Azərbaycanda Mövcud Ailə Münasibətləri mövzusunda konfrans keçirilib - FOTOLAR

22 Dekabr 2021 10:54 (UTC+04:00)

Azərbaycanda Mövcud Ailə Münasibətləri: “Sosial-Psixoloji Təhlil” ictimai rəy sorğusu və sosioloji tədqiqatın nəticələrinə dair konfrans baş tutub. SİA xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birlikdə fəaliyyətinin nəticəsi olaraq həyata keçirilən bu sosioloji layihəsi son illərdə Azərbaycan ailəsinin, ailədaxili münasibətlətin, ailə dəyərlərinin dinamikası və transformasiyasının qarşılıqlı təsir və əlaqədə araşdırılması, ailə məsələlərində ümumi mənzərənin sistemli təqdimi aspektində aparılan tədqiqatlar sırasında ilklərdən hesab edilə bilər.

Təqdim edilən analitik hesabatda ailənin sosialoji tədqiqi aspektində müasir yanaşmalar tətbiq olunmaqla Azərbaycan cəmiyyətində ailə institutu və ailə dəyərlərinin, ümumilikdə ailə sahəsində ictimai rəyin reallıqla bağlı təsəvvürlərinin, gözləntilərinin, ailənin inkişaf meyillərinin mövcud vəziyyəti və perspektivlərinin öyrənilməsinin nəticələrənin əksini tapmışdır.

Tədqiqatda ailənin Azərbaycan dövlətçiliyi və sosial sistemində yeri və statusu, ailədaxili münasibətlərin transformasiyası və dinamikası, tendensiyaları və perspektivləri, cəmiyyətimizdə baş verən proseslərlə qarşılıqlı əlaqəsinə ictimai rəyin münasibəti araşdırılır. Nəsillərarası dəyərlər sistemində baş verən proseslərə müxtəlif baxışlar dəyərləndirilir.

Ölkəmizdə ailələrin üzləşdiyi problemlər, onun səbəbləri, aradan qaldırılması yolları ətrafında respondentlərin cavablarının statistik-kəmiyyət, eləcə də keyfiyyət əsaslı təhlili aparılmaqla nəticələr ümumiləşdirilir. Hazırda ailə-daxili münasibətlərin çoxşaxəli-sosial-iqtisadi, sosial-məişət, sosial-psixaloji, mədəni-mənəvi və s. Kompleks amillərin təsirinə məruz qalması, mövcud vəziyyətdə müasir ailənin dayanıqlığının möhkəmləndirilməsi yönündə dövlətin ailə siyasətinin cari və perspektiv vəzifələri ilə bağlı tədqiqatın qənaətləri təqdim edilir.

Konfransda Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin Komitə sədri Zahid Oruc, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov, Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov və Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü, professor Tahirə Allahyarova çıxış ediblər.