Türkiyənin son döyüşü

22 Dekabr 2021 16:29 (UTC+04:00)

Elçin Bayramlı

Dünən Türkiyə maliyyə nazirinin TRT-də geniş müsahibəsinə baxdım. Nazir Qərbin Türkiyəyə qarşı apardığı maliyyə-iqtisadi terroruna qarşı dövlətin hazırladığı kompleks proqramın detallarını açıqladı. Deyə bilərəm ki, mükəmməl bir proqramdır. Dövlət sahibkarlara, şirkətlərə, banklara, vətəndaşlara çox böyük vergi və kredit güzəştləri tətbiq edir.

Döşəyin altında yatan valyutasını banka yatıranlara tam təminat verilir, o cümlədən qızılını dövlətə yatıranlara. Təxmini hesablamalara görə, ölkə üzrə evlərdə sandıqçalarda yatan qızılın ümumi dəyəri 280 milyard dollar məbləğindədir. Yüz milyardlarla dollar da “döşəyin altında” və bankların qapalı saxlanclarında yatır. Hələ xarici banklarda da çox böyük dollar saxlancı var.

Dövlət nə təklif edir? Deməli, vətəndaş dollarını qoyur banka, 3, 6 və 12 aylıq təminatla. İstədiyi vaxt pulunu geri çəkə bilər və pulu həmin günün məzənnəsi ilə hesablanacaq. Ödəmə tarixinin sonunda məzənnə faiz dərəcəsindən yuxarı qalxarsa, fərq müştərinin hesabına TL ilə yatırılacaq. Məzənnə fərqi olmasa, istehlakçı vəsaitdən yaranan faizini alacaq. Yəni, vətəndaş heç nə itirmir, dövlətə verdiyi dollar bahalaşsa belə qazanır.

Kiçik bir misalda baxaq- məsələn, bankda 10 min lirəsi olan bir vətəndaş 3 ayın sonunda 16 faizlə 394 lirə faiz gəliri qazanacaq. Dolların məzənnəsinin eyni dövrdə 40% artımla 10 lirədən 14 lirəyə yüksəldiyini fərz etsək, dövrün sonunda 40% artım nəzərə alınacaq. Bu halda 4 min lirə faiz olaraq hesaba əlavə olunacaq. 3 ayın sonunda vətəndaşın hesabı 10 mindən 14 min lirəyə yüksəlmiş olacaq. Yəni, vətəndaş 1 lirə də itirməyəcək, əskinə, qazanacaq.

Bu, çox mükəmməl bir addımdır. Dollarizasiya minimuma düşə bilər. Çox güclü effekt verə bilər. İndi sadəcə bir məsələ qalır. Ölkə rəhbərliyi xalqı öz dövlətinə güvənməyə çağırır. Türkiyə vətəndaşları heç olmasa bircə dəfə öz dövlətinə güvənsə dolların məzənnəsini uzağı 1 ayadək 1 lirəyə sala bilərlər. İndiyədək dəfələrlə öz "müttəfiqlərinin" belə maliyyə-iqtisadi terroru ilə üz-üzə qalan Türkiyədə əhali bunu etməyib deyə hər dəfə həm dövlət, həm vətəndaşlar ağır zərərə düşüb.

Qısası Türkiyə əhalisi ölkənin taleyi həll olunan həyati əhəmiyyətli bu problemə ağıllı və məsuliyyətli yanaşsa bu dəhşətli böhrandan çıxa biləcəklər, bunu edə bilməsələr, hər kəs "mən qazanım hamı zərər düşsün" deyə düşünsə, çox ağır vəziyyətə düşəcəklər. Dövlət öz borcundan artıqlaması ilə çıxdı, dünyada görünməmiş xilas proqramı hazırladı, əhaliyə və biznesə ən yüksək güzəştlər verdi, indi hər şey xalqdan asılıdır.

Ərdoğanın müraciətindən və maliyyə nazirinin çıxışından sonra proses başlayıb. Artıq bir gecədə vətəndaşlar tərəfindən təkcə İş Bankına 1,75 milyard dollar təhvil verilib. Nəticədə lirə 40 faiz dəyər qazandı. 1 dollar-14 lirədən 12 lirəyə düşdü.

15 ildir mübarizə aparılan Türkiyənin Amerika müstəmləkəçiliyindən qurtulması və tam müstəqil dövlətə çevrilməsi prosesində son nöqtə budur. İndiyədək Türkiyəyə qarşı bütün mümkün terror vasitələrindən istifadə ediblər- PKK terroru, siyasi təxribatlar, hərbi əməkdaşlığı pozmaq, etnik və dini zəmində qarşıdurmalar yaratmağa chdlər, qanlı dövlət çevrilişi cəhdi və s.- lakin alınmayıb. Son silahları budur- ölkəni maliyyə-iqtisadi cəhətdən çökdürmək və yenidən özlərinə tabe etdirmək. Bu kritik və son döyüşdə xalqla dövlət bir hədəfə vursa, qalib gələcəklər. Şübhə yoxdur ki, türk xalqı bu ağır sınaqdan üzüağ çıxacaq.

Allah köməkləri olsun.