsə təşəkkür edib.
Məmmədhəsən MƏMMƏDOV