""Media haqqında" qanun layihəsi medianın inkişaf proseslərini və hərəkətini tənzimləyəcək. Onun fəaliyyətinin hüquqi çərçivələrini daha da konkretləşdirmək və dərinləşdirmək baxımından yeni qanun maraqlıdır. Eyni zamanda medianın praktik fəaliyyət müstəvisində meydana çıxan problemlərin, təzahürlərin idarə edilməsi, neqativ təsəvvürlərin qarşısının alınması və pozitivlərin isə idarə edilərək daha da gücləndirilməsində media haqqında qanun öz təsirini göstərəcək". Bu sözləri SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin Baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, yeni qanun media sektoruna aid olan bir sıra kateqoriyaların, terminlərin dəqiqləşdirilməsi baxımından əhəmiyyətlidir: "Çünki indiyə qədər medianın özünün nə olduğu, jurnalistin kim olduğu, kimə jurnalist deməyin mümkün olub-olmadığı ilə bağlı suallar meydana çıxır. Həmin bu sualları tənzimləməkdə köhnə qanun gücsüz idi. Amma yeni qəbul olunmuş qanun informasiyanın, medianın mahiyyətini müəyyənləşdirilməkdə, redaksiyaların və jurnalistlərin hüquqi, sosial portretinin dəqiq çərçivəsini tapmaqda yardımçı olacaq. Bundan başqa media orqanlarının vahid təsnifatının aparılması və dəqiq şəkildə müəyyənləşdirilməsi yeni qanunun üstünlüklərindən biridir. Artıq biz media orqanı olaraq, çap medianı, onlayn medianı və audiovizual medianı bir-birindən aydın şəkildə fərqləndirə biləcəyik".
Aydın Quliyev sözlərinə davam edərək həmçinin qeyd edib ki, yeni media qanunu jurnalistlərə dövlətin dəstəyini, himayəsini, eləcə də media orqanları ilə, jurnalistlər ilə cəmiyyətin münasibətlərinin daha da dəqiqləşdirilməsinə hüquqi cəhətdən əsaslandırılmasına və media orqanlarına dövlətin dəstəyinin daha geniş təmin olunmasına lazım olan imkanları açır: "Əlbəttə qanunun nə qədər gözəl yazılmasından asılı olmayaraq onun tətbiq olunması və icrası əsasdır. Bu nöqteyi-nəzərdən nəzərə alsaq ki, yeni media qanunun hazırlanmasında media agentliyi daha aktiv və üstün rol oynayıb. Eləcə də onun gələcəkdə icrasına da əsas məsuliyyət daşıyan subyekt MEDİA agentliyi daha aktiv və üstün rol oynayıb və eləcə də onun gələcəkdə icrasına da əsas məsuliyyət daşıyan subyekt MEDİA agentliyi olacaq. Belə olduqda qətiyyətlə demək mümkündür ki, yeni qanunda əks olunan bir sıra prinsipial müddəaları ümumiyyətlə yeni qanunun konsepsiyasının və praktikasının həyata keçirilməsində biz maneçilik görməyəcəyik. Demək olar ki, bu qanun uzun bir dövr medianın inkişaf proseslərini tənzimləyə biləcək. Çox yaxşı bir haldır ki, ilk dəfə olaraq ölkəmizdə media reyestri tətbiq olunacaq. Media reyestri və vahid jurnalist kartları bizim jurnalist və media praktikamızda yenilikdir. Yeni qanun jurnalistlərin sosial müdafiəsi, media orqanlarının iqtisadi müstəqilliyinin artırılması və iqtisadi fəaliyyət dairəsinin genişləndirilməsi istiqamətində də yollar açır. Bir sözlə yeni media qanunu təkcə adı ilə, məzmunu ilə yeni deyil, eyni zamanda medianın və onun bütün seqmentlərin fəaliyyətini daha geniş miqyasda tənzimləməkdə və inkişaf şəraiti açmaqda əvvəlki qanundan çox fərqlənir".
Arzu Qurbanzadə