“Bu, xalq-hakimiyyət birliyinin yüksək səviyyədə olmasının göstəricisidir“ - RƏY

27 Dekabr 2021 11:58 (UTC+04:00)

"Hesab edirəm ki, bu səfər çox əhəmiyyətli bir səfərdir. Növbəti dəfə bizim qələbəmizin möhkəmlənməsinə hesablanmış səfər oldu". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Ceyhun Məmmədov bildirib.

Onun sözlərinə görə, bu, bir daha onu göstərdi ki, cənab Prezident Azərbaycan xalqının yanındadır: “Öz ad gününü Şuşada hərbçilərlə, orada yaşayan insanlarla birlikdə keçirdi. Digər bir mühüm məsələ isə ondan ibarətdir ki, Prezident Hadrutda, Şuşada mühüm bəyanatlar verdi. Cənab Prezident bu səfər zamanı xalqa müraciət etdi, həm də Azərbaycan xalqına təbriklərə görə öz təşəkkürünü bildirdi. Eləcə də Ermənistana da növbəti dəfə ciddi xəbərdarlıq etdi. Yəni buradan bir daha ermənilərə ciddi şəkildə xəbərdarlıq edildi ki, onlar revanşizmə, təxribata son qoysunlar. Bu kimi təxribatları bir daha törədərlərsə bunun cəzası çox ağır olacaq. Hesab edirəm ki, burada cənab Prezident həm də görülən işlərlə tanış oldu".

Millət vəkili sözlərinə davam edərək bildirib ki, Prezident eyni zamanda Azərbaycan xalqına mesaj verdi: "Bu səfər, oradakı çıxışlar, verilən bəyanatlar cənab Prezidentin Azərbaycan xalqına növbəti diqqəti və qayğısının təzahürü idi. Eləcə də xalq-hakimiyyət birliyinin yüksək səviyyədə olmasının göstəricisidir".