Bütün hallarda dövlət orta məktəblərində pul yığıla bilməz - EKSPERT AÇIQLADI

21 Dekabr 2021 11:56 (UTC+04:00)

"Bir ara fasilədən sonra bir məktəb direktorunun valideynlərdən pul yığmağı tələb etdiyi səs yazısının ictimailəşməsi ilə bağlı məsələ yenidən gündəmə gəlib. Məktəblərdə valideynlərdən müxtəlif adlarla və istənilən məqsəd üçün pul yığmaq birmənalı şəkildə yolverilməzdir. Lakin bu heç də o anlama gəlmir ki, hansısa valideyn könüllü surətdə məktəbə maddi cəhətdən dəstək vermək fikrinə düşübsə bu reaksiya ilə qarşılansın və ya hansısa məktəbdə hansısa direktor və ya müəllim tərəfindən pul yığılıbsa, bunu şouya çevirib bütün məktəblər haqqında ümumi rəy yaradasan". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Nadir İsrafilov bildirib.

Onun sözlərinə görə, dünyanın əksər inkişaf etmiş ölkələrində, sivil cəmiyyətlərdə valideynlər məktəbə könüllü olaraq, heç bir təzyiq olmadan maddi dəstək göstərir: "Onlar təhsil ocaqlarında təlim-tərbiyə işinin mükəmməl şəkildə qurulmasına, maddi-texniki bazanın daha da güclənməsinə öz töhfələrini verir. Çünki onlar üçün məktəb bir məbəd hesab olunur. Düşünürlər ki, məktəb onların övladlarını yetişdirir, təhsil verir. Bu baxımdan da məktəb üçün fədakarlıq etməyə könüldən can atırlar.

Axı, bizim təhsil sahəsində toplanmış ən böyük təcrübələrdən biri də məhz məktəb-ailə-cəmiyyət əməkdaşlığının səmərəli təşkili olunmasıdır. Bir vaxtlar bununla bağlı xeyli sayda tədqiqat işləri aparılıb, dissertasiyalar yazılıb, "təhsil təkcə ümumdövlət işi deyil, həm də ümumxalq işidir, ümummilli məsələdir” kimi şüarlar irəli sürülüb.

O qədər də uzaq olmayan keçmişdə kollegial idarəetmə orqanı olan, pedaqoji kollektivə ümumtəhsil prosesinin, təhsil alanların dərsdənkənar vaxtının, sosial müdafiəsinin təşkilində köməklik göstərmək məqsədilə yaradılan ictimai xarakterli Valideyn komitələri məktəb rəhbərliyi, pedaqoji şura, ictimai təşkilatlarla, mövcud qanunvericilik çərçivəsində sıx əlaqədə işləyirdi. Məktəb nizamnaməsi və Valideyn komitəsi barədə Əsasnaməyə uyğun olaraq öz işini qurur, uşaqların tərbiyəsində vahid tələbləri müəyyən etmək və onun səmərəliliyini artırmaq məqsədilə ailənin, məktəbin və ictimaiyyətin əlaqələrini möhkəmləndirməyə yardımçı olurdu. Ümumi məktəb valideyn komitəsi ilə yanaşı hər sinif valideyn komitələri də fəaliyyət göstərirdi. Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilən “Ümumtəhsil məktəbinin valideyn komitəsi barədə Əsasnamə”də Valideyn komitəsinin işinin məzmunu və vəzifələri, Valideyn Komitəsinin işinin təşkili, Valideyn Komitəsinin hüquqları və digər məsələlər öz əksini tapıb.

Ancaq, indi bir çoxları nədənsə valideyn-müəllim-şagird münasibətlərinə köhnəlmiş sovet düşüncəsi kimi baxılır. Bəlkə də, yüksək texnologiyaların insanlararası canlı ünsiyyəti üstələməsi, virtuallıq buna şərait yaradır. Adicə, məktəblərə qəbul belə onlayn sistemlə həyata keçir. Ona görə də valideynlə müəllim arasında sanki müəyyən uçurum yaranıb. .

"Məktəb üçbucağı”- məktəb, ailə və cəmiyyət anlayışı pedaqoji ədəbiyyatda və kütləvi mətbuatda ən çox işlənən ifadələrdən biri idi. Hamı dərk edirdi ki,bu üçbucağın bütün mexanizmləri işlək vəziyyətə gətiriləndə məktəb həyatı da saat mexanizmi kimi işləyir, təlim-tərbiyədə, şagirdlərin hərtərəfli inkişafında uğurlara və nailiyyətlərə gətirib çıxarır. Hansı tərəfdəsə ciddi çatışmazlıq olarsa, onda həm cəmiyyət, həm ailə, həm də məktəb problemlər qarşısında qalır, arzuolunmaz nəticələrə gətirib çıxarır. Axı, insanı yetişdirən, formalaşdıran ilk ocaq sayılan ailədən sonra məktəb və pedaqoji mühitdir və burada hər şey düzgün idarəçilikdən asılıdır. Heç də əbəs yerə deyil ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da qeyd edildiyi kimi, təhsilin keyfiyyətinin dayanıqlı yüksəlişində maraqlı tərəflərin cəlb olunmasını təmin edən səmərəli idarəetmə mühüm rol oynayır".

Nadir İsrafilov həmçinin qeyd edib ki, görünür bir ara bu vacib münasibətlərin məqsəd və məzmununu düzgün başa düşmədik, effektiv icra mexanizmini tapa bilmədik, bir çox hallarda isə bu kimi münasibətlərdə sui-istifadə hallarına yol verdik. Yoxsa nə oldu ki, bir ara birdən-birə cəmiyyətimizdə məktəbə edilən maddi dəstək müzakirə mövzusu oldu, "fond pulu”, "süpürgə pulu”, "kağız pulu”, "KSQ, BSQ pulu”, "printer üçün katric pulu” və s. bu kimi yeni anlayışlar dövriyyəyə buraxıldı, məktəbin korrupsiyaya bulaşması haqqında fikirlər səsləndirildı, ayrı-ayrı müəllimlərə, məktəb rəhbərlərinə qarşı ittihamlar irəli sürüldü.

Bir vacib məqamı nəzərdən qaçırdıq ki, bütün hallarda dövlət orta məktəblərində pul yığıla bilməz. Valideynin təhsilin idarəolunmasinda iştirakı və töhfəsi məsələləri Təhsil haqqında qanunun və Təhsilin inkişafı strategiyasının müvafiq bəndləri ilə tənzimlənir. Valideyn məktəbə istər təşkilati, istər maddi və digər dəstəyi yalnız qanunvericilik çərçivəsində həyata keçirə bilər və dünya praktikasında da bu mövcuddur. "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən "Ümumtəhsil məktəbi qanunvericiliklə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərə ödənişli müxtəlif təhsil xidmətləri göstərmək, fiziki və hüquqi şəxslərdən ianələr və könüllü yardımlar almaq hüququna malikdir”.

Bu baxımdan onu da xüsusi olaraq vurğulamaq yerinə düşər ki, valideynlər məktəbə maddi dəstək göstərəndə bilməlidirlər ki, həmin pullar hara xərclənir. Əgər valideyn hiss etsə ki, onun maddi və mənəvi dəstəyi həqiqətən də onun övladının təhsil aldığı məktəbin ehtiyaclarına sərf olunur, o bundan məmnun qalacaq və məktəbin ab-havasına daha fəal qoşulacaq. Belə məktəblərimiz və valideynlərimiz o qədər də az deyil. Müasir kurikulumun tələbləri və xüsusilə də üzləşdiyimiz pandemiya şəraiti bizi məktəb-valideyn münasibətlərini yeni müstəviyə qaldırılması zərurəti ilə üz-üzə qoyub. Maraqlı olan əsas tərəflərdən biri kimi valideynlər təhsil prosesinin fəal iştirakçısına çevrilməklə məktəbin təhsil mühitinə demokratik, aşkarlıq və şəffaflıq ab-havası gətirirlər, şagird-müəllim-valideyn əlaqələrinin mərkəzində dayanaraq məktəbin məhsuldar fəaliyyətini tənzimləyirlər.

Bir çox milli və bəşəri dəyər və ənənələrimizə diqqət və sayğı göstərdiyimiz kimi, ciddi səylər və böyük zəhmət hesabına əldə etdiyimiz təhsil dəyərlərimizi və ənənələrimizi də qoruyub saxlamalı, bu şərəfli və məsuliyyətli missiyada əlimizdən gələni əsirgəməməliyik. Məktəblərdə yaradılan assosasiya, komitə, icma olmasından asılı olmayaraq bunun bir adı, bir məramı, bir məqsədi var – məktəb müqəddəs məbədgah kimi öz nüfuzunu qorumalıdır".