Deniz Tansi “Türkiyə-Ermənistan yaxınlaşması yeni Avrasiya nizamının tərkib hissəsi olacaq” - MÜSAHİBƏ

25 Dekabr 2021 14:30 (UTC+04:00)

Türkiyəli politoloq, Yedditəpə Universitetinin (İstanbul) dövlət idarəçiliyi kafedrasının müdiri Deniz Tansi “Caliber” analitik mərkəzinə müsahibəsində Türki-Ermənistan münasibətləri və regional kommunikasiyaların açılması məsələsi ilə bağlı fikirlərini bildirib. Müsahibəni oxucularımıza təqdim edirik

- Türkiyə cəmiyyəti Ermənistanla münasibətlərin normallaşması ehtimalını necə qarşılayır?

- Bir tərəfdən Türkiyə cəmiyyəti bu məsələyə həssas yanaşır. Digər tərəfdən, Azərbaycanın yanaşması vəziyyəti yüngülləşdirir. Normallaşma prosesi asan olmayacaq.

- Özünüz də Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının mümkünlüyünə inanırsınızmı?

- Hesab edirəm ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi Rusiya-Azərbaycan-Ermənistan münasibətləri ilə birlikdə gedir. Aİ-nin Azərbaycan və Ermənistana münasibəti ortaqdır. Hər iki ölkənin liderləri Soçi və Brüsseldə görüşüblər. Zəngəzur dəhlizi həm türk dünyası, həm də Çinin “Bir kəmər, bir yol” təşəbbüsü üçün Mərkəzi Asiyaya körpüdür. Yeni boru kəmərlərinin çəkilişinə başlanacaq, yeni ticarət yolları açılacaq, investisiyalar gələcək. Bunun da Azərbaycan üçün üstünlüyü var.

Beləliklə, Türkiyə-Ermənistan yaxınlaşması yeni Avrasiya nizamının tərkib hissəsi olacaq. Azərbaycan bu ideyanı dəstəkləyir və Türkiyə Azərbaycanın maraqlarında güzəştə getməyəcəyini bəyan edib.

- Danışıqlar zamanı Türkiyə Ermənistanla münasibətlərin normallaşması üçün vacib şərtlərdən biri kimi qondarma “soyqırım” mövzusunun bağlanması tələbini irəli sürəcəkmi?

- Bu, praqmatik yanaşma olacaq. Türkiyə heç vaxt “soyqırım” ittihamlarını qəbul etmir. Ermənistan israr etsə, bu, yalnız Qərb dövlətlərinin maraqları naminə olacaq. Erməni lobbisi “soyqırım” mövzusunu manipulyasiya edir, lakin Ermənistanı kasıb və zəif görməyə üstünlük verir, çünki bu halda İrəvanın onların köməyinə ehtiyacı olacaq. Erməni diasporasının maraqlarına güclü, çiçəklənən Ermənistan daxil deyil.

- Türkiyə ilə barışmaqdan Ermənistan nə qazanacaq?

- Ermənistan-Türkiyə sərhədi açılsa, Ermənistan çox qazanacaq. Ermənistan ilk növbədə Trabzon limanından və Zəngəzur dəhlizindən istifadə edə biləcək. Ermənistan üçün bu, həm də təkcə Cənubi Qafqazda, Mərkəzi Asiyada deyil, həm də dünya ticarətində sıçrayış deməkdir.

- Necə düşünürsünüz, Soçi və Brüssel görüşlərindən sonra Cənubi Qafqaz regionunda kommunikasiyaların açılması üçün Ermənistandan konkret əməli addımlar gözləmək lazımdırmı?

- Azərbaycanla Ermənistanın yaxınlaşması və siyasi liderlərin sammit görüşləri Türkiyə və Rusiya tərəfindən dəstəklənir. Qərb burada uğursuzluğa düçar oldu. Amma bütün prosesi bütövlükdə qiymətləndirmək hələ tezdir, çünki o, çox kövrəkdir.

Amma risklərə baxmayaraq, optimistəm. Və düşünürəm ki, gec-tez Ermənistanda insanlar başa düşəcəklər ki, kommunikasiyaların blokdan çıxarılması onların ölkəsinə yalnız xeyir verəcək.

Tərcümə - Elçin Bayramlı