Stanislav Pritçin: “Azərbaycan Ermənistan və Rusiya arasında bağlayıcı faktor ola bilər” - MÜSAHİBƏ

23 Dekabr 2021 14:58 (UTC+04:00)

Rusiya Elmlər Akademiyasının Primakov adına Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər Milli Elmi-Tədqiqat İnstitutunun (IMEMO) baş elmi işçisi, tarix elmləri namizədi Stanislav Pritçin “Caliber” analitik mərkəzinə müsahibəsində Ermənistan-Azərbaycan-Rusiya münasibətləri haqda maraqlı fikirlər səsləndirib. Müsahibəni oxucularımıza təqdim edirik

- Cənubi Qafqazda yeni regional təhlükəsizlik sisteminin layihələndirilməsində əsas tərəfdaşlar kimi Rusiya və Azərbaycanın rolunu necə görürsünüz?

- Obyektiv desək, Rusiya və Azərbaycan kifayət qədər təsirli qarşılıqlı sərmayələr paketi ilə iqtisadi baxımdan Cənubi Qafqazda əsas tərəfdaşlardır. Bütövlükdə bu, Rusiya-Azərbaycan münasibətlərində mövcud olan strateji siyasi dialoqu vurğulayır. Bu baxımdan, İkinci Qarabağ Müharibəsinin nəticələrinə dair 10 noyabr 2020-ci il tarixli Bəyanatda əksini tapdığı kontekstdə yeni konfiqurasiya Rusiya-Azərbaycan əməkdaşlıq vektorunu əhatə edir və gücləndirir.

- Sizcə, Cənubi Qafqazda yeni reallıqlarda Avrasiyanın yeni nəqliyyat-arterial xəritəsinin formalaşmasında və Şimal-Cənub layihəsində əməkdaşlığın inkişafında Rusiya və Azərbaycanın maraqları nə dərəcədə yüksəkdir?

- Ümumiyyətlə, dəhlizlərin blokunun açılması bütün oyunçuların marağındadır və Azərbaycan öz əlverişli coğrafi mövqeyinə görə, logistika baxımından Ermənistanla Rusiya arasında mühüm halqaya çevrilə bilər. Bu gün Ermənistanla Rusiyanın dəmir yolu əlaqəsi yoxdur, çünki Gürcüstandan keçən dəmir yolu əlaqəsi belə yoxdur. Azərbaycan isə öz dəmir yolları ilə sülh prosesi yekunlaşdıqdan sonra qarşılıqlı fəaliyyət üçün tam hüquqlu nəqliyyat qovşağına çevrilə bilər.

Ümumiyyətlə, hər şey regionun iqtisadiyyatı üçün işləyir və Rusiya-Azərbaycan münasibətlərinə cavab verir. Sərhədlərin açılması və regionda yeni nəqliyyat xəritəsi logistikanı, regionun əlaqəsini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq və ticarət üçün imkanlar açacaq. Bu gün Şimal-Cənub layihəsinin dəmir yolu hissəsinin sonadək tamamlanmadığını nəzərə alsaq, müvafiq olaraq böyük həcmdə yüklərin daşınmasında çətinliklər yaranıb və indiki mərhələdə Zəngəzur dəhlizindən istifadə bu çətinlikləri aradan qaldıra bilər.

- Azərbaycan öz ərazilərini azad etdikdən sonra Bakı ilə Moskva arasında əməkdaşlıq üçün hansı yeni imkanlar açılıb?

- Son sammit görüşlərinin nəticələrinə əsasən, Rusiya digər dövlətlər, aparıcı oyunçularla yanaşı, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində köhnə infrastrukturun bərpasında, o cümlədən yeni iqtisadi layihələrdə fəal iştirak edir. Mən bildiyimə görə, Rusiya şirkətlərinin bir sıra investisiya layihələri nəzərdən keçirilir. Rusiyalı politoloq Aleksandr Karavayev maraqlı fikir səsləndirib ki, iqtisadiyyat və bir sıra layihələrin birgə işlənməsi Ermənistanı Azərbaycanla birləşdirən elementlərə və yüksəliş nöqtəsinə çevrilə bilər. Rusiyanın vasitəçilik rolunu nəzərə alaraq, birgə iqtisadi layihələrin həyata keçirilməsi tam hüquqlu münasibətlərin normallaşmasının mühüm aspektinə çevrilə bilər.

- Bu yaxınlarda yenidən Azərbaycanın Avropa İqtisadi İttifaqına müşahidəçi qismində qoşulmasından danışmağa başladılar. Bu perspektivi necə qiymətləndirirsiniz?

- Aİİ-nin strateji inkişafı baxımından Azərbaycan həm iqtisadiyyatın, həm də əhalinin sayına görə çox mühüm oyunçudur. Bu, satış bazarlarının genişləndirilməsi, ümumi ticarət məkanının genişləndirilməsi baxımından Aİİ üçün böyük irəliləyiş olardı. Bu arada sual yaranır ki, Azərbaycan hansı halda inteqrasiyaya getməyə hazırdır? Fakt budur ki, Aİİ-yə üzvlük Aİİ çərçivəsində qəbul edilmiş bütün sənədlər paketinin, standartların, müxtəlif növ normativ hüquqi aktların həyata keçirilməsini nəzərdə tutur. Həmçinin, ümumi standartlar bazarı yaratmaq üçün Bakı gömrük sistemini qismən yenidən qurmalı olacaq. Bu məsələdə Azərbaycan iqtisadi baxımdan nə qədər sərfəli olduğunu özü qərar verməlidir.

- Ermənistan Azərbaycanın Aİİ-yə müşahidəçi qismində daxil olmasına mane ola bilərmi?

- Aİİ çərçivəsində bütün məsələlərin kollektiv şəkildə həll olunduğunu nəzərə alsaq, təbii ki, Ermənistanın veto hüququ var. İndiki mərhələdə İrəvanın Bakının heç bir problem olmadan ittifaqa daxil olmasına imkan verəcəyini təsəvvür etmək çətindir, baxmayaraq ki, iqtisadi baxımdan bu, Ermənistan üçün çox ciddi kömək olardı. Əslində, Aİİ çərçivəsində malların sərbəst hərəkəti Ermənistan üçün tamamilə yeni reallıq yaradar, onu nəqliyyat, investisiya cəlbediciliyi baxımından tamamilə fərqli şəraitə gətirərdi, bu, onun iqtisadi inkişafı üçün böyük sıçrayış olardı. Lakin bu arqumentlərin Ermənistan rəhbərliyi üçün nə qədər önəmli olacağını zaman göstərəcək.

- Türkiyə Aİİ-də müşahidəçi statuslu üzv ola bilərmi? Və bu iqtisadi ittifaqın perspektivləri necədir?

- İran təcrübəsindən (azad ticarət zonası vasitəsilə, azad ticarət zonasının bəzi ayrı-ayrı seqmentlərinin yaradılması yolu ilə) gördüyümüz kimi, Türkiyənin Aİİ-yə daxil olması ehtimalı var.

Bir sıra əmtəə məhsulları üzrə, Aİİ-nin də İran nümunəsində olduğu kimi, belə təcrübəsi var. Türkiyənin kifayət qədər aktiv ixracatçı olduğunu nəzərə alsaq, məncə, Türkiyənin Aİİ ilə hansısa formal münasibətdə olması iqtisadi baxımdan sərfəli olardı. Bu, onun mallarının Aİİ bazarına ixracının genişlənməsinə kömək edərdi.

Amma yenə də belə məsələlər həmişə qarşılıqlı şəkildə həll olunur. Türkiyə ilk növbədə Aİİ ölkələrindən gətirilən bir sıra mallar üçün gömrük rüsumlarını azaltmalı olacaq. Həmişə kompromis mövqelər axtarışı var. Ümumiyyətlə, Aİİ üçün bu, böyük irəliləyiş, böyük genişlənmə və ümumi bazarlar olardı, postsovet məkanından kənara çıxan iqtisadi əməkdaşlığın tamamilə fərqli konfiqurasiyası yaradardı.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti çərçivəsində hazırlanıb.