Dövlət uşaq bağçaları niyə Təhsil Nazirliyinin tabeliyinə verildi? - SORĞU

21 Dekabr 2021 13:48 (UTC+04:00)

"Hesab edirəm ki, bu qərarın qəbul edilməsi ümumilikdə təhsilin idarə edilməsinə, çevik qərarların qəbul edilməsinə və proseslərə adekvat reaksiya verilməsinə öz müsbət təsirini göstərəcək". Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, proseslərin təsiri bir çox sahələr və şöbələr üzrə idarəetmənin effektiv olmadığını göstərir: "Yəni, əvvəlki dövrdə biz görmüşdük ki, Mədəniyyət Nazirliyinin bölgələr üzrə şöbələri yaradıldı. Bu gün də artıq təhsil üzrə idarələrin yaradıldığını müşahidə edirik".

Deputat sözlərinə belə davam edib: "Hesab edirəm ki, bu bizim ümumi təhsilimizin inkişafına öz töhfəsini verə bilər. Yəni, bu həm də müəyyən mənada dövlət büdcəsinin qənaətinə, daha effektiv idarəetmənin həyata keçirilməsinə öz müsbət təsirini göstərəcək. Bağçaların da Təhsil Nazirliyinin nəzarətində olması daha effektiv ola bilər. Bildiyimiz kimi, bağçaların fəaliyyəti həm də təlim-tərbiyə prosesi deməkdir. Bu baxımdan da bu qərar bağçalara da öz müsbət təsirini göstərəcək".

Məsələ ilə bağlı təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi də öz fikirlərini qeyd edib: "Başlıca olaraq onu qeyd edə bilərik ki, təhsil şöbələrinin ləğv olunması və regional təhsil idarələrinin yaradılması ilk növbədə yəni, biz bunun başlanğıc mövqeyini götürsək korrupsiya, rüşvət hallarının qarşısının alınmağa hesablanmış bir addım ola bilər və belə də olacaq. Çünki, əvvəl təhsil şöbələrində təəssüflər olsun ki, məktəblərə müəyyən müdaxilələr olurdu. Eyni zamanda müvafiq olaraq müəllimlərin işlə təmin olunmasında və s. kimi məsələlərdə biz korrupsiya faktlarının daha çox təhsil şöbələrindən gəldiyini müşahidə edirdik və şahidi olurduq.

Qaldı ki, uşaq bağçalarının Təhsil Nazirliyinə verilməsinə yəni, uşaq bağçaları 10 il bundan əvvəl də Təhsil Nazirliyinin tabeçiliyində idi. Sadəcə müəyyən məsələlərdən dolayı İcra Hakimiyyətinin tabeliyinə verildi. Hansı ki, həmin İcra Hakimiyyətlərinin strukturuna daxil olan bağçaların demək olar ki, fəaliyyət göstərmədiyinin şahidi olduq və eyni zamanda burada korrupsiyalar, rüşvətin şahidi olduq, məktəbəqədər hazırlıqda, bağçalarda təhsil alan şagirdlərin qidalarına belə əl uzadanlar oldu, tanışlıq vasitəsilə bağça müdiri vəzifəsini icra edən şəxslər, müəyyən rüşvət qarşılığında ora müəllim kimi fəaliyyətə başlamasına imkan verən şəxslər və s. Bu kimi amilləri biz müşahidə etdik və bunun da nəticəsi olaraq hər il demək olar ki, bağçalardan şikayətlər daxil olurdu.

Düşünürəm indi Təhsil Nazirliyinin tabeliyinə verilməsi artıq bu sahədə şəffaflığın qorunub saxlanılmasına xidmət edə bilər və tədricən bağçaların yeni müasir standartlarda fəaliyyət göstərməsinə, eyni zamanda yeni təhsil sisteminin bərqərar olmasına, korrupsiya və rüşvət hallarının qarşısının alınmasına xidmət etmiş ola bilər".

Ayşən Vəli