Əl vurma, yandırar! KÖŞƏ

23 Dekabr 2021 10:45 (UTC+04:00)

Hər kəsə bəlli olan fakt ondan ibarətdir ki, hədəfi və məqsədi hüquqi, demokratik dövlət quruculuğu ilə irəliləmək olan ölkəmizdə yetişməkdə olan gənc nəslin vətənpərvərlik hisslərinə malik olması üçün onlarda bu məfhuma sevgi yaradılmalıdır. Təbii ki, bu diqqət, sevgi ilk öncə ailədən, daha sonra məktəbdən, sonrakı mərhələdə isə cəmiyyətdən formalaşır. Yunan filosofu Aristotel deyirdi: “Gənclərin yetişməsinə əhəmiyyət verin. Çünki bu yolda hər hansı bir məsuliyyətsizlik məmləkətin fundamentini məhv edər”.

Məlum faktdır ki, müasir dövrdə hər bir gəncin hansı xarakterə və düşüncəyə malik gənclə dostluq və yoldaşlıq etməsi əsas amillərdəndir. Yəni bir gənc bilikli, savadlı, cəmiyyətimizin inkişafına xeyir verməyi hədəfləyən gənclə dostluq etsə, təbii ki, həmin gənc də dostuna xas xusiyyət ortaya qoyacaq. Yanlış düşüncə daşıyıcısı olan gənclə yoldaşlıq etsə, həmin gəncin də sonu dostu kimi olacaq. Çin atalar sözüdür, “Dost seçərkən sizdən daha yaxşı olanı seçin. Dünyada çox tanışınız ola bilər, amma həqiqi dostlar çox azdır”.

Aparılan araşdırmalar və mütəxəssislərin gəldiyi qənaətə görə, yetişməkdə olan gənc nəsil qeyr-ənənəvi meyillərə, təsirlərə düşərsə, bu zaman gənclər cəmiyyətin istək və arzularına zidd yaşam tərzi seçmiş olurlar. Bu isə təhlükəlidir. Bundan ailə, həm də cəmiyyət zərər görmüş olar. Bu baxımdan yetişməkdə olan gənc nəsli adət-ənənələrə, milli dəyərlər, sədaqət ruhunda tərbiyə edilməsi üçün maarifləndirmə işi aparılmalıdır. Hesab edirəm ki, maarifləndirmə işi öncə ailədən başlamalıdır. Ailə hər bir gəncin formalaşmasında mühüm rol oynayır. Məsələ, azad yaşam, demokratik həyat, “qapını açdım, get necə istəyirsən, elə də yaşa” prinsipi üzərində qurulsa, o gənci sonu məlum olmayan qaranlıq tunelə göndərmiş oluruq. Unutmaq olmaz ki, Azərbaycan xalqının özünəməxsus adət-ənənələri mövcuddur. Məsələn, Azərbaycan dəyərlərinə görə, az qala valideynlər ömürlərinin sonuna qədər övladlarına uşaq kimi baxır, onların hər addımlarını izləyir, öyüd-nəsihətlərini əsirgəmirlər. Həyat sübut edir ki, valideyn nəzarətindən kənarda qalan əksər gənc cəmiyyət üçün yararlı vətəndaş ola bilmir. Bununla bağlı kifayət qədər sübutlar, misallar göstərmək olar, sadəcə, onu vurğulamaq lazımdır ki, gənclik gələcəyimiz olduğundan, gənclərlə ehtiyatlı davranılmalıdır. Gənclik bir növ yanan oddur, alovdur, qəzəbli şəkildə ona əl vursan yandırar. Lazımdır ki, ehtiyatla, həm də səbrlə gənci ailəyə bağlılığa, cəmiiyətimizin inkişafına töhfələr verməyə, vətənə, torpağa sevgini başa salıb, onu bu istiqamətdə tərbiyə edəsən.

Açıq şəkildə qeyd edilməlidir ki, dövlətimiz gənclərin təminatı, inkişafı ilə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirir. Azərbaycanda gənclərin bilikli, savadlı, sağlam, vətənpərvərlik ruhunda böyüməsi dövlət - gənclər siyasətinin ən mühüm istiqamətlərindəndir. Dövlət siyasəti gənclərin təhsil səviyyəsinin yüksəldilməsi, dünyagörüşünün, fiziki və mənəvi sağlamlığının möhkəmləndirilməsi üzərində qurulub. Azərbaycan barmaqla sayılan o dövlətlərdəndir ki, “Gənclər haqında qanun” qəbul edib. 2007-ci ildə ölkədə “Gənclər ili” elan olunub, 2008-ci ildə Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəxri sədrliyi ilə Gənclərin Məşğulluğu üzrə IV Dünya Sammiti, Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadası keçirilib. 2015-ci ildə Bakı şəhərində Avropa oyunları, daha sonra İslam Həmrəylik oyunları keçirilib, 2021-ci ilin dekabrın 17-də isə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ali təhsil alan tələbə-gənclərin aylıq təqaüdləri 50 faizə qədər artırılıb. Həyata keçirilən bu kimi işlər bir məqəsədə yönəlib- gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsi, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsi. Müsbət haldır ki, bütün bunların uğurlu nəticəsidir ki, ötən dövr ərzində gənclər siyasəti və gənclərlə iş sahəsində bir sıra mühüm naliyyətlər qazanılıb. 44 günlük Vətən müharibəsində Azərbaycan gənclərinin göstərdiyi şücaət, qəhramanlıq aparılan dövlət siyasətinin bəhrəsi hesab etmək olar. Eyni zamanda, bu gün gənclərimiz müxtəlif Avropa və dünya idman arenalarında Azərbaycan bayrağını ən yüksək zirvələrə qaldırıb, himnimizi səsləndirməyə nail olurlar. Gənclərimiz öz bilik və bacarıqları ilə beynəlxalq elmi olimpiadalarında, musiqi yarışmalarında millətimizə qürurverici anlar yaşadırlar. Bu gəncliyə əhsən və təşəkkürlər.

İ.ƏLİYEV