"Azərbaycan tərəfi dəfələrlə açıqlayıb ki, konkret olaraq minalanmış ərazilərin xəritələri ilə bağlı ciddi problemlər var. İndi orada 25 faiz rəqəmlə göstərilir ki, cəmi 25 faiz üst-üstə düşür. Ola bilsin ki, bu yalnız bütün xəritələrə aid deyil, hansısa ərazilərlə bağlı orada yüz faiz tam üst-üstə düşmə olmasa da müəyyən bir 70-80 faiz üst-üstə düşmə ola bilər". Bu sözləri SİA-ya açıqlamasında politoloq Sahil İskəndərov deyib.

Onun sözlərinə görə, burada iki əsas məqam var. Bunlardan biri konkret olaraq yəni, Ermənistan tərəfinin vaxt uzatması, vaxt udmaq cəhdi var: "Yəni, hansısa qaydada bu məsələni əngəlləmək, uzatmaq və s. bilirik ki, bu məsələ çox çətin prosesdir. Bu uzun müddət və vəsait tələb edir. Ola bilsin ki, Ermənistan tərəfi fikirləşir ki, Azərbaycan tərəfinin, Azərbaycanın bu işlərini nə qədər uzatsaq regiondakı kaniktura dəyişə bilər və bu da ki, son məqamda yenidən Ermənistanın destruktiv mövqeyə qayıtmağına kömək edə bilər. Amma mən düşünürəm ki, bu xam, boş xəyaldır və konkret olaraq bununla bağlı Ermənistan tərəfində heç bir illuziya, idilya olmamalıdır. Onsuz da Azərbaycan gec-tez bu prosesə yekun vuracaq.
Doğrudur, burada ola bilsin vaxt çox gedəcək, vəsait sərf olunacaq. Amma Azərbaycan tərəfi də əlini əlinin üstünə qoyub oturmayıb və bilirsiniz ki, Azərbaycan Prezidenti Avropa Şurasının sədri Şarl Mişellə danışıqlarda konkret olaraq onlara müraciət elədi ki, bu məsələdə də Avropa İttifaqı yardımçı olsun. Bundan başqa biz bilirik ki, qardaş Türkiyədir, yeri gəlsə, Böyük Britaniyanın özüdür, hətta Fransanın özü belə bu məsələdə Azərbaycana dəstək göstərmək məramlarını bir növ açıqlayıblar. Bu isə onu göstərir ki, Ermənistan tərəfi gərək belə cığallıqlardan, belə əngəllərdən əl götürsün. İkinci bir məqam o ola bilər ki, Ermənistanın indiki rəhbərinin özündə minalanmış ərazilərin xəritələri haqqında dəqiq məlumatları yoxdur".
Politoloq sözlərinə belə davam edib: "Düşünürəm ki, Köçəryan-Sarkisyan cütlüyü bu məsələyə cəlb olunmalıdır. Onlar bu məsələdə məsuliyyətə cəlb olunub onlara təzyiq göstərməlidir. Mən düşünürəm ki, bu xəritələrin dəqiqi onlarda ola bilər. Çünki, vaxtilə onlar Qarabağ bölgəsində yaşamış adamlardılar, oraları qarış-qarış tanıyırlar və yeri gəlmişkən, ərazilərin çoxu onların vaxtında minalanıb. Onlar isə biz bilirik ki, çox radikal mövqedən çıxış edirlər. İlk növbədə təzyiq onlara göstərilməlidir.
O ki, qaldı arada vasitəçilik edənlərə, düşünmürəm ki, vasitəçi dövlətlər yəni, bu xəritələrin verilməsində vasitəçi olanlar konkret olaraq burada hansısa öz oyunlarını aparırlar. Fikrimcə, burada onların özünü də Ermənistan çox pis vəziyyətə qoyur. Tezliklə bu məsələyə də bir əncam çəkilər. Amma gec-tez onsuz da Azərbaycan bu məsələni özü həll edəcək və yeri gəlmişkən əgər Ermənistan nə qədər belə məsələlərdə cığallıq edərsə, Azərbaycanı sonradan Ermənistanla əməkdaşlıq yəni, ümumi kontekstdə böyük regionda bir əməkdaşlıq məsələsində Azərbaycan çox sərt tələblər irəli sürə bilər. Çünki, bütün güzəştlər, bütün addımlar qarşılıqlı olmalıdır. Əgər Ermənistan və yaxud da onun havadarları belə addımlar atırsa, deməli, Azərbaycanın da tam haqqı var ki, bir çox məsələlərdə ortaya çox sərt şərtlər qoysunlar".
Ayşən Vəli