Ən aktiv və passiv işləyən mətbuat xidmətlərinin RƏHBƏRLƏRİ KİMLƏRDİR? - SORĞU

24 Dekabr 2021 19:02 (UTC+04:00)

Mətbuat katibi qurum və ya şəxs adından danışmağa səlahiyyətli bir şəxsdir. Mətbuat katibləri əsasən təcrübəli, uzun müddət işləyən və ya təşkilatın hədəflərini dəstəklədikləri bilinən şəxslər arasından seçilir. Jurnalistlər və əhali üçün çox mühüm informasiya mənbəyi mətbuat xidmətidir. Bir sözlər mətbuat xidməti jurnalistlə tabeliyindəki olduğu qurum arasında bir növ körpüdür. Bəs, jurnalistlər hansı mətbuat xidmətlərinin işindən razıdır və yaxud narazıdır?

SİA olaraq jurnalistlər arasında sorğu keçirdik:

Modern.az saytının əməkdaşı Fidan İlqar: "İl ərzində təbii ki, qurumlardan jurnalistlər informasiyaları həmin qurumun mətbuat katibləri vasitəsilə öyrənir. Fikrimcə, ən operativ fəaliyyət göstərən, nə zaman sual yönləndirsəm tez bir zamanda cavab tapdığım Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovdur. Bundan əlavə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyevdir. Elvin Hacıyev həmişə əlindən gəldiyini yox, həmişə daha da artığını edir. Lakin elə qurumlar var ki, onlar bizim sorğularımıza ümumiyyətlə cavab vermirlər. Bunlardan biri də Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayevadır. Nə zaman sual yönləndirsəm məni başqalarına yönləndirir və cavab vermir. Bununla yanaşı Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Aynur Sabitova, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəisi Gülçin Mehdiyevadan narazıyam".

"Apa.az" saytının əməkdaşı Günay Elşadqızı: "Demək olar ki, hər gün işlədiyim qurumlardan ən çox sorğu ilə müraciət etdiyim Təhsil Nazirliyi, Bakı şəhəri üzrə Təhsil İdarəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, eyni zamanda nazirliyə tabe olan qurumlar, Dövlət İmtahan Mərkəzidir. Təhsil Nazirliyinin e-mailində yəqin ki, ən çox sorğusu olan jurnalist mənəm. Operativ cavab aldığım sorğularım da var, gec cavab aldıqlarım da. Amma əlçatanlıq baxımından ən sıx işlədiyim qurumlardan biri Təhsil Nazirliyidir. Bakı şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidməti Bəşarət müəllimlə də demək olar ki, hər gün və ya həftədə bir neçə danışıram, adətən sorğularım cavablandırılır, nadir hallarda sorğum cavabsız qalır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və tabeli qurumların fəaliyyət dairəsi olduqca genişdir, hamısı ilə gündəlik işləyirəm, nadir hallarda sualım cavabsız qala bilər ümumilikdə suallarım cavablandırılır. Dövlət İmtahan Mərkəzinin mətbuat xidməti Xanlar bəyin fəaliyyəti yaxşıdır və tez-tez müraciət edirəm. AQTA-dan Mansur müllimlə yanaşı Aysel və Rəşadla da sıx işləyirəm. Dövlət Miqrasiya Xidmətindən də adətən suallarıma cavab ala bilirəm, bəzən olur ki, cavab olmur, amma xoşbəxtlikdən bunun konkret izahı da verilir. Ən yaxşı, ən sıx işlədiyimiz mətbuat katibi dostlarımızdan biri ASAN Xidmətdən Elnur Niftəliyev, eyni zamanda həmin şöbədən Mehdi Məmmədlidir. Dövlət Turizm Agentliyindən Kənan Quluzadə hazırda mətbuat katibi olmasa da, suallarımı cavabsız qoymur, eyni zamanda şöbənin digər əməkdaşları Fikrət, Gülnar da media ilə sıx işləyir. Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə də işləyirəm. QMİ-dən bəzən suallarıma hansısa suala cavab almadığım olur, amma ümumilikdə Rəhimə xanımın ən sıx işlədiyi jurnalistlərdən biri mənəm, Dini Qurumlardan Yaqut xanım mediaya açıq biridir, adətən suallarıma cavab ala bilirəm. Bu il universitetlərlə də sıx işləmişəm və məni sevindirən məqam odur ki, universitetlərdə media ilə işləmək baxımından xeyli irəliləyiş var. Çox sıx işləmədiyim, amma il ərzində olan fəaliyyətini çox yüksək dəyərləndirdiyim mətbuat xidməti rəhbərlərindən biri DİN-dən Elşad Hacıyevdir, o, həqiqətən də media ilə çox yaxşı işləyir. Bir də Dövlət Gömrük Komitəsindən Natiq Axundovu qeyd etməsəm olmaz, media ilə həmişə çox səbrlə, mehribanlıqla işləyir".

"Space TV"nin əməkdaşı Zərintac Məmmədzadə: "Bu il ərzində Təhsil Nazirliyinin, ASAN xidmətin və vətəndaşlara sosial xidmət göstərən qurumlar var ki, hansı ki, onlar daha çox fəal işləyirlər. Ekologiya Nazirliyi, Mədəniyyət Nazirliyinin mətbuat xidmətlərinin işindən çox razıyam. Narazı qaldığım qurum isə Daxili İşlər Nazirliyinin mətbuat xidmətidir. Çünki nə zaman sual yönləndirsəm gec cavab verirlər".

"Lent.az" saytının əməkdaşı Aytəkin Cəlali: "TƏBİB-dən birmənalı şəkildə çox narazıyam. Sanki onlar sənin sualına cavab verməmək üçün əllərindən gələni edirlər. Sorğu göndərdikdə cavab verir. Amma ki, göndərdiyim sorğuya, suala uyğun cavab vermir. Adi primitiv sualdan belə qaçırlar. Mən daha çox Təhsil Nazirliyinin əməkdaşları ilə əlaqədə oluram. Lakin onlar yönləndirdiyim sualı çox gec cavablandırırlar və yaxud da başqa birinə yönləndirirlər".

"Report" İnformasiya Agentliyinin əməkdaşı Kənan Novruzov: "Qurumların mətbuat katibləri bildiyimiz kimi jurnalistlərlə əməkdaşı olduqları qurum arasında körpü rolunu oynayır. Onların necə işləyib-işləmədikləri həm subyektiv, həm də obyektiv məsələdir. Mətbuat katiblərinin peşəkarlıqlarından, insanı keyfiyyətlərindən çox şey asılıdır. Mən Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovdan çox razıyam. Çünki nə zaman sual yönləndirsəm tez və ətraflı şəkildə cavab verəcək. Lakin ondan fərqli olaraq Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev heç də belə deyil. Azərbaycan Texniki Universitetinin və Bakı Dövlət Universitetinin mətbuat xidməti çox operativdir. Xüsusilə də Müdafiə Nazirliyini qeyd etmək lazımdır. Çünki Müdafiə Nazirliyinin mətbuat xidməti çox operativdir. 44 günlük Vətən müharibəsində də biz bunun şahidi olduq".

"Yenisabah.az" saytının əməkdaşı Mehri Qurban: "Mən daha çox Gənclər və İdman Nazirliyi ilə işləyirəm və çox razıyam. Çünki onlar bütün məlumatları vaxtında operativ şəkildə çatdırırlar. Daha sonra isə Mədəniyyət Nazirliyi, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev çox operativdir. Narazı olduğum isə Təhsil Nazirliyidir. Cəsarət Valehovla hər zaman əlaqə qura bilmirəm".

"SƏS" İnformasiya Agentliyinin əməkdaşı Kəmalə Təyyarqızı: "Ən aktiv, operativ şəkildə işləyən mətbuat xidmətlərindən söhbət gedirsə, ilk növbədə Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovu, Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətinin rəhbərliyini, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyevi, Ekologiya Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanı, Mədəniyyət Nazirliyinin Mətbuat xidmətindən Türkan xanımın fəaliyyətini xüsusilə vurğulamalıyıq. Bakı Nəqliyyat Agentliyinin özü çox bərbad fəaliyyət göstərsə də, mətbuat xidməti yaxşıdır. Çünki nə zaman müraciət etsək, operativ şəkildə cavab verir. Narazı olduqlarım isə, "Azərişıq", "Azərsu", Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti ilə ümumiyyətlə əlaqə qurmaq olmur. Təhsil Nazirliyi sanki ümumiyyətlə yoxdur. Bundan əlavə İçərişəhər dövlət qoruğunun mətbuat xidməti ümumiyyətlə cavab vermir".

"Anews.az" saytının əməkdaşı Ləman Qasımova: "Mən mətbuatda yeniyəm. Amma 8 ayda demək olar ki, bir çox qurumla əlaqə yaratmışam. Dövlət Miqrasiya Xidmətinin sözçüsü Elnur Kələntərovdan çox razıyam. Sorğulara həssaslıqla yanaşır. Hətta mənim sualda etdiyim termin səhvini 1 saata yaxın şəxsən danışaraq izah etmişdi. ASAN xidmətin sözçüsü Elnur Niftəliyev də sorğuları operativ və ətraflı cavablayır. DİN-də əsas sözçü Ehsan Zahidov olsa da, Elşad Hacıyev hər dəfə dadımıza çatır. Səhiyyə Nazirliyinin mətbuat işçilərindən də razıyam, cavab verirlər. Nazirlər Kabinetinin mətbuat xidmətindən heç vaxt məlumat ala bilmək nəsib olmayıb. Bakubus-ın mətbuat katibi Qabil bəylə də ulduzlarımız barışmır. Nə vaxt sual üçün zəng etmişəm, Mais Ağayevə yönəldib. ETNS-nin mətbuat katibi İradə xanım da operativ geri dönüş edir. Universitetlərin mətbuat katibləri də tez cavab verir. Onlardan narazılıq yoxdur. Yaxşı olar ki, Statistika Komitəsinə mətbuat katibi təyin edilsin. Mədəniyyət Nazirliyinin kinematoqrafiya şöbəsinin mətbuata baxan işçisi Rüfət bəy ilə gec geri dönüş etdiyi üçün dalaşdığım olub. Amma nazirliyin digər əməkdaşları - Arzu, Məryəm xanım olduqca operativdir. "Azərxalça" ASC-nin sözçüsü Xatuna Abdullayeva, vergilər nazirliyinin sözçüsü Şahin bəydən də razıyam.

Rezonans.az saytının baş redaktoru Sahilə Abdullayeva: "Milli Məclisin, Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və "Asan Xidmət"in Mətbuat Xidməti çox aktivdir".

Qeyd edək ki, sorğunun yekun nəticələri ilə ilin sonunda SİA.az saytında tanış ola bilərsiniz

Arzu Qurbanzadə