Parisin təxribatı, RSK-nın "görməzliyi", İrəvanın həyasızlığı: Bakının səbri tükənir! SİYASİ RAKURS+AKTUAL

23 Dekabr 2021 16:40 (UTC+04:00)

Azərbaycanın siyasi diplomatik və hərbi arsenalında kifayət qədər imkan verən təzyiq mexanizmləri var və onların istifadəsi artıq labüdlüyə, zərurətə çevrilməyə başlayıb

Görünür, Ermənistan yavaş-yavaş Fransanın əyalətlərindən birinə çevrilmək üzrədir. Fransa prezidenti Emmanuel Makron Brüssel görüşündə Azərbaycanın dövlət başçısı və Ermənistanın baş naziri ilə görüşdükdən sonra özünün erməni maraqlarına sadiq qaldığını hər vəchlə sübuta yetirməyə çalışır, Fransanın prezidentliyinə namizədləri isə ard-arda Ermənistanı ziyarət edir, bu da azmış kimi onlardan biri Rusiya sülhməramlılarının burunlarının altından keçməklə hələ də Azərbaycanın suveren ərazilərində mövcud olan separatçı tör-töküntüləri ilə görüşlər keçirir, 44 günlük müharibə vaxtı gəbərdilmiş terrorçuların üzərində faşist svastikası vurulmuş gorlarını ziyarət edir, ərazi bütövlüyümüzə qarşı açıq-aşkar işğalçı mövqeyindən yanaşır.

Əslində onu da deyə bilərik ki, fransalı prezidentliyə namizədin və yanındakı bir neçə fransalı deputatlarının təxribatçı səfərlərini Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti (RSK), ya da Ermənistan rəhbərliyindən gizli şəkildə həyata keçirmələri mümkün deyil. Yəni kifayət qədər məlumdur ki, səfər öncəsi həm Ermənistan, həm də RSK məlumatlandırılmışdı. Hətta bu səfərin təşkilatçıları da İrəvan və RSK-dır desək yanılmarıq!

Ancaq buraya bir az da konspirologiya əlavə etsək həmin təxribatın həyata keççməsinin kökündə daha bir amil də dayana bilər - Putinlə Makronun telefon danışıqları. Məhz ondan sonra həmin səfərin reallaşdırılmasında mümkün təsirlərin ola biləcəyi qənaətinə gələ bilərik. Bu zaman sual yaranır, həmin təxribatın məqsədinin kökündə hansı maraqla dayanır?

Və bu gün Rusiya izah etməlidir ki, necə olur üçtərəfli bəyanatın 4-cü bəndinə əsasən Qarabağdan çıxarılmalı olan erməni silahlıları onların gözləri qarşısında səngərlər qazır, müdafiə istehkamları qururlar? Biz hələ Ermənistandan Qarabağa mülki geyimlərlə qanunsuz hərbi çağırışçıların daşınmaları faktlarını və s. sübutları dəlilləri önə sürmürük. Hansı belə dəlillər yüzlərlədir.

Elə isə mümkün ehtimallarımızı irəli sürək. Məlumdur ki, Zəngəzur dəhlizinin blokadadan çıxması və istifadəyə verilməsi yönündə Ermənistan uzun müddətdir ki, çək-çevir edir, üçtərəfli bəyanatda əks olunmayan əsassız tələblərini irəli sürür, keçid məntəqələri qurması ilə bağlı iddialar qaldırır və buna cavab olaraq Azərbaycan Prezidenti İlham Əliyev Laçın dəhlizində Azərbaycan buraxılış məntəqələrinin qurula biləcəyini istisna etmir. Bütün bunlardan sonra təxribatın hədəfi də məhz həmin istiqamətə doğru yönəlir: Laçın dəhlizinin girişində Azərbaycan postlarının qurulması ehtimallarını azaltmaq.

Başqa tərəfdən, Rusiya Laçın dəhlizindəki eksklüziv və müvəqqəti varlığınıı bacardığı qədər uzunmüddətli etməyə çalışır və yaxud istəyir. Bu mənada, öz siyasətini Qarabağa da transfer etmək istəyən, lakin bunu bacara bilməyən Fransa üçün ən azından Rusiyanın bölgədə qalması faktoru sərf edir, yəni bu iki ölkənin fikirləri müəyyən mənada üst-üstə düşür.

Məlumdur ki, Azərbaycan RSK-ya mandat verməyib, sadəcə başa çatmış münaqişənin tam olaraq aradan qaldırılması istiqamətində fəaliyyət göstərməsi, sənədlərin yoxlanması, humanitar məsələlərin həyata keçirilməsi üçün dəvət edib. Bu baxımdan, Rusiya RSK-nın mandat məsələsini aktuallaşdırmağa çalışır.

Ermənistan rəhbərliyi isə “status” məsələsi artıq cəhənnəmə göndərilib, bununla yanaşı ATƏT-in Minsk qrupunun da bölgədə hər hansı üstünlüyü mövcud deyil.

Ermənistan isə əlindəki son “şansını” istifadə etməklə heç olmasa Qarabağdakı ermənilərin “subyektliklərini” ictimai səviyyədə saxlamağa müvəffəq olmağa çalışır. Ancaq bununla yanaşı, İrəvan son həftələrdə əldə olunmuş ilkin razılaşmaları da pozma təhlükəsini ortaya atır.

Misal üçün, üçtrərəfli bəyanatda əks olunmayan tələblərini irəli sürməklə: Zəngəzurda postlar yerləşdirmək istəyən ermənilər unudurlar ki, Azərbaycan Prezidenti İlham Əliyev hər an Laçın dəhlizinin girşində (Zabux istiqamətində) heç bir bəndləri pozmadan və suveren hüquqlar əsasında sərhəd postlarının yerləşdirilməsi ilə bağlı qərar verə bilər. Buna isə daha bir səbəb var - Ermənistanın baş nazirinin müavinləri Azərbaycandan əvvəl Ermənistan üçün yolların açılmasını tələb ediblər. Mövcud təxribatlar isə erməni tərəfinə qarşı olan inamsızlıqları daha da artırmış olur.

Yeri gəlmişkən, artıq bəlli olub ki, yaxın günlərdə Rusiyanın təklifi ilə Moskvada MDB ölkələ rəhbərlərinin qeyri-formal sammiti keçiriləcək. Sammitdən öncəki təxribatlar isə istər Ermənistan, istərsə də RSK üçün heç də yaxşı nəticələr verə bilməz. Laçın dəhlizində postların qurulması isə artıq Azərbaycanın daxili xarakteri tələbinə çevrilməkdədir və eyni zamanda xüsusilə qeyd edə bilərik ki, Azərbaycan tərəfindən dəvət olunmuş RSK ötən müddət ərzində özünə qarşı inamsızlığın yaranması üçün əlindən gələn hər şeyi edib – Azərbaycan ictimaiyyətinin bu kontingentə olan münasibəti isə açıq-aşkardır, göz önündədir!

Məsələni daha dərindən təhlil etsək həm də belə nəticəyə gələ bilərik ki, bu ərəfələrdə, xüsusilə Fransanın prezidentliyə namizədinin RSK-nın burnunun altından keçməklə Qarabağın separatçıları ilə görüşməsindən sonra Bakının qəti və çevik, eyni zamanda sərt və əsaslı qərar verməsi mümkünlüyü gündəmdədir. İlk növbədə Fransa hökumətinə kəskin etiraz reaksiyasını gözləməyə dəyər. Dsaha sonra Ermənistanı dalana sıxşdırmaqla Fransanın maraqlarını heçə endirmək, ATƏT-in Minsk qrupunun yararsızlığını ifşa etmək üçün daha sərt fəaliyyət göstərmək, həmsədrləri asılı vəziyyətdə saxlamaq, müəmmalı İrəvan səfərləri ilə yadda qalan rus generalı Muradovu isə aut halına salmaq.

Lakin bütün bunlarla yanaşı Bakının daha sərt addımları da atıla bilər. RSK-nin məsul olduğu bölgələrdə separatçılara məxsus hərbi məqsədli nöqtələrə antiterror əməliyyatları ilə zərbə endirmək, Laşın və Kəlbəcərdə Türkiyə və Pakistanla planlaşdırılmış birgə hərbi təlimlər keçirmək, eləcə də PUA-lardan istifadə etmək. Bütün bunların fonunda isə əsas olaraq Qarabağda Rusiyanın, Fransanın və Ermənistanın neqativliklərinə təzyiq göstərmək və onların Azərbaycaba qarşı təxribatçı təzyiq planlarını məhv etmək daha yaxşı olardı. Bütövlükdə isə Azərbaycanın siyasi diplomatik və hərbi arsenalında kifayət qədər imkan verən təzyiq mexanizmləri var və onların istifadəsi artıq labüdlüyə, zərurətə çevrilməyə başlayıb.

Rövşən RƏSULOV