Avropa Azərbaycanın yaratdıqları yeni reallıqları qəbul edir - MÜNASİBƏT BİLDİRİLDİ

23 Dekabr 2021 17:42 (UTC+04:00)

"Bildiyimiz kimi cənab Prezident İlham Əliyevin Brüssel səfəri əldə etdiyimiz növbəti diplomatik uğurumuz kimi qiymətləndirilməlidir. Brüssel görüşündə səslənmiş bəyanatlar, həmçinin cənab İlham Əliyevin keçirdiyi ikitərəfli və üçtərəfli görüşlər faktiki olaraq Azərbaycanın post-münaqişə dönəmində tutduğu mövqeyin düzgün olduğunu, Azərbaycanın mövqeyindən çəkinmədiyini və Azərbaycanın regionda uzunmüddətli sülhə nail olmaq üçün real addımlar atdığını bir daha sübut etdi. Bununla yanaşı cənab İlham Əliyev İtaliyanın “İl Sore 24 Ore” qəzetinə müsahibə verdi. Müsahibə zamanı bir çox suallara cavab verməklə bir çox məsələlərə aydınlıq gətirdi". Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, göründüyü kimi Avropada da, Cənubi Qafqazda da baş verən proseslər diqqətlə izlənilir: "Həmçinin Avropa enerji təhlükəsizliyində aktiv iştirak edən Azərbaycanın, xüsusilə də qaz ixracında sərgilədiyi mövqe hər kəsin diqqətindədir. Cənab Prezident açıq və aydın şəkildə Azərbaycanın mövqeyini bir daha burada sərgiləmiş oldu. Cənab Prezident müsahibə zamanı Azərbaycan qazının Rusiya qazına rəqib olmadığını və Azərbaycanın Avropa qaz nəql etməsinin Rusiya tərəfindən mənfi qarşılanmadığını, ümumiyyətlə bu məsələnin Azərbaycan-Rusiya münasibətlərində heç vaxt narahatçılıq doğurmadığını vurğuladı. Çünki Rusiyanın Avropaya nəql etdiyi qazın miqdarı ilə Azərbaycanın nəql etdiyi qazın miqdarı müqayisə edilməməlidir. Həmçinin Azərbaycan ilə Rusiya arasında çox yaxın qonşuluq münasibətləri var və Azərbaycan öz qazını Avropaya nəql etmək üçün müstəqildir. Azərbaycan bunu edərkən Rusiyaya rəqib kimi çıxış etmir. Həmçinin bildiyimiz kimi Azərbaycanın ümumiyyətlə nəql etdiyi qazın miqdarı maksimum dərəcədə 11 milyard kub metrə çata bilər".

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Azərbaycan qazı hazırda Yunanıstan, Bolqarıstan, İtaliya, Türkiyə və Gürcüstanda istifadə olunur: "Yaxın gələcəkdə tələbatın yaranacağı, yeni müqavilələrin olduğu təqdirdə Azərbaycan bu qazın Şərqi Avropada yayılması və istifadə edilməsi üçün sərmayə qoya bilər. Bu da Azərbaycanın Avropanın enerji təhlükəsizliyində daha aktiv iştirak etməsində maraqlı olduğunu ortaya qoyur. Bununla yanaşı regionda sülh olmayacağı təqdirdə beynəlxalq layihələrin reallaşması da çətinliklə qarşılaşa bilər. Bu baxımdan da Azərbaycan 30 ilə yaxın işğal altında olan torpaqlarını işğaldan azad edərək suverenliyini bərpa etdi. Hazırda Azərbaycan göründüyü kimi regionda kommunikasiyaların açılması və region dövlətlərinin aktiv iqtisadi əməkdaşlıqda iştirakını istəyir və bunun üçün real addımlar atır. Ermənistanın da bu reallıqları dərk etməsi, real addımlar atması lazımdır. Ermənistanın bütövlükdə bunları anlaması hiss olunur. Brüssel görüşündən sonra da xüsusilə dəmiryolu xətlərinin işə düşməsi ilə bağlı əldə edilmiş razılıq irəliyə doğru atılmış bir addımdır. Tezliklə avtomobil yollarının bərpası, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması mümkün olacaq. Bütün bunların fonunda həm Azərbaycan, həm də Ermənistan öz iqtisadi potensialını və gücünü artırmış olacaq. Ümumilikdə cənab Prezident İlham Əliyevin İtaliya qəzetinə verdiyi müsahibə zamanı səsləndirdiyi fikirlər bir daha onu deməyə imkan verir ki, Avropa Azərbaycanın yaratdıqları yeni reallıqları qəbul edir. Əldə olunmuş razılaşmalar və verilmiş bəyanatlarda istifadə olunan terminlər və sözlər faktiki olaraq Azərbaycanın mövqeyinə xidmət etməkdədir. Birbaşa olaraq cənab Prezident İlham Əliyevin siyasi və diplomatik bilikləri, düzgün gedişləri nəticəsində post-münaqişə dönəmində Azərbaycanın öz zəfərini və uğurunu davam etdirdiyi açıq-aydın görünür".

Arzu Qurbanzadə