Otellərdə qiymətlər nə yerdədir? - DETALLAR REPORTAJDA

22 Dekabr 2021 17:40 (UTC+04:00)

Bir çoxlarımız həyatımız boyu müxtəlif otellərdə qalmalı oluruq və bu zaman təbii ki, bizi ilk növbədə otelin rahatlığı və səliqəliyi, həmçinin də qiymətləri də maraqlandırır.

Lakin bildiyimiz kimi hər bir otel özünəməxsus kriteriyaya və qiymətlərə malikdir. SİA olaraq Bakı şəhərində yerləşən otelləri araşdırdıq.

İlk öncə “JW Marriott Absheron Baku” otelinə yaxınlaşdıq.


Otelin PR meneceri Diana Skvortsova bildirib ki, “JW Marrior Absheron Baku” korporativ biznes otel olduğu üçün bayrama görə ailələr gəlmir: “Yalnız fərqli şirkətlərdən iş üçün və yaxud da hansısa bir tədbirə görə qonaqlar gəlir. Ona görə də bayramlarda, normal günlərdə otelimiz 100% dolu olmur. Qiymətlərlə bağlı saytımızda da ətraflı şəkildə təqdim etmişik. Əlbəttə ki, Yeni il bayramı ilə bağlı təkliflərimiz də mövcuddur”.

Qeyd edək ki, “JW Marriott Absheron Baku”da bir gecəlik qiymət 338 azn-dən başlayır. Ən bahalı otaq isə 1642 AZN-dir.

Daha sonra “Four Seasons Hotel Baku”ya yaxınlaşdıq.

“Four Seasons Hotel Baku”nun PR meneceri Nigar Məhərrəmovanın sözlərinə görə Yeni il bayramı ilə bağlı təkliflərimiz çoxdur: “Yeni il ərəfəsində oteldə bir nəfərlik şam yeməyi 85 azn, Yeni il gecəsi isə bir nəfər üçün şam yeməyi 190 azn-dən başlayır”.

Qeyd edək ki, “Four Seasons Hotel Baku”da bir gecəlik qonaqlama 832 AZN-dən başlayaraq 3145 AZN-dək davam edir.

Daha sonra isə “Hilton Baku”ya yaxınlaşdıq:

Bakının tam mərkəzində, Heydər Əliyev Beynəlxalq Hava Limanından 30 dəqiqəlik məsafədə yerləşən “Hilton Baku”da qiymətlər 386 AZN-dən başlayır, 991 AZN-dək davam edir. “Executive” otaq sifariş edərək, 17-ci mərtəbədə yerləşən Executive Lounge-dan istifadə edə bilərsiniz. Həmçinin, 18 konfrans və iclas otaqları, geniş banket zalı və tam təchiz edilmiş Biznes Mərkəzi də xidmətinizdədir.

Daha sonra isə “Safran” otelə yaxınlaşdıq.

“Safran” otelin meneceri İbrahim İbrahimli bildirdi ki, oteldə qiymətlər səhər yeməyi 40 AZN-dən başlayır və 50 AZN-dək davam edir:

“Pandemiya dövründə müştərilər azalıb. Demək olar ki, otaq rezerv edən yoxdur. Yeni il bayramı ilə bağlı heç bir rezervasiya olmadığı üçün oteldə vəziyyət çox acınacaqlıdır. Ona görə də Yeni il bayramı ilə bağlı heç bir kampaniyamız yoxdur”.

Gənclik ərazisində yerləşən “Raymont hotel”ə yaxınlaşaraq orada işləyən inzibatçı Davud Ağalarovun da fikirlərini öyrənməyə çalışdıq.

Onun sözlərinə görə, oteldə 26 otaq var: ”Müştəri səviyyəsi normaldır. Əsasən turistlər gəlir. Oteldəki otaqların qiyməti 40 AZN-dən başlayır, 100 AZN-dək davam edir. Yeni il bayramı ilə bağlı rezervasiya edən yoxdur. Ona görə də hər hansı bir şou proqram hazırlamamışıq”.

Mövzu ilə bağlı iqtisadçı Asif İbrahimovun fikirlərini öyrəndik: “İqtisadiyyatda tələb təklifi formalaşdırır deyə bir qanun var. Yeni il ərəfəsində xüsusi bayram tədbirlərində şou proqramları təşkil olunur. Yeni ili Azərbaycanda qeyd etmək istəyən turistlər xaricdən Azərbaycana gələcəklər. Ümumiyyətlə bayram ərəfələrində otellərdə yer məhdudluğunu müşahidə edirik. İnsanlar artıq ay yarım, iki ay öncədən otellərdə otaqları bron edirlər”.

Asif İbrahimov fikirlərinə davam edərək həmçinin qeyd edib ki, daha çox ərəb ölkələrindən gələn turistlər çox olur: "Təbii ki, qiymətlərdə hər il olduğu kimi bu ildə bayram ərəfəsində qiymətlərdə artım müşahidə olunacaq. Bu qiymət artımının səbəbi otellərə tələbin artması ilə əlaqədardır. Bunun Azərbaycan iqtisadiyyatına təbii ki, müsbət təsiri var. Eyni zamanda Azərbaycanın dövlət büdcəsinə daha çox vəsaitin daxil olmasına gətirib çıxardır”.

Arzu Qurbanzadə