İlham Əliyev qlobal liderdir- Rusiyanın nüfuzlu xadimləri Azərbaycan Prezidenti haqda - RƏYLƏR

24 Dekabr 2021 14:47 (UTC+04:00)

Rusiyanın nüfuzlu siyasətçiləri və mədəniyyət xadimləri bu gün 60 illik yubileyini qeyd edən Azərbaycan Prezidenti İlham Əliyev haqda fikirlərini “Moskva-Baku” platformasına bildiriblər. Materialı oxucularımıza təqdim edirik.

Valentina Matvienko, Rusiya Federasiya Şurasının sədri:

- Azərbaycan Respublikası postsovet məkanında ən dinamik inkişaf edən ölkələrdən biridir. Makroiqtisadi sabitliyə nail olunub. Yeni iş yerləri yaradılır. Bütün bunlar ölkədə aparılan islahatların nəticəsidir.

Azərbaycan Prezidenti İlham Əliyev və komandası ölkənin siyasi, iqtisadi, sosial, mədəni reallıqlarına və ehtiyaclarına cavab verən transformasiyaları hazırlayıb həyata keçirməyə nail olub. Şübhəsiz ki, bu proseslər Rusiya ilə Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlıq üçün daha da geniş perspektivlər açır.

Biz Azərbaycan rəhbərliyinin öz vətəndaşlarına rus dilini öyrənmək və rus mədəniyyəti ilə tanış olmaq imkanları yaratmaq səylərini yüksək qiymətləndiririk. Azərbaycan mediasının təxminən 15 faizi rusdillidir. Rus dilində kitablar Rusiyadan gətirilərək Respublikada çap olunur. Teatrlar rus dilində tamaşalar verir və çox populyardır.

SSRİ Xalq Artisti Alla Puqaçova:

- İlham Heydəroviçi doğum günü münasibətilə ürəkdən təbrik etməkdən məmnunam. Ona cansağlığı və təbii ki, səbr arzulayıram. Çünki öz xalqına xidmət etmək kimi bir şey bəzən problem yaradır. Bütün problemləri həll etmək üçün kifayət qədər güc olsun.

Azərbaycan Prezidenti İlham Əliyev mənə “Dostluq” ordenini təqdim edib. Bu mükafat ruhumu istiləşdirir. Mən Azərbaycanı sevirəm, orada tez-tez olmuşam, uğur qazanmışam. Orada elə qonaqpərvər və istiqanlı insanlar yaşayır ki, bu səfərləri unutmaq, sadəcə olaraq, mümkün deyil.

Qoy ölkələrimiz arasında dostluq möhkəmlənsin, Azərbaycan çiçəklənsin- ildən-ilə, gündən-günə gözəlləşən heyrətamiz bir ölkə kimi!

Həmişə sizinləyəm, sizə böyük hörmətim var, sizi və atanızı həmişə xatırlayıram, İlham Əliyev.

Gennadi Zyuqanov, Rusiya Kommunist Partiyasının Mərkəzi Komitəsinin sədri, Dövlət Dumasında fraksiya rəhbəri:

- Bakı çox gözəl imzalar qoyub dünya şöhrətli insanlarla- müğənni Müslüm Maqomayev, kəşfiyyatçı Riçard Zorge, fizik Lev Landau və s. - bu, uzun siyahının kiçik bir hissəsidir.

Və İlham Əliyevin adı da, Azərbaycan üçün çox işlər görmüş bir insanın adı kimi artıq ləyaqətlə və haqlı olaraq bu siyahıdadır.

İlham adının mənası “mənəvi güc” deməkdir və bu gücün tükənməməsini, bütün insanların xeyirinə və xeyirinə getməsini ürəkdən arzulayıram.

Sergey Mironov, Rusiya Federasiyası Dövlət Dumasının “Ədalətli Rusiya” fraksiyasının rəhbəri:

- Ölkələrimiz və xalqlarımız arasında həmişə isti, dostluq münasibətləri olub.

Azərbaycan dövlətinin başçısı ilə görüşlərimiz zamanı mən həmişə Prezident İlham Əliyevin Rusiya ilə Azərbaycan arasında əlaqələrin inkişafına böyük önəm verdiyini qeyd etmişəm.

Və bu gün bu münasibətlərin layiqli, yüksək səviyyədə olmasında İlham Əliyevin əməyinin böyük payı var.

Nikita Mixalkov, rejissor, prodüser, Oskar mükafatı:

- Gözəl, uzun boylu, ağıllı, incə, gülməli, hazırcavab və çox layiqli və ədalətli insan.

Görüşlərimizi belə sevinclə xatırlayıram və həqiqətən də onların davam edəcəyinə ümid edirəm, çünki ünsiyyət qurmağı çox xoşlayıram, yaxşı olarsa, faydalı olmağı xoşlayıram.

Və həqiqətən ümid edirəm ki, hələ də yaxşı zarafat və ya maraqlı hekayə ilə bir-birimizi sevindirə bilərik.

Leonid Kalaşnikov, RF Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri:

- İstənilən ölkə arasında həmişə müəyyən ziddiyyətlər olur. Bu cür ziddiyyətlər keçmiş Sovet İttifaqının genişliyində də mövcuddur. Amma Azərbaycanın və Rusiyanın çox müdrik rəhbərləri var, bizim bəxtimiz gətirdi. Bəzi partnyorlarla olduğu kimi, mübahisə etmək mümkün idi. Amma Rusiya ilə Azərbaycan dostluğu qoruyur, xalqlarımızın, ölkələrimizin bir vaxtlar Sovet xalqı, Sovet İttifaqı adı altında birləşdiyini dərk edərək, hər zaman istənilən məsələləri həll etməyə çalışır.

İlham Əliyev bunu çox gözəl anlayır. Dostluğun, əməkdaşlığın, dövlət maraqlarının bütün incəliklərini dərk edir. O, qarşılıqlı faydalı əməkdaşlığın xeyrinə, milli maraqlar naminə əlaqələr qurmağı bilir. Bu, siyasi liderin istedadıdır.

Münasibətlərdə obyektivlik, Rusiya Federasiyasının hərəkətlərini başa düşmək. Bütün bunlar İlham Heydəroviç Əliyevə xasdır. Mən bunu bizim hər bir görüşümüzdə görürəm ki, dövlət başçısı kimi çox məşğul olmasına baxmayaraq, o, MDB işləri üzrə komitənin sədri kimi bir səviyyədə görüşmək imkanı tapır, çünki bu ölkələrimiz arasında dostluq və əməkdaşlıq xəttinin arxasında duran komitədir. Mən onun bu istedadına, dövlət məsələlərinin həllində müstəsna idarəçilik qabiliyyətinə əmin oldum.

İlham Əliyev gözəl ölkənin gözəl prezidentidir. Ona böyük hörmətlə yanaşmamaq olmaz.

Viktor Sadovniçiy, Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru:

- Ölkələrimiz - Rusiya və Azərbaycan arasında əməkdaşlıq üçün gördüyü işlərə görə Prezident İlham Heydəroviç Əliyevə təşəkkür edirəm. O, həqiqətən qlobal bir şəxsiyyətdir.

Moskva Universitetinə münasibətinə görə xüsusi təşəkkür edirəm. O, dəfələrlə universitetdə olub, Moskva Dövlət Universitetinin fəxri professorudur. Onun təşəbbüsü ilə Moskva Universitetinin Bakıda filialı yaradıldı.

İlham Heydəroviç görkəmli şəxsiyyətdir. Onunla elmi mövzularda danışmaq asandır. O, görkəmli siyasətçi və diplomatdır. Və ən əsası o, çox yaxşı insandır. İlham Heydəroviçin Rusiyaya, Moskva Universitetinə münasibəti yaxşıdır. İlham Heydəroviçin bu keyfiyyətləri onun şəxsiyyətini ən yüksək səviyyəyə qaldırır. Mən ona çox hörmət edirəm və ölkələrimiz üçün ümumi məsələlərdə onunla ünsiyyət qurmaq və əməkdaşlıq etmək şərəfinə nail olduğum üçün şadam.

İqor Korotçenko, nüfuzlu hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru:

- Görkəmli hərbi qələbələr qazanan siyasi liderlər tarixdə əbədi qalacaqlar. Eyni sözləri İlham Əliyev haqqında da demək olar. O, öz adını dünya tarixinə və Azərbaycan tarixinə ölkəsinin ərazi bütövlüyünü bərpa edən bir insan kimi yazdı.

Azərbaycan üçün 30 ilə yaxın davam edən işğala son qoyulması və onun ərazilərinə nəzarətin bərpası əlamətdar hadisədir. Qeyd etmək lazımdır ki, müasir dünyada müstəqil fəaliyyət göstərə bilən liderlər çox azdır. Vaşinqtondan, Parisdən və ya Londondan qışqırıq səsi gəldi və bu və ya digər liderlər sakitləşdilər və daha qəfil hərəkətlər etmirdilər. Putinə, Əliyevə edilən təzyiqləri xatırlayırıq. Qarabağ müharibəsi zamanı əks-hücum əməliyyatının dayandırılması tələbi ilə çağırışlar edilir, hədələr eşidilirdi. Bu işə yaramadı. Dünyada çox az ölkə və lider var ki, bu cür müstəqil siyasət apara, milli maraqların güdülməsi siyasəti apara bilsin.

Əlbəttə, İlham Əliyev yalnız bir səbəbdən bu cür davrana bilərdi - bütün əvvəlki illərdə Azərbaycan öz milli suverenliyini möhkəmləndirdi, Əliyev güclü şaxələndirilmiş iqtisadiyyat qurdu, o, güclü dövlət hakimiyyəti modelidir, milli ənənələr və milli prioritetləri dəqiq rəhbər tutan cəmiyyətdir. Son bir neçə ildə biz Azərbaycanın dövlət maşınının mexanizmində çox köklü yeniliklərin şahidi olduq, o zaman kifayət qədər gənc və fəal yeni praqmatik siyasətçilər gəldi. Korrupsiyaya qarşı çox ciddi mübarizə başladı, əlini xalqın cibinə soyan korrupsionerlər həbs olundu. Bu, Azərbaycanın iqtisadi və hərbi imkanları baxımından sabitliyə, üstəlik, millətin möhkəmlənməsinə nail olmağa imkan verdi. Müharibədə bu həm də çox vacib amildir- millətin lider ətrafında birləşməsi. Və belə bir konsolidasiya ona görə baş verdi ki, insanlar gördülər ki, ölkə rəhbərliyi dövlətin inkişafı, xalqın güzəranının yaxşılaşdırılması ilə məşğuldur. Və bu baxımdan dövlətin birinci şəxsinin xidmətləri müstəsnadır.

Müasir beynəlxalq siyasətdə şəxsiyyət amili üstünlük təşkil edir. İlham Əliyev Azərbaycanı təkcə regionda deyil, bütün Avrasiya məkanında siyasi və hərbi əlaqələrdə aparıcı dövlətlərdən birinə çevirdi.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru (1974-1984 )Nikolay Lebedev:

- İlham Əliyev hələ tələbəlik illərində ən yüksək keyfiyyətlər- insanpərvərlik, xeyirxahlıq, təvazökarlıq, istənilən məsələyə yanaşmada prinsiplərə bağlılıq ilə seçilirdi.

İndi onun namizədlik dissertasiyası üçün mövzu seçdiyi anı xatırlayıram. Mövzunu belə adlandırmışdı: “Böyük Britaniya Liberal Partiyası”. Bu mövzu mənə əhəmiyyətsiz və maraqsız göründü. Və mən bu mövzunun elmi tədqiqat üçün seçilməsinin düzgünlüyünə şübhələrimi bildirdim. İlhamdan mövzu seçiminə yenidən qayıtmağı xahiş etdim. O, öz mövqeyini müdafiə etdi və arqumentləri ilə məni inandırdı. Bu, onun böyük elmi potensialını göstərdi. Vəziyyətin inkişafına təsir edən bütün amilləri düzgün qiymətləndirməyi bilən bir insan.

Bizi xüsusilə indi heyrətləndirən Azərbaycanda ünsiyyətdə rus dilinin qorunub saxlanmasıdır, hansı ki, bu gün rus dilində məktəblərin sayı artmaqdadır. Bir çox tələbə Moskvaya oxumağa gedir. Bu yaxşı bir haldır.

Aleksandr Duqin, Beynəlxalq Avrasiya Hərəkatının lideri:

- İlham Əliyev Cənubi Qafqazın ən böyük siyasi xadimidir. O, qlobal və regional güclərin- Qərb, Rusiya, İran, Türkiyə- iştirak etdiyi ən çətin geosiyasi vəziyyətdə qalib gəldi. İlham Əliyev bu çox mürəkkəb modeldə qalib gəldi. O, AXC hakimiyyətinin itələdiyi uçuruma düşən Azərbaycanı ​​ xilas etmiş siyasətçinin xəttini davam etdirir. İlham Əliyev həm də gələcəyin prezidenti və siyasətçisidir. Çünki gələcək çoxqütblü dünyaya aiddir. Çoxqütblü dünyada həm Rusiya, həm də regional liderlərdən biri kimi Türkiyə daha böyük və daha böyük rol oynayacaqlar. Əliyevin Azərbaycanı regionun hər 3 əsas dövləti ilə əla münasibətlər qura bildi. Bu o deməkdir ki, Əliyev gələcəyə baxır, burada belə çətin geosiyasi vəziyyətdə Bakı birinciliyə məxsusdur. Bakı çoxqütblü dünyanın lideridir və bu dünyanın ədalətli, humanist, dürüst və qanuni olması üçün Azərbaycan Prezidentinin üzərinə böyük məsuliyyət düşür.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb.